news Image
2013.08.13
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Şəki sürətli intibah yolunda uğurla irəliləyir

Zəngin təbiətə malik Azərbaycan regionları bu gün həm də böyük iqtisadi potensialları və onlardan səmərəli istifadə nəticəsində sürətli inkişaf yolundadır. Təbii ki, bunu şərtləndirən əsas səbəblərdən biri məqsədyönlü dövlət siyasəti və regionların inkişafı məqsədilə həyata keçirilən müvafiq dövlət proqramlarıdır. Elə bunun nəticəsidir ki, son illərdə regionların siması əhəmiyyətli dərəcədə dəyişərək daha müasir xarakter alıb.

Qeyd olunanların real nümunələrindən biri qismində Şəki çıxış edir. Cari ilin ilk yarısının sosial-iqtisadi nəticələri də böyük uğurlardan xəbər verir. Hesabat dövründə rayonda faktiki qiymətlərlə 174 milyon 305 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. İstehsal və qeyri-istehsal sahələrinin inkişafına 46 milyon 283 min manat həcmində investisiya yönəldilib. İnvestisiyaların 81,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Əmtəə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artaraq 138 milyon 152 min manata çatıb. İlin birinci yarısında rayonda 694 daimi iş yeri açılıb. Ümumiyyətlə, əhalinin sosial müdafiəsi daim xüsusi diqqət mərkəzindədir. Elə 2013-cü ilin birinci yarısında rayon əhalisinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb, 1019 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Hazırda rayonda 2072 ailə ünvanlı dövlət sosial yardımı alır. İlin ilk altı ayında rayon Məşğulluq Mərkəzinə 233 nəfər işaxtaran vətəndaş müraciət edib, 70 nəfər işə düzəldilib. Mayda keçirilən sonuncu "əmək yarmarkası"nda isə 48 nəfər işə göndəriş alıb.

İlin birinci yarısında rayonda kənd təsərrüfatı məhsulun artırılmasının diqqət mərkəzində saxlanılıb, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün həyata keçirilən tədbirlər yüksək nəticələr verib. Şəki taxılçıları bu il zəmilərdən 220 min tona yaxın məhsul götürüblər. Beləliklə, respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası uğurla başa çatıb. Cari mövsümdə rayonda 80 min 606 hektar sahənin taxılı biçilib, 219 min 652 ton məhsul istehsal olunub. Hər hektardan orta hesabla 27,2 sentner məhsul götürülüb. Tədarük edilmiş taxılın 162 min 16 tonu buğda, 57 min 636 tonu isə arpadır. Biçilmiş taxıl sahələri qısa müddətdə küləşdən təmizlənib və hazırda təsərrüfatlarda payızlıq taxıl səpini üçün yay şumunun çıxarılmasına başlanb.

Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq əsaslı şəkildə yenidən qurulan Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Uzunluğu 34 kilometr olan yolun 30 kilometrlik hissəsinə artıq asfalt örtüyü çəkilmişdir. XVIII əsrə aid tarix-memarlıq abidəsi olan "Şəkixanovların evi"nin əsaslı təmiri, habelə qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün inşa edilən 24 mənzilli yaşayış evinin tikintisi də tamamlanmaq üzrədir. İlin birinci yarısında dövlət vəsaiti hesabına Aşağı Layısqı kəndində 360, Əlyar kəndində 80 şagird yerlik məktəb binaları, habelə zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş 12 və 14 nömrəli şəhər məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilib, iki məktəb binası əsaslı təmir olunub. Hazırda təhsil şöbəsinin yeni inzibati binasının, şəhər və kəndlərdə yeni məktəb binalarının tikintisi davam etdirilir. Hesabat dövründə Şəki doğum evi kompleksi əsaslı təmirdən sonra istifadəyə verilib, Aşağı Göynük və Baş Göynük kənd xəstəxanaları üçün inşa edilən yeni binaların tikintisi başa çatıb. Şəkidə səhiyyənin maddi-texniki bazası ildən-ilə yaxşılaşdırılır. Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilmiş Şəki Mərkəzi Rayon Xəstəxanası isə şübhəsiz ki, Şəki səhiyyəsinin gələcək inkişafına mühüm təkan verəcək. Səhiyyənin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər cari ildə də ardıcıl davam etdirilərək mərkəzi rayon xəstəxanasının baza binasında, doğum evi kompleksində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bu ilin iyunun 14-də Şəki Mərkəzi Rayon Xəstəxanasının nəzdindəki doğum evinin bazasında yaradılmış Regional Perinatal Mərkəzin açılış mərasimi olub. Mərkəz Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş "Ana və uşaqların sağlamlıqlarının qorunmasına dair tədbirlər Proqramı"na uyğun olaraq təşkil olunub. 1985-ci ildən fəaliyyət göstərən bu binada Səhiyyə Nazirliyinin sifarişi, Dünya Bankının maliyyə dəstəyi ilə 2011-ci ildə əsaslı təmir işlərinə başlanmışdı. Dünya standartlarının tələblərinə cavab verən ən müasir tibb avadanlığı ilə təchiz edilmiş mərkəzdə hamiləliyin patologiyası, anesteziologiya və reanimasiya, yeni doğulmuşların intensiv terapiyası, konsultativ məsləhət və digər şöbələr fəaliyyət göstərir. Mərkəzdə çalışan mama-ginekoloq, həkim və orta tibb işçiləri Türkiyənin qabaqcıl xəstəxanalarında ixtisaslarını artırıblar. Mərkəz 9 rayonun əhalisinə xidmət göstərir.

Qazlaşma işləri də diqqət mərkəzindədir. Uzun fasilədən sonra iyunun 26-da Şəki rayonunun Baş Zəyzid kəndinə təbii qaz verilib. Rayonun 22 yaşayış məntəqəsi qazlaşdırılıb. Rayon üzrə 20 minə yaxın abonent təbii qazdan istifadə edir. Baş Zəyzid kəndinin qazlaşdırılması məqsədilə 14 kilometr uzunluğunda müxtəlif diametrli metal borular çəkilmiş və ya təmir olunub. Abonentlərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Şəkidə kənd əhalisinin içməli su ilə təminatı yaxşılaşdırılır. Ötən ay Şəki rayonunun Aşağı Kəldək kəndində yeni qazılmış artezian quyusunun istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib. Şəki Elektrik Stansiyasında (ES) cari ilin iyun ayında 21,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Cari ilin ötən 6 ayda isə istehlak göstəricisi 159,6 milyon kilovat-saata yaxın olub.

Iyunun 28-də başlanan və bir həftə davam edən "İpək Yolu" IV Beynəlxalq musiqi festivalı nəinki Şəkinin, bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisə olub. Mədəni irsin qorunub saxlanmasına və türk xalqlarının yaxınlaşmasına xidmət edən bu festival Şəkinin turizm potensialının təbliği baxımından da mühüm əhəmiyyət daşıyıb. Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün həm də regionun önəmli turizm mərkəzi kimi tanınmaqdadır. Rayondakı tarixi-mədəniyyət abidələri, Kiş kəndindəki qədim alban məbədi, orta əsrlərə aid karvansaralar, Şəki xanlarının sarayı, bacarıqlı ustaların sənət əsərləri sərgilənən "Sənət evi", qədim hamamlar bu baxımdan turistlər üçün cəlbedici məkanlardır.Şəkiyə ayaq basan istər yerli, istərsə də əcnəbi qonaqların ziyarət etdikləri ilk məkan Şəki xanlarının yay sarayıdır. Bu memarlıq incisi Azərbaycanda ilkmüstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə tikilib. Qeyd edək ki, XVIII əsrin yadigarı olan bu tarixi tikili öz görünüşü, tikilmə üslubu, mürəkkəb ornamentləri, xüsusilə də şəbəkələri ilə diqqəti cəlb edir. Saraydan çölə iki eyvan açılır. Bu eyvanların tikilmə üslubu da maraq doğurur. Eyni istiqamətdə tikilmələrinə baxmayaraq, kişilər üçün nəzərdə tutulan eyvana çıxdıqda "Xanımın eyvanı"nı görmək qeyri-mümkündür. İkimərtəbəli sarayın mərtəbələri arasında əlaqəni təmin edən pilləkənlərdən biri qadınlar, digəri kişilər üçün nəzərdə tutulub. Hasarla əhatəyə alınmış sarayın həyətindəki möhtəşəm çinarların yaşı isə sarayın yaşından çoxdur. 1999-cu ildə Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan müqaviləyə əsasən, "Mədəni irsin qorunması" layihəsi çərçivəsində saray təmir və bərpa olunub. Sarayın özülü möhkəmləndirilib, taxta döşəmə dəyişdirilib. Şəkidə turistlərin maraq göstərdiyi digər memarlıq abidəsi Yuxarı Karvansaradır. Böyüklüyü və ticarət üçün əlverişliliyi ilə vaxtilə Cənubi Qafqazda məşhur olan Yuxarı Karvansaranın ümumi sahəsi 6 min kv. m-dir. Yuxarı Karvansaraya Şəki memarlığı üçün səciyyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi xüsusi kolorit verir. Tikili relyefə uyğun olaraq küçəyəbaxan hissədə 14 metr, içəri üzdən isə 8 metr hündürlükdə inşa edilib. 300-dən artıq otağı olan karvansara zirzəmi və iki mərtəbədən ibarətdir. Onu da bildirək ki, Şəkidə iki qoruq var: Bunlardan biri 1967-ci ildə Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılmış "Yuxarıbaş tarix-memarlıq qoruğu", digəri isə 2004-cü ildə yaradılan "Kiş dövlət tarix-memarlıq qoruq-muzeyi"dir.

"Yuxarıbaş tarix-memarlıq qoruğu", ərazisində dövlət tərəfindən qeydiyyata götürülmüş 25 abidə var. Orta əsrlər memarlığının yadigarı olan Ağvanlar, Dərə və Yeraltı hamamlar bu ərazidə yerləşir. Xalqımızın milli sərvəti və iftixarı olan diyarşünaslıq, tətbiqi sənət, M.F.Axundovun, R.Əfəndiyevin, S.Rəhmanın ev muzeylərinin və Dövlət Rəsm qalareyasını da qoruq öz qoynuna alıb. Bu gün Şəki orta əsrin şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan nadir bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri - karvansaraylar, məscidlər, minarələr, qala divarları, körpülər Şəkinin qədim memarlıq üslubundan xəbər verir. Bütün bunelar turistləri özün əcəlb edir. Digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs