Əlaqə Arxiv
news Image
2020.05.22
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
EDV-nin geri alınması kampaniyası nağdsız ödənişləri stimullaşdırır

Şəffaflıq və hesabatlılığın təmin edilməsi hazırkı dönəmdə özəl sektorun inkişafının vacib meyarı kimi çıxış edir. Bu baxımdan ölkədə nağdsız ödəniş sisteminin müsirləşdirilməsi maliyyə-bank sisteminin inkişafı ilə yanaşı, cəmiyyətdə şəffaf maliyyə mexanizmlərinin tətbiqi, vergi bazasının genişlənməsi baxımından vacibdir.

Son illər Azərbaycanda qeyri-nəğd ödənişlərin artması aidiyyəti dövlət strukturlarının, ilk növbədə, Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, İqtisadi İnkişaf Nazirliyinin bu sahədə həyata keçirdiyi tədbirlərin, eləcə də maarifləndirmə-təşviqat işinin uğurlu nəticəsidir. Ticarət, xidmət və ictimai iaşə obyektlərində POS-terminalların quraşdırılmasının təmin edilməsi ilə ölkədə fəaliyyət göstərən banklarla birlikdə texniki, eyni zamanda, məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir. Qarşıda duran əsas vəzifələrdən biri nağdsiz ödənişlərin stimullaşdırılması, həmçinin vergi, rüsum, icarə haqqı və digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdan kənar nəğd qaydada aparılmasının minumuma endirilməsi istiqamətində işlərin genişləndirilməsidir.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2012-ci il oktyabrın 4-də təsdiq etdiyi «Azərbaycan ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları»nda ölkədə POS-terminalların quraşdırılması prosesi 2015-ci ilin sonunadək əsasən başa çatdırılıb. Qaydalara edilmiş əlavələrə görə, Bakıda, Gəncədə və Sumqayıtda bu proses 2012-ci ildə, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad rayonlarında və şəhərlərində (kənd və qəsəbələr istisna olmaqla) - 2013-cü ildə, digər rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2014-cü ildə başa çatdırılıb. Sənədə əsasən, ölkənin bütün kənd və qəsəbələrində 100 minə yaxın POS-terminallar quraşdırılıb.

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanunu ölkədə nağdsız ödəniş sisiteminin genişləndirilməsi üçün geniş imkanlar açıb. Nağdsız hesablaşmaların hüquqi və iqtisadi əsaslarını müəyyən edən qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.

2017-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliklər sahibkarlar üçün yeni tələblər yaradıb. Ölkəmizdə nağd ödəmələrə məhdudiyyətlərin müəyyən edilməsi zərurəti çoxdan müzakirə edilsə də, yalnız həmin ildən real çərçivələrə salınıb. Qanuna əsasən, nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Qanun təsdiq edilməmişdən əvvəl vergi ödəyicisi ay ərzində heç bir məhdudiyyət qoyulmadan istənilən məbləğdə nağd qaydada hesablaşmalar üzrə ödənişlər apara bilirdisə, yeni

tətbiq edilən Qanuna əsasən vergi ödəyicilərinin statusundan asılı olaraq təqvim ayı ərzində ümumi məbləği aşağıda qeyd edilən məbləğdən artıq olan hesablaşmalar üzrə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi müəyyən edilib: ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergiödəyicilər 30.000 manatdan; digər vergi ödəyiciləri 15.000 manatdan.

Bunlarla yanaşı, qanunda aşağıdakı hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə dair tələblər müəyyən edilib: inzibati cərimələr, maliyyə sanksiyaları, vergilər, gömrük rüsumları və yığımları, faizlər; lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi, sığorta ödənişləri; dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar; stasionar telefon xidmətləri və kommunal xərclər; vergi ödəyicilərinə faizsiz pul vəsaitlərinin və digər ayırmaların ödənilməsi və qaytarılması; dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi); təhsil haqlarının ödənilməsi; turagentlərə ödənişlər.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası” bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu məqsədlə yaradılmış “edvgerial.az” saytında vurğulanır ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydasını tənzimləyir. ƏDV-nin istehlakçıya qaytarılması bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir. İstehlakçı əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV bu Qaydaya əsasən yalnız həmin şəxslərin milli valyutada bank kartı (və ya hesabı) olduqda qaytarılır.

İstehlakçının bu qayda ilə yanaşı, 2016-cı il 12 iyul tarixli fərmanla təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın və 2017-ci il 20 fevral tarixli fərmanla təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın tələbləri çərçivəsində ƏDV-nin qaytarılmasını tələb etmək hüququ yarandıqda, istehlakçı, seçiminə uyğun olaraq sözügedən qaydalardan yalnız birinə əsasən, ödənilmiş ƏDV-nin qaytarılmasını tələb edə bilər.

Alınmış mallara görə ödənilmiş ƏDV-ni istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 (otuz) gün müddətində müvəkkil bank qaytarır. İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Satıcı mal alışına dair məlumatları Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatına daxil edərək, istehlakçıya nəzarət-kassa aparatı çeki təqdim etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə

ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya nəzarət-kassa aparatı çeki ilə yanaşı, POS-terminaldan çıxarış da verilməlidir.

İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 (doxsan) gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil edir. Ödənilmiş ƏDV-nin bu Qaydanın 5.6-cı bəndi ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Portala daxil olan müraciət “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları nəzərə alınaraq, çekin çap olunduğu tarixdən 14 (on dörd) gün sonra aktivləşir. İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Bu Qaydanın 5.3-cü bəndi nəzərə alınmaqla, qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 (beş) gün müddətində müvəkkil banka ötürülür.

Müvəkkil bank 10 (on) gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.

Dövlət Vergi Xidməti hər ay qaytarılan məbləğlə bağlı növbəti ayın 10-dan gec olmayaraq müvəkkil bankla üzləşmə aparır və tərəflər arasında üzləşmə aktı imzalanır. Dövlət Vergi Xidməti bu Qaydanın 5.8-ci bəndində nəzərdə tutulan məbləğə dair rəyini ƏDV məbləğinin müvəkkil banka qaytarılması üçün üzləşmə aktı imzalandıqdan sonra 5 (beş) iş günü müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

 

S.Elmanoğlu

Sizin Reklam Yeriniz