Əlaqə Arxiv
news Image
2013.08.20
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Gözəlliklər diyarına çevrilən Zaqatala

Azərbaycan regionlarının dinamik inkişaf yolunda olmasını və burada böyük sosial-iqtisadi dəyişikliklər yaşanması birmənalı həqiqətdir. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionlara son günlərdə etdiy səfərlər və açılışında iştirak etdiy çoxsayl ıobyektlər də təsdiq edir. Məlumat verildiyi kimi dövlət başçısı avqustun 17-də Zaqatala rayonuna səfər edib və səfəri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak edib.

Onlardan biri də Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbdir. Dövlət başçısı məktəbin yeni binasının açılışında iştirak edib.

Məktəbin köhnə binası 2012-ci il mayın 7-də Zaqatalada baş vermiş güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyündən sökülmüşdü. Həmin il sentyabrın 9-da Prezident İlham Əliyev Zaqatala rayonuna səfəri çərçivəsində məktəbin yeni binasının təməlini qoymuşdu. Tikinti işləri cari ilin avqustunda tam başa çatdırılıb. 600 şagird yerlik məktəb binasının korpusları iki və üçmərtəbəlidir. Müasir üslubda, xüsusi dizaynla inşa olunan binanın ümumi sahəsi 4 min 520 kvadratmetrdir. Məktəbin həyətində ümummilli lider Heydər Əliyevin abidəsi qoyulmuşdur. Həyətyanı sahə genişləndirilib və abadlaşdırılıb. 480 şagirdin təhsil aldığı məktəbin binası 9 bal gücündə zəlzələyə davamlıdır. Bina müasir havalandırma sistemi ilə təchiz olunub. Məktəbin sinif otaqlarında, laboratoriyalarında və müxtəlif təyinatlı digər otaqlarda hər cür şərait yaradılıb.

Məktəbin akt salonunda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Şagirdlərin nəzəri bilikləri laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılıb. Məktəbdəki inzibati otaqlar da rahatlığı ilə diqqəti cəlb edir. Təhsil ocağının idman zalı da müasirliyi ilə diqqəti cəlb edir. Kitabxanada üç mindən çox vəsait toplanıb. Məktəbin həyətyanı sahəsində yaşıllaşdırma işləri aparılıb, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili təmin olunub. Məktəbin açıq futbol, voleybol və basketbol meydançaları da var. Zaqatala şəhərinə suyun verilməsi də sakinlər tərəfindən məmnunluqla qarşılanır. Məlumdur ki, Azərbaycan dövləti regionlarda əhalinin güzəranı və rifah halının yaxşılaşdırılması, sahibkarlığın daha da inkişafı üçün yeni imkanların yaradılması baxımından sosial problemlərin həllinə diqqəti artırır. Bu baxımdan ötən illərdə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmizdə su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi və ya yenidən inşası ilə bağlıdır. Zaqatala şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasına 2010-cu ilin noyabrında başlanıb, birinci mərhələ üzrə işlər yerinə yetirilib. İkinci və üçüncü mərhələlər üzrə işlər davam etdirilir.

Layihə əhalinin 2031-ci ilə qədər olan artım proqnozu nəzərə alınaraq işlənib. Rayonda icrada olan su təchizatı sisteminin yenidən qurulması nəticəsində Zaqatala şəhərinin 22 min, 7 kəndin isə 26 min nəfər əhalisinin gün ərzində suya olan tələbatı tam ödəniləcək. Bildirildi ki, tikintisi başa çatdırılan su mənbələrinin potensialı 75 min əhalinin suya olan tələbatını tam ödəyəcək ki, bu da Zaqatala rayon əhalisinin 50 faizinin 2031-ci ildə içməli su ilə tam təmin edilməsi deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq edib. Zaqatala şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işləri üç mərhələdə aparılır. Birinci mərhələdə Talaçay su mənbəyinin, magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılıb. Bu mərhələdə 6,65 kilometr uzunluğunda magistral su xətti çəkilib. Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi, suqəbuledici kamera, xlorlama və laboratoriya binaları tikilərək avadanlıqla təchiz edilib. Bundan başqa, bir yeni su anbarı tikilib, bir anbar isə bərpa olunub. İkinci mərhələdə Zilbançay su mənbəyi inşa edilib və beş kilometr uzunluğunda magistral su xətti çəkilib. Şəhərin iki zonasında su anbarları sahəsi yaradılıb. Bu sahələrdəki su anbarları bərpa edilib, bir yeni su anbarı inşa olunub. Həmçinin şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli Sukanal İdarəsinin istehsalat bazası tikilib. Bütün abonentlər su sayğaçları ilə təmin ediləcək. Üçüncü mərhələdə çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Məhsuldarlığı gün ərzində 10 min kubmetrə çatan çirkab sutəmizləyici qurğular kompleksinin potensialı Zaqatala şəhərini və 7 kəndi əhatə edir. Müasir texnologiyanın tətbiq olunduğu çirkab sutəmizləyici qurğular kompleksi 2014-cü ilin birinci rübündə istismara veriləcək.

Xatırladaq ki, avqustun 17-də Prezident İlham Əliyev Zaqatala şəhərinin tarixi mərkəzinin yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olub. Tarixi mərkəz adlanan ərazi 1850-ci illərdə salınan hazırkı Dədə Qorqud meydanını, Qala düzü pilləkənlərini, Heydər Əliyev prospekti və "28 May" küçəsinin bir hissəsi daxil olmaqla, təxminən 6,2 hektar ərazini əhatə edir. Dədə Qorqud meydanında yenidənqurma işlərinə 2012-ci ilin aprelində başlanıb. Meydanda Dədə Qorqudun 2,5 metrlik heykəli ucaldılaraq memorial kompleks tikilib. Burada 6 bürc, fəvvarəli 4 hovuz, 6 giriş-çıxış qapısı quraşdırılıb. Meydanda mindən çox dekorativ ağac və gül kolu əkilib. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Tarixi mərkəzdə 50-dən çox fərdi evin, ictimai binanın və sahibkarlıq obyektinin dam örtüklərində və fasadlarında yenidənqurma işləri aparılıb. Heydər Əliyev prospekti əsaslı surətdə təmir olunub. Bundan başqa, səkilərə və meydana 5 min kvadratmetrə qədər tamet piltə döşənib, 400 kvadratmetr sahədə isə yaşıllıq zolağı salınıb. Hazırda Heydər Əliyev prospektində, Dədə Qorqud meydanının ətrafında olan yaşayış və ictimai binaların fasadlarının tarixi görkəminin bərpası işləri davam etdirilir.

Zaqatalada Heydər Əliyev Mərkəzinin tikintisinə isə bu ilin aprelində başlanıb. Ən müasir standartlar səviyyəsində inşa olunan Mərkəzin binasında muzey, iki konfrans salonu, kinozal, internet-kitabxana, milli rəqs, heykəltəraşlıq, dizayn, xalq yaradıcılığı və foto studiyaları, həmçinin dərnək otaqları və kafe yaradılacaq. Binada daş-hörgü işləri başa çatdırılıb. Hazırda dam örtüyü quraşdırılır və suvaq işləri görülür. Binanın həyətində 2 min 500 kvadratmetr əraziyə tamet piltə döşənəcək, 4 min 700 kvadratmetr ərazidə isə yaşıllıq salınacaq. Burada, həmçinin fəvvarəli üç hovuzun tikintisi nəzərdə tutulur. Mərkəzin binasında tikinti işlərinin 2014-cü ilin mayında başa çatdırılması planlaşdırılır. Heydər Əliyev Mərkəzində 25-30 nəfər daimi işlə təmin olunacaq.

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində 2013-cü ilin birinci yarısında Zaqatala rayonunda 92,1 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,7 faiz çoxdur. Əvvəlki illə müqayisədə sənayedə məhsul buraxılışı 19,6 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 13,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 5,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,7 faiz, tikinti işlərinin həcmi isə 4 dəfə artıb. Hesabat dövründə rayonda 432-i daimi olmaqla, 492 yeni iş yeri açılıb. Cari ilin ötən dövrü ərzində rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 36 milyon manat artaraq 45,2 milyon manat, o cümlədən tikinti-quraşdırma işləri 35,1 milyon manat təşkil edib. Aqrar sahədə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 milyon manat artaraq 29,4 milyon manat olub. Əlverişli iqlim şəraiti, coğrafi mövqeyi, qədim tarixi abidələri, zəngin fauna və florası ilə seçilən Zaqatala rayonunda son illər turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Zaqatala Beynəlxalq Hava Limanının 2008-ci ildə istifadəyə verilməsi burada, eləcə də qonşu rayonlarda turizmin inkişafı üçün əlavə imkanlar açıb. Təsadüfi deyildir ki, rayona gələn turistlərin sayında ildən-ilə artım müşahidə olunmaqdadır. Belə ki, 2012-ci ildə rayona 6 minə yaxın turist gəlmişdisə, cari ilin 7 ayında bu göstərici qeyri-rəsmi məlumatlara görə, on minə yaxınlaşıb. Hazırda Zaqatalada 10 turizm obyektindən 6-na Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya verilib. Turizm obyektlərinin 4-də əsaslı təmir işləri aparılır. "Qrata", "Zaqatala", "Turqut", "Göyçə", "İş" otelləri, "Simurq", "Ləzzət" istirahət mərkəzlərində turistlərə müasir standartlara uyğun xidmətlər göstərilir. Bu obyektlər artıq yerli və xarici turistlərin rəğbətini qazanıb.

Turizm obyektlərində qiymətlər sutka ərzində bir nəfər üçün 15-80 manat arasında dəyişir. Bu sahədə çalışanların peşəkarlığının artırılması üçün vaxtaşırı təlimlər keçirilir, kurslar təşkil olunur. Turistləri rayonun görməli yerləri, qədim tarixi abidələri ilə tanış etmək üçün 4 turizm marşrutu müəyyənləşdirilib. Marşrutlar üzrə ekskursiya mətnləri hazırlanıb. Zaqatala şəhərindəki IV-V əsrlərə aid Alban məbədi, XIX əsrə aid "Zaqatala qalası", Car kəndindəki XIV əsrə aid "Cingöz qala", Yuxarı Çardaxlar kəndindəki V əsrə aid "Pəri qalası", Mosul kəndindəki minarə, habelə rayonun əsrarəngiz təbiət guşələri, o cümlədən Zaqatala şəlaləsi, Xalxal gölü, Honzoqor dağı, Moorçay, Mazıx kəndində yerləşən şəlalə turistlər üçün böyük maraq kəsb edir. Zaqatala Dövlət Təbiət Qoruğu rayonda ekoturizmin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Rayonda kənd yaşıl turizm növü daha geniş yayılıb. Car, Meşleş, Mazıx, Yuxarı Tala, Yuxarı Çardaxlar kəndlərində turistlər fərdi evlərdə ailəvi istirahət etməyə daha çox üstünlük verirlər. Digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz