news Image
2013.08.14
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Göyçayda abadlıq-quruculuq işləri geniş vüsət alır

 

Regionların inkişafı istiqamətində son 10 il ərzində həyata keçirilən siyasət artıq öz müsbət nəticələrini verməkdə, Azərbaycan bölgələrinin hərtərəfli tərəqqisində yeni bir mərhələnin yaşanmasına səbəb olmaqdadır. Artıq mövcud vəziyyət qarşıdakı dövr ərzində də Azərbaycanın regionlarının sürətli intibah yolunda olacağını göstərir. Çünki, bunun üçün zəruri olan bazis artıq formalaşdırılıb. Qeyd edilənlərin real təsdiqi kimi çıxış edən ünvanlardan biri də Göyçay rayonudur.

Göyçayda cari ilin 6 ayı ərzində görülmüş işlər də yüksək nəticələrin real təsdiqi sayıla bilər. 2013-cü ilin birinci yarısında rayon üzrə ümumi məhsul istehsalı 93,1 milyon manat olub. Rayon üzrə 9,3 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz çoxdur. Rayonun tikinti təşkilatları tərəfindən 2,5 milyon manatlıq inşaat işləri görülüb. Yuxarı Şirvan kanalının Bığır kəndi ərazisindən keçən hissəsində inşa edilən 3 meqavat gücündə su elektrik stansiyasında tikinti işləri tam başa çatdırılıb. Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsi, Muğanlı-Yevlax avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin tikintisi, Göyçay-Ucar avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ay verdiyi müvafiq göstərişə əsasən, yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 2,2 milyon manatı Göyçay Rayon İcra Hakimiyyətinə ayrılıb. Bu vəsait hesabına Göyçayın Cəyirli, Qubadlı-Şıxlı, Qızılağac, Şəkili, Kürdşaban və Yenikənd kəndini birləşdirən kəndlərarası avtomobil yolunun yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanıb, podratçı təşkilatın müəyyən edilməsi üçün tender elan edilib, qalib şirkəti müəyyənləşdirilməklə yolun tikintisinə başlanılıb.

Ümumiyyətlə, rayonda abadlıq, quruculuq və yaşıllaşdırma sahəsində xeyli işlər görülüb. Şəhərin mərkəzində Bayraq Meydanının tikintisi və ərazinin abadlaşdırılması başa çatdırılıb, Heydər Əliyev prospektində çoxmənzilli binaların, Göyçay bələdiyyəsinin inzibati binasının fasad hissələri müasir üslubda üzlənib və dam örtükləri yenilənib.

Hazırda şəhərin mərkəzi meydanında gənclər evinin, şahmat məktəbinin tikintisi sürətlə davam etdirilir. Rayon statistika və maliyyə idarələri üçün inşa edilən inzibati binalarda tamamlanma işləri görülür. Cari ilin ötən dövrü ərzində rayon ərazisində 15 mindən artıq ağac və bəzək kolları əkilib. 2013-cü ilin yanvar-iyun aylarında fəaliyyətdə olan obyektlərin genişləndirilməsi və yenidən qurulması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və görülmüş digər tədbirlər nəticəsində 436 daimi iş yeri açılıb Bütövlükdə 2003-2012-ci illərdə rayonda 9590 yeni iş yeri açılıb ki, bunun da 8178-i və ya 85,3 faizi daimi iş yerləridir.

Rayonun Ulaşlı-şıxlı kəndində 220 şagird yerlik tam orta, Şəkili kəndində 80 şagird yerlik ümumi orta məktəblər istifadəyə verilib. Rayon əhalisinin təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülüb, Cəyirli, Qubadlı-şıxlı, Bığır kəndlərinə təbii qaz verilişi bərpa edilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda əhalinin təbii qaza olan tələbatının ödənilməsi üçün mühüm işlər görülür. Qeyd olunduğu kimi bir sıra kəndlərə, o cümlədən rayonun ən böyük yaşayış məntəqəsi olan Bığır kəndinin qazlaşdırılması üçün görülən işlər başa çatdırılıb. Son illər rayonda qaz təsərrüfatının inkişaf etdirilməsi, əhaliyə səmərəli xidmət göstərilməsi istiqamətində xeyli işlər görülüb. 21 illik fasilədən sonra Göyçay rayonunun Bığır kəndində 78 min 127 poqonmetr uzunluğunda müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilib, ümumilikdə 1188 mənzilə fərdi tənzimləyici və sayğac quraşdırılıb. 2014-cü ildə rayonun bütün kəndlərində gözlənir. Abadlıq-quruculuq işləri çərçivəsində hazırda Göyçay şəhərində 40 yerlik uşaq bağçasının tikintisi davam etdirilir. Müskürlü kəndində 180 şagird yerlik, Qəbələ-Müskürlü və Alıkənd kəndlərində 80 yerlik məktəb binalarının tikintisi üçün layihə-smeta sənədləri hazırlanıb. Yaponiya hökumətinin dəstəyi ilə şəhər internat və 6 nömrəli tam orta məktəblərdə müasir normalara cavab verən sanitariya qovşaqları istifadəyə verilib.

Göyçay rayonunda taxıl biçini də uğurla başa çatıb. Havaların əlverişli keçməsindən istifadə edən fermerlər zəmilərin məhsulunu vaxtında və itkisiz toplayıblar. Bu il rayonda 15 min 129 hektar sahədə taxıl yetişdirilib, 34 min 514 ton arpa və buğda tədarük olunub. Hər hektardan orta hesabla 22,8 sentner məhsul götürülüb. 2013-cü ildə 22148 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib ki, bu da ötən ilə nisbətən 698 hektar çoxdur. Mövsümün əvvəlindən indiyədək sahələrdən 1648 ton kartof, 11744 ton tərəvəz, 1754 ton meyvə toplanıb. Son illər Göyçayda tətbiq edilən süni mayalama tədbirləri rayonda heyvandarlıq sahəsinin inkişafına təkan verib. Mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması, ət və süd istehsalının artırılması, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınması, mal-qaranın qısırlığına qarşı mübarizə aparılması və heyvandarlıq təsərrüfatının iqtisadi səmərəliliyinin artırılması məqsədilə Göyçayda 15 süni mayalama məntəqəsi yaradılıb. Kəndlərdə fəaliyyət göstərən süni mayalama texnikləri bu ilin 6 ayında 1.816 baş iri buynuzlu heyvanı süni yolla mayalandırıblar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 baş çoxdur. Süni mayalanmış inək, düyə və camışlardan bu ilin 6 ayında 1369 baş sağlam bala alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 117 baş çoxdur.

Görülmüş tədbirlər nəticəsində mövcud mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb. Eyni zamanda, kəndlərdə heyvanların yoluxucu xəstəliklərdən mühafizəsi üçün vaxtaşırı lazımi müayinə və profilaktiki tədbirlər həyata keçirilir. Süni mayalama texnikləri vətəndaşlara əvvəlcə kataloq vasitəsilə seçim etməyə şərait yaradırlar. Süni mayalanma metodundan istifadə edən fermerlər ildən-ilə təsərrüfatlarındakı mal-qaranın daha sağlam və yoluxucu xəstəliklərə qarşı daha dözümlü olduğunu deyirlər.

Qeyd edək ki, hazırda rayonda 47 min 473 baş iri buynuzlu mal-qara bəslənilir.

Göyçay rayonunda əkin sahələrinin suvarılması və yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə arxlarının lil və çöküntülərdən təmizlənməsi işləri davam etdirilir. İlin əvvəlindən bu günədək rayonun 20 kəndinin su arxları yenidən qazılıb. Göyçay şəhərinin daxili arxları da lil və çöküntülərdən təmizlənib və bu istiqamətdə işlər davam etdirilir. Hazırda rayon suvarma sistemləri idarəsinin 15-dək müxtəlif təyinatlı texnikası yaşayış məntəqələrinə cəlb olunub. Bundan əlavə yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə Göyçay çayında sahilbərkitmə işləri davam etdirilir. Bu il ərzində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, torpaqların münbitliyinin qorunması, kollektor-drenaj şəbəkələrinin təmizlənməsi tədbirləri çərçivəsində kəndlərdəki kollektor-drenaj şəbəkələrinin 16,8 kilometrlik hissəsində 39,5 min kubmetr həcmində lil və çöküntülərdən təmizlənmə işləri aparılıb. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 105 kilometr suvarma arxları lil və çöküntülərdən təmizlənib və arxların su ötürmə qabiliyyəti artırılıb.

Ümumiyyətlə, ənənəvi olaraq Göyçay rayonunun iqtisadiyyatında kənd təsərrüfatı, emal sənayesi və sənayenin digər sahələri aparıcı rola malik olub. Bununla belə, rayonda telekommunikasiya, tikinti, nəqliyyat, ticarət, iaşə və s. xidmət sahələri də inkişaf etməkdədir.

Göyçay rayonunun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən bir sıra abidələr var. Rayonun Ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilmiş və Ərəb xilafəti dövrünə aid "Surxay" qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılmış və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insan məskənlərinin mövcud olduğunu sübut edir. XIX əsrin axırlarında inşa edilmiş yer hamamı və 4 məscid də rayonun tarixi abidələri sırasına daxildir. XIX əsrdə tikilmiş "Yer altı hamam" abidə kompleksi arxitektura sənətkarlığı baxımından başqa abidələrdən seçilir, hamamın çirkab suların hansı yolla hara axıldığı hələ də sirr olaraq qalır. Rayonun mərkəzi Göyçay şəhərində fəaliyyət göstərən diyarşünaslıq muzeyində nümayiş etdirilən eksponatlar arasında arxeoloqlar tərəfindən qədim insan məskənlərinin yerində aşkar edilmiş bəzək əşyaları, silahlar və qab-qacaq da var. Rayonun ərazisi iki hissəyə, dağlıq və düzənliyə ayrılır. Göyçay çayı və Yuxarı Şirvan kanalı rayonun ərazisindən keçir. Göyçay rayonun bəzəyi sayılan 200 qədər çinar ağacı tarixi abidələr kimi qorunur. Hər birin yaşı 170 ildən çox olan bu ağacların diametri 110 sm, hündürlüyü isə 25 metrə çatır. Bütün bunlar turizmininkişafı üçün əlverişli potensial yaradır. Digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs