Əlaqə Arxiv
news Image
2013.07.25
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionlarda əhalinin istifadəsinə verilən sosial obyektlərin sayı sürətlə artır

Ölkədə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam əhalinin sosial rifah halının davamlı şəkildə yüksəlməsi, insanların layiqli həyat tərzyiqin təmin olunmasıdır. Ölkənin bu istiqamətdə artıq mühüm nailiyyətlərin müəlllifi qismində çıxış etməsi nüfuzlu beynəlxalq dairələrdə də açıq etiraf olunur. İnsanların layiqli həyat tərzinin təmin edilməsində diqqət yetirilən məqamlardan biri də müvafiq sosial obyektlərin inşasıdır.

Ölkə regionlarında qeyd olunan xüsusda artıq kifayət qədər işlər görülüb və görülməkdədir. Xatırlatmaq yerinə düşərdi ki, Sovetlər İttifaqının dağılmasından sonra regionlarda sosial obyektlərin tikintisi tamamilə dayanmışdı. Mövcüd obyektlərin əksəriyyəti isə tamamilə bərbad hala düşmüşdü. Lakin Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra vəziyyət tamamilə dəyişdi. Regionlarda da sosial obyektlərin inşasına start verildi. 2004-cü ildən başlayaraq respublikada "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004-2008-ci illər)" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər Proqramı"na əsasən həyata keçirilən geniş miqyaslı regional sosial layihələr regionlarda davamlı və dinamik inkişafı təmin etməklə bərabər əhalinin həyat səviyyəsinin keyfiyyətcə yüksəlməsinə xidmət edərək həm də çoxsaylı sosial obyektlərin inşası iəl müşayiət olundu. İkinci dövlət proqramı bu prosesi daha dinamik hala gətirdi. Təkcə ötən il regionlarda 205 məktəb, 45 bağça, 40 səhiyyə, 23 idman və 48 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub.

Artıq ölkəmizin, xüsusilə regionların sosial-iqtisadi inkişafını müəyyən edən ikinci Dövlət Proqramı (2009-2013-cü illərə dair) başa çatmaq üzrədir. Dövlət Proqramı çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib. Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev ötən illərdə bütün rayonlara səfər edərək aparılan hər bir işlə yaxından tanış olub, müxtəlif infrastruktur və sosial obyektlərin açılışında iştirak edib. Prezident İlham Əliyev ötən illərdə regionlara 280 dəfədən çox səfər edib, 560-dan artıq respublika əhəmiyyətli sənaye müəssisəsinin, obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edib. Məhz dövlət başçısının sistemli və davamlı xarakter alan bu səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bu səfərlər hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsini təmin edir.

Son olaraq isə dövlətimizin başçısı iyulun 5-də qərb bölgəsinə səfəri çərçivəsində Tovuz, Qazax və Ağstafa rayonlarında bir sıra istehsal və sosial obyektlərin açılışlarında iştirak edib. Səfər zamanı Prezident İlham Əliyev Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olub, Tovuzda Hemodializ Mərkəzinin, eləcə də, yenidən qurulan Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun açılışında iştirak edib. Bununla yanaşı, Ağstafada açıq səma altında salınan Tarixi və Müasir Abidələr Parkı ilə, Peyntbol və Atıcılıq Mərkəzində yaradılmış şəraitlə tanış olub, Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində, Qazaxda Ədəbiyyat Muzeyinin, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı bölgə üçün kifayət qədər əhəmiyyətli olan Qazax sement zavodunun sement istehsalı xəttinin açılışında da iştirak edib.

Qeyd edək ki, dövlət başçısı baş çəkdiyi hər bir rayonun, qəsəbənin, kəndin mövcud problemləri, çatışmayan kommunal xidmət növlərinin vəziyyəti ilə tanış olduqdan sonra dərhal bu kimi məsələlərin operativ həllinə nail olmaq üçün müvafiq sərəncamlar imzalayır. Prezidentin qərb bölgəsinə səfərindən sonra imzaladığı sərəncamlar da sözügedən bölgənin gələcək inkişafı baxımından əhəmiyyət daşıyır. Belə ki, dövlət başçısı bir-birinin ardınca iyulun 6-da Tovuz, 8-də Qazax və 9-da Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, göstərilən rayonlarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayonlar üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə həmin rayonların rayon İcra Hakimiyyətlərinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Beləliklə, bu istiqamətdə qəbul və icra edilən Dövlət proqramları təsdiq edir ki, regionların sosial-iqtisadi inkişafı, bölgələrin və həmin ərazilərdə yaşayan əhalinin şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Məqsəd regionların inkişafını təmin etməklə paytaxt ilə regionlar arasında mövcud fərqi aradan qaldırmaq və respublikanın ümumi iqtisadi yüksəlişinə nail olmaqdır.

İyulun 5-də Tovuzda Hemodializ Mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirib ki, bu ilin sonunda regionların sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramı başa çatır və proqramda nəzərdə tutulmuş bütün məsələlər artıqlaması ilə öz həllini tapır: "Gələcək planlarımızla bağlı da bizim kifayət qədər dəqiq fikirlərimiz vardır. Gələcək illərdə Azərbaycan, əlbəttə ki, bundan da sürətlə inkişaf etməlidir və edəcəkdir. Bütün infrastruktur layihələri yaxın gələcəkdə başa çatmalıdır".

Regionların inkişafı ilə bağlı birinci proqram tam vaxtında icra olunub, ikinci proqramın icrasından ötən müddət ərzində ölkə üzrə çox əhəmiyyətli işlər görülüb və bütün bunlar Azərbaycanın ümumi iqtisadi gücünü artırıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsi, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb.

İndi regionlarda müxtəlif şəhər və rayonlara nəzər salmaqla qeyd edilənlərin real təsdiqini görmək olar. "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icra edildyi müddət ərzində ölkə üzrə 20 mindən çox müəssisə fəaliyyətə başlayıb və 400 minə yaxın yeni iş yeri yaradılıb. Yoxsulluğun səviyyəsi daha da aşağı enib. Proqramda nəzərdə tutulmuş işlər üçün əsas kapitala milyardlarla manat vəsait yönəldilib. Təkcə 2009-2012-ci illər ərzində regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyaları yönəldilib. Bu il isə əsaslı vəsait qoyuluşlarının 77 faizi və ya 5,3 milyard manat regionlar üçün ayrılıb. Proqram çərçivəsində respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilib və ya təmir olunub, yeni körpülər və tunellər inşa edilib, rayonlardaxili və kəndlərarası avtomobil yollarında yenidənqurma işləri aparılıb.

Hazırda regionlarda əhalinin gündəlik həyatında vacib rol oynayan sosial obyektlərin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilir. Məcburi köçkünlərin, əlil və şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə məhəllələr salınır. Regionların sosial-iqtisadi uğurlarından bəhs edərkən tikinti sektorunda nəzərə çarpan müsbət dinamikanı xüsusi vurğulamaq olar. Bu gün elə bir bölgə, elə bir şəhər tapmaq olmaz ki, orada yenidənqurma, tikinti-abadlıq işləri aparılmasın, iqtisadiyyatın mühüm sahələri inkişaf etməmiş qalsın. Hər il dövlət büdcəsindən regionların inkişafı üçün lazımi miqdarda vəsait ayrılır. Sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə və s. sahələrdə tərəqqi göz önündədir. Turizm sektoru bu fonda regionlarda da dinamik inkişaf edir, yeni müvafiq obyektlər yaradılır. Əslində, reigonların inkişafı turizmin inkişafı ilə sıx əlaqəlidir. Çünki turizm dünyada gəlir gətirən 5 mühüm sahədən biri, bəzən hətta birincisi hesab olunur. Azərbaycanın istənilən bölgəsində əcnəbilərin diqqətini cəlb edəcək və xalqımızı, qədim tariximizi, dövlətçilik ənənələrimizi tanıdacaq xeyli sayda maddi-mədəniyyət nümunələri var.

Paytaxtımız da daxil olmaqla Şamaxı, Zaqatala, Balakən, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Qax, Masallı, Lənkəran, Lerik, Qazax, Gədəbəy, Mil, Muğan, Nuhun çıxdığı yer - qədim Naxçıvan... Yurdumuzun sadalamaqla bitməyəcək dilbər guşələrində hansı tərəfə baxsaq, qədim tarixin izləri, maddi-mədəniyyət nümunələri aydın görünür. Azərbaycanın elə bölgələri var ki, dünyanın heç bir yerində rast gəlinməyəcək özünəməxsus xüsusiyyətləri bu gün də qoruyub saxlayır. Bu sırada Qaxın İlisu kəndi, İsmayıllının Basqalı, Lahıcı spesifik xüsusiyyətləri ilə hər bir əcnəbini valeh edəcək səviyyədədir. Bütün bunlardan isə son illərdə daha səmərəli istifadə olunur ki, bu da regionların tərəqqisinə böyük töhfələr verir.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz