news Image
2013.08.17
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionların sürətli tərəqqisi Oğuzda da özünü qabarıq büruzə verir

Danılmaz həqiqətdir ki, son illər Azərbaycanda regional və sahəvi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilmiş və keçirilən iqtisadi islahatlar mühüm nəticələrin əldə olunması ilə müşayiət edilməkdədir. Digər tərəfdən bu prosesin reallaşması ilə ölkədə əhalinin həyat səviyyəsi ilbəil yüksəlir, iqtisadiyyatın regional və sahəvi kəsimdə inkişafı baş verir.

Hazırda hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması nəticədə sosial rifah halını dinamik şəkildə yüksəldir.

Regionların sosial-iqtisadi inkişaf proqramının müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində uzun müddət ayrı-ayrı regionlar və sahələr arasında mövcud olan disproporsiyaların aradan qaldırılması istiqamətində də çox ciddi addımlar atılıb. Bu hal Oğuzda da özünü qabarıq büruzə verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqust 14-də rayona səfəri çərçivəsində burada açılışı etdiy obyüektlər də Oğuzun sürətli tərəqqi yolunda olmasının real təsdiqidir. Xatırladaq ki, avqustun 14-də Oğuz rayonuna səfəri çərçivəsində dövlət vəsaiti hesabına tikilən 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Məlumdur ki, uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Heydər Əliyev Fondu da həmin istiqamətdə vacib layihələr həyata keçirir. Bu istiqamətdə müvafiq dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi davamlı xarakter daşıyır. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı şəkildə yenidən qurulur. Respublikamızın bütün bölgələrində olduğu kimi, Oğuz şəhərində də yeni inşa olunan uşaq bağçası bu sahədə aparılan islahatların növbəti əyani nümunəsidir.

Burada genişmiqyaslı tikinti-abadlıq işləri aparılıb, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılıb. Binanın foyesi və otaqlarında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğısını əks etdirən fotolara geniş yer verilib. Körpələr evi-uşaq bağçasının ərazisində əyləncə qurğuları quraşdırılıb və müxtəlif guşələr yaradılıb. Müasirliyi ilə seçilən yeni uşaq bağçasının binası sürətlə inkişaf edən Oğuz şəhərinə əlavə yaraşıq verir. Körpələr evi-uşaq bağçanın binasının inşasına 2012-ci ildə başlanılıb. İkimərtəbəli binanın ümumi sahəsi 1510 kvadratmetrdir. Körpələr evi-uşaq bağçasında 26 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. Burada uşaqların mənalı istirahəti, onların dünyagörüşünün və hazırlıq səviyyələrinin artırılması üçün hər cür şərait yaradılıb.

Onu da xatırladaq ki, Prezident İlham Əliyev avqustun 14-də Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Qeyd edək ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Oğuz şəhərinə içməli su xəttinin çəkilməsi nəzərdə tutulub. Layihənin icrası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinə tapşırılıb. Layihə üzrə işlərə 2010-cu ilin noyabrında başlanılıb. Yeni içməli su təchizatı sistemi Oğuz şəhərini, həmçinin Bayan, Kərimli, Qumlaq, Şirvanlı, Tayıflı və Xalxalqışlaq kəndlərini əhatə edəcək. Layihəyə əsasən şəhərin 9 min, kəndlərin isə 11 minə qədər əhalisinin su ilə fasiləsiz təmin olunması nəzərdə tutulub. Layihəyə əsasən su tələbatı saniyədə 47 litrdən bir qədər çox olmalı idi. Hazırda isə Sazur və Almalıq su mənbələri hesabına faktiki təchizat saniyədə 103 litrdir. Tikintisi başa çatdırılan su mənbələrinin potensialı 50 min insanın suya olan tələbatını tam ödəyəcək. Bu isə 2031-ci ildə Oğuz rayonunun əhalisinin içməli su ilə tam təmin olunması deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiqləyib.

Qeyd edək ki, Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər üç mərhələdə aparılır. Birinci mərhələdə Sazur və Almalıq su mənbələrindən magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılıb. Suqəbuledici qurğular meydançasında tikilən keçid məntəqəsi, suqəbuledici kamera, xlorlama və laboratoriya binaları avadanlıqla təchiz edilib. Hər birinin həcmi 1000 kubmetr olan iki yeni su anbarı tikilib. Bundan başqa, həcmi 200 kubmetr olan su anbarı bərpa edilib. İkinci mərhələdə şəhərin üç zonasında su anbarları sahəsi yaradılıb. Hər birinin həcmi 250 kubmetr olan altı su anbarı, həmçinin şəhərin su və kanalizasiya şəbəkələri inşa olunub. Şəhərdə bütün abonentlərin su sayğacı ilə təmin edilməsi nəzərdə tutulub. Üçüncü mərhələ çərçivəsində gün ərzində məhsuldarlığı 2500 kubmetr olacaq çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Kanalizasiya sisteminin potensialı Oğuz şəhərini və Bayan kəndini əhatə edir. Çirkab sutəmizləyici qurğular kompleksinin bu ilin sonunda istismara verilməsi planlaşdırılır.

Hazırda yuxarıda qeyd olunduğu kimi icrasına 2010-cu ildə başlanan Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər uğurla davam etdirilir.

Oğuzda inşa edilən Heydər Əliyev Mərkəzində tikinti işlərinin gedişi də uğurla davam etdirilir. Mərkəzin tikintisinə 2013-cü ilin mayında başlanıb. Orijinal layihə əsasında tikilən Mərkəzdə inşaat işləri sürətlə davam etdirilir. Üçmərtəbəli binanın ümumi sahəsi 7 min 500 kvadratmetrdir. Binanın zirzəmisində avtomobil dayanacağı, yeməkxana və texniki avadanlıq üçün otaqlar fəaliyyət göstərəcək. Mərkəzdə Ümummilli Liderin möhtəşəm büstü ucaldılacaqdır. Yeni Mərkəzin yaradılması Oğuzda Ulu Öndərin zəngin irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayacaq. Tikinti işlərinin 2014-cü ilin sonunadək başa çatdırılması və Mərkəzdə 25-30 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Oğuzda Ulu Öndərin adını daşıyan prospektdə inşa edilən Heydər Əliyev Mərkəzi şəhərin görünüşünü daha da zənginləşdirəcək.

Yenidən qurulan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsinin açılışı da məmnunluqla qarşılanır. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Uzunluğu 42 kilometr olan yolun 20 kilometri Qəbələ rayonunun, 22 kilometri isə Oğuz rayonunun ərazisinə düşür. Sifarişçi Nəqliyyat Nazirliyi, podratçı isə "Polad Yol Yapı" şirkətidir. Tikintisinə 2012-ci ilin may ayında başlanan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz sahəsinin 75-95 kilometrlik hissəsi əsaslı sürətdə yenidən qurulub. Yolda tikinti işləri zamanı 7 dəmir-beton körpü əsaslı təmir edilib. Bundan başqa, yol ərazisində 13 su keçidi və 7 avtobus dayanacağı, həmçinin bir yol qovşağı da tikilib. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsi 5 yaşayış məntəqəsini - Zarağan, Kiçik Pirəli, Mirzəbəyli, Zərgərli kəndlərini və Nic qəsəbəsini əhatə edir. Avtomobil yolu respublikamızın şimal-qərb rayonları ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin iqtisadiyyatın və turizmin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Oğuz rayonunun zəngin və əlverişli iqlim şəraiti, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına imkan verir. Burada kənd təsərrüfatı da dinamik inkişaf edir. Oğuz rayonunun ənənəvi əkinçilik növlərindən biri taxılçılıqdır. Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası müvəffəqiyyətlə başa çatıb. Cari ildə fermerlər 16 min 986 hektar taxıl sahəsindən 43 min 518 ton məhsul götürüblər. Məhsul istehsalı əvvəlki illə müqayisədə 4 min 922 ton artıb. Tədarük olunmuş taxılın 29 min 123 tonu buğda, 14 min 395 tonu arpadır. Hər hektardan orta məhsuldarlıq ötən ilə nisbətən 3,3 sentner artaraq 25,6 sentner təşkil edib. Hazırda təsərrüfatlarda meyvə, tərəvəz, bostan məhsullarının yığımı davam edir. Eyni zamanda, qarğıdalı və çuğundur əkilmiş sahələrə aqrotexniki qulluq olunur, suvarma işləri aparılır. Qarğıdalı istehsalı ilə rayonun əhalisi uzun illərdir ki, məşğul olur. Rayonda fındıq, alma, armud və sair meyvələr istehsal olunur. Rayonun iqlim şəraiti fermerlərə daha çox gəlir gətirən üzümçülüyün inkişafına imkan verir. Rayonda quşçuluğun inkişaf etdirilməsi istiqamətində işlər görülüb. Arıçılıq ənənəvi sahələrdən biridir. Rayonun təbii iqlim şəraiti, dağ meşələrində bitən cökə və şabalıd ağaclarından arıların bol nektar əldə etməsi arıçılığın inkişaf etməsi üçün əlverişli şərait yaradır. Aparılan tikinti-quruculuq işləri fonunda isə bu ilin aprelində Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon Şöbəsinin yeni binasının açılış mərasimi keçrilib. Digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs