Əlaqə Arxiv
news Image
2013.12.20
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Özəl sektor Gəncədə sürətlə inkişaf edir

Bu gün Azərbaycan regionlarında öz dinamik inkişafı ilə seçilən sahələrdən biri də sahibkarlıq institutudur. Hazırda ölkənin ən müxtəlif şəhər və rayonlarında sahibkarlığın sürətli tərəqqisini aydın görmək mümkündür. Son illərdə ölkəmizin ən böyük şəhərlərindən biri olan Gəncədə də sahibkarlıq özünün yüksəliş mərhələsini yaşamaqdadır. Bu mənada tamamilə təbiidir ki, şəhərdə ümumi daxili məhsulun istehsalında özəl sektorun xüsusi çəkisi getdikcə artır.

Ümumiyyətlə, ölkənin digər bölgələrində olduğunu kimi, Gəncədə də bazar iqtisadiyyatının ayrılmaz atributlarından olan sahibkarlığın inkişafına xüsusi qayğı göstərilir. İlk növbədə ona görə ki, sahibkarlıq insan şəxsiyyətinin ifadə forması və inkiaşfı, onun qabiliyyət və tələbatları, əmək potensialının realizasiyası kimi mühüm məqamları da özündə ehtiva edir. Eyni zamanda, sahibkarlıq ümumi inkişafda mühüm çəkiyə malik olaraq iqtisadi tərəqqinin daha sürətli xarakter almasına kifayət qədər önəmli sayılan, bəzi hallarda bu tərəqqinin əsasına çevrilən möhtəşəm töhfələr verir. Bu mənada iqtisadi tərəqqi yolunu azad bazar münasibətləri şəraitində həyata keçirən hər bir dövlət üçün sahibkarlıq institutunun inkişafı xüsusi əhəmiyyət kəsb edir, iqtisadi siyasət strategiyasının ən önəmli hissələrindən birinə çevrilir. Azərbaycan üçün də keçərli olan bu hal qeyd olunduğu kimi, Gəncədə də özünü qabarıq büruzə verir.

Ölkəmizin yeni müstəqillik tarixində Gəncədə də çoxsaylı sahibkarlıq subyektləri yaranıb və onlar özəl sektorun inkişafı istiqamətində böyük işlər görürlər. Burada həm də elə sahibkarlıq və istehsal müəssisələri fəaliyyət göstərir ki, onlar ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Məsələn, "DET AL" Alüminium MMC-nin Gəncə alüminium zavodunu buna misal göstərmək olar. Məlumat üçün bildirək ki, "DET AL" alüminium kompleksinin ümumi ərazisi 74 hektardır. Burada birinci faza elektroliz, anod prosesləri, fasiləsiz metaltökmə və isti yayma zavodları, 110 kilovoltluq yarımstansiya, silisium düzləndirici yarımstansiya, elektroliz zavodunun idarəetmə mərkəzi, gil-torpaq qəbulu, quru qaztəmizləmə, kompressor sahələri, dövri su sistemləri və soyutma qüllələri, qazpaylayıcı stansiya, yanğınsöndürmə sistemləri, fülorid, anod və katod karbon bloku anbarları, inzibati bina və laboratoriya binası tikilib. Bu obyektlərin ümumi sahəsi 57 min kvadratmetrdir. Kompleks daxilində uzunluğu 2,1 min metr olan dəmir yolu xətti çəkilib, 1200 metr uzunluğunda beton, 2 min metr uzunluğunda asfalt yollar salınıb, 74 hektar ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılıb.

Qeyd edək ki, 2008-ci ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan kompleksdə məhsul istehsalı 3 zavodda sistemli şəkildə həyata keçirilir. Birinci mərhələdə yeni zavodda ildə 50 min ton ilkin alüminium istehsal edəcək 240 kiloamperlik 84 elektroliz təknəsi quraşdırılıb. Bu təknələrdə yüksək keyfiyyətli A-8, A-7E, A-7, A-6 markalı texniki baxımdan təmiz ilkin alüminium əldə edilir. Zavodda bişmiş anodlu təknələr qurulub. Burada müasir quru qaztəmizləmə sistemləri vasitəsilə atmosferə atılan tullantıların 98,5 faiz təmizlənməsi həyata keçirilir. Gəncə "DET AL" alüminium kompleksinin işə başlaması nəticəsində xeyli sayda insan işlə təmin edilib.

İşçilərin orta aylıq əməkhaqqı da yüksəkdir. Zavodun tikintisinə Gəncədən və respublikamızın digər regionlarından 2000-dən çox işçi cəlb edilib. Yerli gənc mühəndislər üçün texnologiyanı daha dərindən öyrənmək məqsədi ilə təlimlər təşkil olunkb. Elektroliz proseslərindən çıxan maye metal fasiləsiz metaltökmə və isti yayma zavoduna daşınır. Burada hər birinin uzunluğu 60 metr olan və yüksək avtomatlaşdırma səviyyəsinə malik iki tökmə avadanlığı quraşdırılıb. Bu konveyerlərin məhsuldarlığı saatda 20 tona qədərdir və istehsal edilən külçələr "DET.AL AZE" loqotipinə malik olmaqla 22,5 kiloqramdır.

Xatırladaq ki, ötən ilin yanvarında Prezident İlham Əliyev kompleksin açılışında şəxsən iştirak edib və görülən işləri yüksək qiymətləndirib. Çünki, burada beynəlxalq standartlara cavab verən məhsullar hazırlanır. Zavodda istehsala başlanması və davamlılığın təmini üçün tələb olunan keyfiyyətdə xammalın tədarükü vacib məsələlərdən biridir. Bu məqsədlə Hollandiya, İndoneziya, Çin, Rusiya, Monqolustan, Latviya, Venesuela, Tacikistan kimi ölkələrdən 15 adda xammal gətirilib. Onu da qeyd edək ki, burada bütün istehsal prosesi kompüterlər vasitəsilə avtomatlaşdırılmış şəkildə aparılır. Hər 3 müəssisədə xammalın qəbulundan məhsul istehsalınadək bütün proses dəqiq şəkildə icra olunur. Mövcud idarəetmə sistemi baş verə biləcək bütün nasazlıqların qarşısını almağa qadirdir. Onu da bildirək ki, alüminium sənayesinin inkişafı məqsədi ilə ölkəmizdə alüminium yarımfabrikat məhsullarının istehsalını nəzərdə tutan metalyayma layihəsi üçün dövlət tərəfindən 2010-cu ildə güzəştli kredit ayrılıb. Layihə çərçivəsində isti və soyuq metalyayma zavodlarının tikintisi, eləcə də boyama xəttinin qurulması nəzərdə tutulur. Layihənin illik məhsuldarlığı müxtəlif ölçüdə 35 min ton adi alüminium rulon və vərəqlərin istehsalı, 15 min ton məhsulun isə boyanmasından ibarətdir. Burada tikinti sektoru üçün nəzərdə tutulan və sifarişçinin istəyindən asılı olaraq 0,2-0,6 mm qalınlığında müxtəlif rənglərdə alüminium rulonların istehsalı mühüm əhəmiyyət kəsb edir.Qeyd edək ki, yeni alüminium zavodu ilə yanaşı, Gəncədə poladəritmə kompleksinin tikintisi layihəsi çərçivəsində də bir sıra işlər görülüb. Burada istehsal gücü 850 min ton olan yeni "DRI" zavodunun tikintisi mühüm əhəmiyyət kəsb edir. 2014-cü ildə yeni "DRI" zavodunun tikintisi başa çatdırılacaq, polad zavodunun tikintisi davam etdiriləcək. 2016-cı ildə isə Gəncədə yeni polad zavodunun tikintisi başa çatdırılacaq. İstehsal olunan məhsullara beynəlxalq sertifikatlar alınacaq. 2012-2016-cı illərdə həyata keçirilən layihəyə 630 milyon dollar investisiya qoyulacaq, işçilərin sayı 3 min 800 nəfərə çatdırılacaq.

Bütün bu qeyd edilənlər Gəncədə təkcə bir istehsal müəssisəsinin fəaliyyətini əhatə edir, halbuki, şəhərdə istehsal müəssislərinin sayı çoxdur. Göstərilən nümunə isə ölkəmizdə məhz güclü sahibkarlar sinifinin formalaşmasını xarketrizə edir. Qeyd olunduğu kimi isə bu gün Azərbaycanda ümumi daxil məhsul istehsalında artıq özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinifinin rol və mövqeyi davamlı şəkildə güclənir. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, eyni zamanda, sözügedən institutun daha sürətli tərəqqisi məqsədilə sistem halında ardıcıllıq prinsipi ilə həyata keçirilən, biri-birini tamamlayan iqtisadi islahatlar bundan sonra da sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaradıb.

Bütün bunlar Azərbaycanın iqtisadi inkişaf strategiyasında sahibkarlığın rol və yerinin nə qədər uzaqgörənliklə və düzgün bir şəkildə müəyyən olunduğunu qabarıq şəkildə nümayiş etdirir. Ölkənin yeni müstəqillik tarixinin təhlil və mənzərəsi isə öz növbəsində belə bir reallığı ortaya qoyur ki, digər mühüm sahələrdə olduğu kimi, Azərbaycanda sahibkarlıq institutnunun formalaşıb inkişaf etməsinin müəllifi kimi ümummilli lider Heydər Əliyev çıxış edir. Ölkəmiz yeni dövlət müstəqilliyini əldə etdikdən sonra, ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışına qədər olan dövr ərzində iqtisadi sferada həyata keçirilən yanlış siyasət və bunun nəticəsində formalaşmış mühit sahibkarlığın, onun maddi əsasının yaranmasına qətiyyən imkan vermirdi. Çünki yeni iqtisadi şəraitin tələblərinə uyğun islahatların həyata keçirilməsində gecikmələrə yol verilir, həyata keçirilən tədbirlər isə epizodik olub, sistemsiz bir xarakterə malik idi. Belə vəziyyət inkişaf göstəricilərinin aşağı düşməsinə, maliyyə və istehsal sahələrində qeyri-sabitliyin hökm sürməsinə, ümumi daxili məhsulun ötən illərlə müqayisədə azalmasına rəvac verirdi. Özəlləşdirmənin aparılmaması, qiymətlərin liberallaşdırılmaması sahibkarlığın yaranıb inkişaf etməsinin qarşısında başlıca maneə olaraq qalırdı. Beləliklə, dövlət müstəqilliyinin qazanılmasından sonra 1993-cü ilə qədər olan dövrdə sahibkarlıq institutunun formalaşması mümkünsüz oldu.

Yalnız Heydər Əliyevin hakimiyyətət qayıdışı ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunması ilə sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm digər mühüm əməli tədbirlər görüldü, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi. Bütün bunların real nəticəsi isə artıq özüün qabarıq büruzə verir. Ölkədə, o cümlədən Gəncədə özəl sektor sürətlə inkişaf edir.

R. BAYRAMOV

(ardı var)

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz