Əlaqə Arxiv
news Image
2013.07.24
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionlarda yol infrastrukturu müasir tələblərə uyğunlaşdırılır

Regionların inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin əsas məqsədlərindən biri də burada əlverişli infrastrukturun formalaşdırılmasıdır. Qeyd edilən istiqamətdə atılan addımlar bu sahədə artıq ölkənin ən müxtəlif bölgələrində əlverişli vəziyyətin yaranmasına səbəb olub. Hazırda regionlarda infrastrukturun modernləşməsi və yenilərinin yaradılması prosesi uğurla davam edir və bunun ən bariz nümunəsi qismində Azərbaycan bölgələrində çəkilən, müasir standartlara uyğunlaşdırılan yolları göstərmək olar.

Ümumiyyətlə, birmənalı həqiqətdir ki, ölkəmizdə müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması yüksək keyfiyyətli nəqliyyat şəbəkəsi və xidmətləri vasitəsilə nəqliyyat ehtiyaclarına sürətlə artmaqda olan tələbatın təmin edilməsinə, əlverişli coğrafi mövqeyi baxımından ölkəmizin geniş tranzit imkanlarından tam istifadəyə xüsusi diqqət yterilir. Bir məqamı qeyd edək ki, 2013-cü ilin 6 ayı ərzində nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların həcmi 923 milyon manat təşkil edib. Özü də bu proses müxtəlfi nəqliyyat növlərinin istifadəsi prosesini həyata keçir. Bel ənəqliyyat növlərinin keçdiy ərazilərin əksər hissəsi də məhz regionların payına düşür. Məsələn, məlumdur ki, hazırda, Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi idarəetmə sisteminin yaradılması işləri həyata keçirilir. Cari ilin 6 ayı ərzində dəmir yolunun 82 kilometrik hissəsi yenidən qurulub. Bunun da bir hissəsmi regionların payına düşür. Avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, avtonəqliyyat vasitələri parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər davam etdirilir. Gəncə, Daşkəsən və Horadiz avtovağzallarının tikintisi davam etdirilir. Ölkədə 6 ay ərzində 430 kilometr respublika və yerli əhəmiyyətli yollar təmir olunub, 6 körpü inşa və təmir edilib.

Nəqliyyat naziri Ziya Məmmədov bildirir ki, hesabat dövründə Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu avtomobil yollarının yenidən qurulması, Qəbələ-Oğuz, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri, həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Xocasən-Lökbatan, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarında yenidənqurma və əsaslı təmir işləri aparılıb. Beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan, Salyan-Şorsulu və Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax, Tağıyev-Sahil, Hacıqabul-Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul-Kürdəmir, Kürdəmir-Yevlax, Yevlax-Gəncə və Bakı-Şamaxı avtomobil yollarının 4 zolağadək genişləndirilməsi işləri davam etdirilib.

Bu il "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi" üzrə tədbirlər planının və nəqliyyat məsələlərinin əhatə olunduğu digər proqramların icra müddəti başa çatır və növbəti illər üçün təkliflər hazırlanır. Bu proqramların icrası ilə əlaqədar, son 5 il ərzində görülmüş işlər də uğurlu nəticələrdən xəbər verir. Bu dövr ərzində bütün nəqliyyat növləri ilə 688 milyon ton yük, 7,1 milyard nəfər sərnişin daşınıb. Yük və sərnişin daşımalarında orta illik artım tempi müvafiq olaraq 5,1 və 7,1 faiz təşkil edib. Nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların ümumi həcmi 7,3 milyard manat təşkil edərək, əvvəlki 5 illik dövrlə müqayisədə 10 dəfə artıb.

Dayanıqlı nəqliyyat sisteminin qurulması üçün müasir infrastrukturun olması əsas şərtdir. Məlumdur ki, nəqliyyat infrastrukturu sadəcə yol, müəssisə, qurğu, konstruksiyalar deyil, bu, ilk növbədə daşımaları, yeni iş və xidmətlərə çıxışı təmin edən əsas vasitə, ticarət və iqtisadi inkişafa təkan verən milli iqtisadiyyatın təməllərindəndir. Bununla əlaqədar olaraq, sahələr üzrə infrastruktur layihələri uğurla həyata keçirilir.

Dəmir yolu nəqliyyatı sisteminin inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq, Qədim İpək Yolu üzərində dəmir yolu infrastrukturunun yenidən qurulması işlərinə başlanılmışdır və iş hazırda da davam etdirilir. Layihə üzrə yolun artıq 209 kilometr hissəsi yenidən qurulmuşdur. Layihə başa çatdıqdan sonra dəmir yolunun bu dəhlizlə buraxılış qabiliyyətinin ildə 30 milyon tondan 50 milyon tona, hərəkət sürətinin saatda 140 kilometrə çatdırılması mümkün olacaq.

Məlumdur ki, bu gün Azərbaycanın iştirakı və iradəsi olmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Region və bütövlükdə Avropa üçün mühüm əhəmiyyət kəsb edən neft və qaz boru kəmərləri ilə yanaşı, Cənubi Qafqaz üzərindən keçməklə, şərqlə qərbi birləşdirən, Avrasiyanın yeni ticarət bağlantısına çevrilən Bakı-Tiflis-Qars layihəsi də buna nümunədir.

Hazırda burada tikinti işləri sürətlə davam etdirilir. Axalkələk-Türkiyə sərhədi hissəsində ümumi uzunluğu 29 kilometr olan yeni yolun 9 kilometrində üst quruluşu inşa edilmiş və bu ilin sonuna kimi Türkiyə sərhədinə qədər yeni yol tikiləcəkdir. Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin 2 kilometri qazılmışdır və işlər davam etdirilir. Türkiyə və Gürcüstan ərazisində tikinti çətin relyefli və kəskin iqlimli ərazilərdən keçdiyinə görə yol verilən ləngimələrə baxmayaraq, 2014-cü ildə başa çatdırılacaq. Bu dəmiryolu da regionların tərəqqisinə özünəməxsus töhfələr verəcək.

Ölkəmizdə müasir avtomobil yolları şəbəkəsinin yaradılması istiqamətində görülən işlər də yüksək nəticələrin göstəricisidir. Qeyd edək ki, 2008-2013-cü illər ərzində 3860 kilometr, o cümlədən 1240 kilometr respublika əhəmiyyətli, 2620 kilometr rayonlararası və kəndlərarası yollar tikilib və təmir olunub, avtomobil yollarında 158 körpü inşa edilib.

Əsas magistrallarda 2 zolaqlı olmaqla görülən işlər tam başa çatdırılııb və hazırda onların 4 zolağa genişləndirilməsi işləri davam etdirilir. 2014-cü ildə Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 2016-cı ilə qədər isə Bakı-Gürcüstanla dövlət sərhədi və Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolları istifadəyə veriləcək. Əgər 1990-cı ilə qədər Azərbaycanda bütün körpülərin uzunluğu 29 min metr idisə, təkcə son beş ildə istismara verilmiş körpü və bağlantıların uzunluğu təxminən 20 min metr təşkil edir. Bu körpülərin texniki parametrlərini - zolaqlarının sayını, uzunluğunu və yükgötürmə qabiliyyətini də müqayisə etsək, o zaman nə dərəcədə irimiqyaslı işlərin görüldüyünü təsəvvür etmək olar.

2008-2013-cü illərdə birinci texniki dərəcəli, 4 zolaqlı yolların ümumi uzunluğu 150 kilometr artırılaraq 180 kilometrdən 330 kilometrə, asfalt-beton örtüklü yolların uzunluğu 1100 kilometr artırılaraq 7678 kilometrə çatdırılıb. 2015-ci ilə qədər birinci texniki dərəcəli 4 zolaqlı yolların uzunluğu 800 kilometrə çatdırılacaq. Böyük Şərq-Qərb dəhlizinin bir hissəsi üzərində görülən bütün bu işlərin tamamlanması, Azərbaycanın nəqliyyat daşımalarında böyük tranzit və logistika mərkəzinə çevrilməsinə imkan verəcək. Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində dəmir və avtomobil yolları infrastrukturunun yenilənməsi işləri də aparılmaqdadır. Bütün bunlar eyni zamanda regionların tərəqqisinə də ciddi təsir edir.

Ümumiyyətlə, birinci və ikinci dövlət proqramlarında nəzərdə tutulan məqsədələrin yerinə yetirilməsi, xüsusilə də rayonlardakı mövcud sosial infrastrukturların və kommunal xidmət sektorlarının tam yenidən qurulması artıq 2013-cü ildən sonrakı dövrdə başqa hədəflər üzrə tədbirlərə yol açacaq. Regionlarda elektrik enerjisi, qaz, su, kanalizasiya, yol və digər sosial infrastrukturların yaradılması başa çatdırıldıqdan sonra əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsinə yönəldiləcək.

2013-cü ildən sonrakı dövrdə sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr duracaq. Yaxın dövrdə orta gəlirli dövlətlər statusuna malik ölkə kimi respublikamızda inkişaf meyillərinin tələblərinə uyğun layihələrin icrası zərurətə çevriləcək. Azərbaycan innovativ iqtisadiyyata keçidi təmin etməklə bu meyarların regionlarda da tətbiqinə üstünlük verəcək. Hazırda geniş regional miqyaslı proqramların icrası sayəsində modernləşən və ya yenidən qurulan, milli istehsalın dinamikasına təsir edən yeni qabaqcıl müəssisələrdə tətbiq olunan texnologiyaların əhatə dairəsi daha da genişlənəcək. Ən son nəsil avadanlıqlara əsaslanan modellərin tətbiqi gerçəkləşəcək ki, bu da innovasiyaların geniştutumluluğunu şərtləndirmiş olacaq. 2014-2018-ci illərə dair yeni regional inkişaf proqramının hazırlanması da məhz bu zərurətlərdən irəli gəlir. Dövlət İnkişaf Prqoramı adlanan konsepsiyanın əsas hədəfi regionların və paytaxtın potensial iqtisadi resurslarının ümumi inkişafa cəlb olunması yolu ilə ümumi daxili məhsulun yüksək artımını və Azərbaycanın daha da güclü dövlətə çevrilməsini təmin etməkdən ibarətdir. Bütün bunlar bir daha regionların dinamik tərəqqi yolunda oldduğunu və bu prosesin davamlı xarakter aldığını, bundan sonra da sürətli templərlə davam edəəcyini göstərir.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz