Əlaqə Arxiv
news Image
2013.12.18
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Nizami yurdu özünün intibah dövrünü yaşayır

Bu gün Azərbaycanın istənilən bölgəsinə nəzər yetirdikdə burada modernizm ənənələri gözlənilməklə dinamik bir tərəqqinin yaşandığını aydın görmək mümkündür. Elə bunun nəticəsidir ki, hazırda beynəlxalq miqyasda inkişaf səviyyəsinə görə, müasir Azərbaycan lider dövlətlər sırasında yer alır. Artıq inkişafın paralel islahatlar əsası üzərində köklənən modelini yardan Azərbaycan dünyada sosial-iqtisadi tərəqqi baxımından uğurlu bir nümunə rolunu da oynamaqdadır.

Təqdirəlayiq haldır ki, ölkəmizdə yaşanan bu dinamik inkişaf Azərbaycanın hər bir bölgəsində özünü qabarıq büruzə verir. Sürətli tərəqqinin belə ünvanlarından biri də dünyanın ən böyük ədəbi mütəffəkirlərindən biri olan dahi Nizaminin yurdudur. Məlumat üçün bildirək ki, ərazisi 110 kvadratkilometr olan qədim mədəniyyət abidəsi - Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində Gəncə-Qazax düzündə, Gəncə çayın hər iki sahilində yerləşir. Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamış və 4000 ildən artıq yaşı olan bu şəhər indi tərəqqisinin yeni mərhələsini yaşayır.

Bütün bunlar isə öz növbəsində bu qədim diyarın həmişə olduğu kimi, bundan sonra da Azərbaycanın ümumi sosial-iqtisadi tərəqqisində böyük rol oynamaqda davam edəcəyini göstərir. Tarixi ənənələrin yaşadıldığı bu şəhərdə həm də müasirlik özünü qabarıq büruzə verir. Bunu şəhərdə gedən geniş-abadlıq quruculuq işlərindən də aydın görmək mümkündür. Ancaq müasir Gəncədən bəhs edərkən onun tarixinə mütləq ayrıca toxunmaq lazım gəlir. Çünki yuxarıda qeyd olunduğu kimi, şəhərdə yaşanan bugünkü tərəqqi həm də tarixi ənənələrə söykənir.

Yeni müstəqillik tarixində aparılan araşdırmalar isə Gəncənin Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. Məlum olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin inkişafı ilə yanaşı, qədim yaşayış məskənlərimizin tarixinin öyrənilməsinə də başlanıldı. Bu fonda o da xüsusi qeyd edilməlidir ki, ulu öndər Heydər Əliyev həmişə tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində əvəzsiz işlər görüb. Bu gün bu siyasəti Prezident İlham Əliyev davam etdirir. Bu xüsusda Heydər Əliyev Fondunun reallaşdırdığı bir sıra yerli və beynəlxalq layihələr əsasında da xalqımızın maddi, mənəvi sərvətlərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib. Fondun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində Gəncədə tarixi memarlıq abidələrinin bərpası sahəsində böyük işlər görülüb. Buna misal kimi VII-VIII əsrlərə aid Comərd Qəssab türbəsi və xalqımızın canlı qəhrəmanlıq salnaməsini yaratmış Cavad xanın abidəsinin, qədim Gəncə qapılarının Heydər Əliyev Fondu tərəfindən bərpa olunmasını göstərmək olar. Gəncənin tarixinin daha dəqiq araşdırılması üçün xarici mütəxəssislərin iştirakı ilə arxeoloji qazıntılar aparılıb və proses davam etdirilir.Əldə edilən nəticələr göstərir ki, ən qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan, şairlərin, filosofların, alimlərin məkanı olan Gəncə dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi dahilər bəxş etməklə yanaşı, siyasi, iqtisadi çəkisinə görə də daim fərqlənib.

Digər tərəfdən, bu qədim şəhər tarixi baxımından Azərbaycanın dünyada tanıdılmasında da özünəməxsus rol oynayır. Bu kontekstdə UNESCO-nun sabiq baş direktoru, qurumun fəxri baş katibi Federiko Mayor Saraqosanın fikirləri xüsusi diqqət cəlb edir. O bildirir ki, dünyada 4000 min illik tarixi olan və tarixi köklərini təbliğ edən çox az sayda şəhər var. ABŞ-ın məşhur elmi-tədqiqat və muzey mərkəzi olan Smitsonian İnstitutu da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə ünvanladığı məktubda Gəncə sakinlərini bu qədim şəhərin əsasının qoyulmasının 4000 illik yubileyi münasibətilə təbrik edib. İnstitutun Asiya Mədəniyyəti Tarixi Proqramının direktoru Pol Mayklın adından göndərilən təbrik məktubunda bu fikirlər ayrıca diqqət cəlb edirdi: "Gəncə gözəl və qədim tarixi şəhərdir. Onun adı xüsusi heyranlıqla yunan və Romanın tarixi mənbələrində, ədəbiyyat və fəlsəfənin tarixi sənədlərində, əsasən də Nizamı Gəncəvinin vətəni olaraq öz yerini tapıb. Gəncə şəhəri tarixi əhəmiyyətini müasir dövrdə də qoruyub saxlaya bilib. Bu şəhər bütün Şərqdə və müsəlman dünyasında ilk demokratik respublikanın beşiyi olmaqla əhəmiyyətini bir daha dünyaya nümayiş etdirib. Aparılan araşdırmalar nəticəsində əldə olunan tapıntılar Gəncənin 4000 illik tarixini təsdiqləməklə yanaşı, bu şəhərin daha qədimlərə söykənən, bəşər insanının ilkin məskunlaşmasını əks etdirən yerlərdən biri olduğunu sübut edir".

UNESCO-nun baş direktoru İrina Bokova isə bildirib: "Mən böyük məmnunluqla Azərbaycan xalqını qədim Gəncə şəhərinin təməlinin qoyulmasının 4000 illik yubileyi münasibətilə təbrik edirəm. İpək Yolunun qovşağında yerləşən Gəncə şəhəri bu yol boyu mövcud olan ticari və mədəni mübadilə ilə dialoqların qurulmasında böyük rol oynayıb. Gəncə uzun müddətdir UNESCO-nun ideyası olan dialoq və qarşılıqlı anlaşmanın əsasında duran bilik, elm və müxtəlif insanların tolerantlığının qovşağı kimi tanınır. Bu ruha malik Gəncə, tarixin bütün dövrlərində filosofların, şairlərin, alimlərin məkanı olub. Təsadüfi deyil ki, məhz dahi Nizami Gəncəvi və Məhsəti Gəncəvi burada yaşayıb və yaradıblar. Gəncənin zəngin irsi və tarixi onun sakinlərini bir çox çətinliklər qarşısında güclü və möhkəm edib. Bu gün Gəncə şəhəri Mərkəzi Asiya və Aralıq dənizi arasında yerləşən Qafqaz da daxil olmaqla daha geniş bir coğrafiyada aparıcı yer tutur. Bu münasibətlə Gəncə şəhərinin sakinlərini bir daha təbrik edirəm".

O da birmənalı həqiqətdir ki, zəngin keçmişi olan ölkənin zəngin gələcəyi də olur. Gəncənin bu gün sürətlə gedən yeni tədqiqi şübhəsiz ki, Azərbaycanın qədim dövrünün araşdırılması işinə də dəyərli töhfələr verəcək. Bir daha xatırladaq ki, Gəncənin 4000 illik tarixi Amerika Birləşmiş Ştatları, İngiltərə və digər ölkələrin arxeoloqları tərəfindən aparılan araşdırmalar nəticəsində də təsdiq olunub. Gəncə haqqında hesabatın UNESCO tərəfindən təqdim olunması isə bu qədim şəhərin tarixinin bəşəriyyət üçün əhəmiyyətini təsdiq edən bir hadisədir.

Onu da qeyd edək ki, tarixi mənbələrə əsasən, qədim türk tayfalarından olan Gəncəklərin adından götürülmüş Gəncə şəhəri tarixin müxtəlif mərhələlərində paytaxt statusunu qoruyaraq Azərbaycanın qədim dövlətçilik və müstəqillik ənənələrinin qorunmasında mühüm əhəmiyyət kəsb edib. VII əsrdə bura xilafətin baş əyalət şəhəri, X əsrdə Arranın və Şəddadilərin paytaxtı, XI əsrdə Səlcuq, XII-XIII əsrlərdə Atabəylər dövlətinin iqamətgahlarından olub. Şəhər 1804-cü ildən 1918-ci ilə qədər Çar I Aleksandrın arvadının adıyla (Yelizavetpol) adlandırılıb. Gəncə əvvəlki adını 1935-ci ilədək yenidən bərpa edib və 1935-ci ildə Kirovabad adlandırılıb. Daha sonra 1989-cu ildə bu ad yenidən qaytarılıb və artıq öz tarixi adı olan Gəncə adını daşıyır.

Bu gün isə Azərbaycanda Gəncə iqtisadi, mənəvi baxımdan çox mühüm yer tutur. Şəhərdə yaşanan mövcud yüksək tərəqqiyə rəvac verən amillərdən biri regionların inkişafını özündə ehtiva edən müvafiq dövlət proqramlarıdır. Qeyd edək ki, artıq başa çatmaqda olan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən, şəhər üzrə ən müxtəlif sahələrin inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub. Həmin sahələr sırasında sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, ekologiya və təbii sərvətlərdən istifadə, yol təsərrüfatı və nəqliyyat, elektrik enerjisi, istilik və qaz təchizatı, su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması tədbirlərni qeyd etmək olar. Eləcə də, Dövlət Proqramına əsasən, şəhər üzrə aşağıdakı tədbirlər həyata keçrilib və keçrilməkdədir: Maşınqayırma, metallurgiya, cihazqayırma, yüngül və yeyinti sənaye sahələrinin inkişafının dəstəklənməsinin davam etdirilməsi. Kənd təsərrüfatı üzrə elmi-tədqiqat institutlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi. Şəhərdaxili və məhəllədaxili yolların və mövcud körpülərin əsaslı təmiri. Şəhər ərazisində yeni avtomobil körpülərinin inşası. Şəhərin yaşayış ərazilərinin elektrik şəbəkələrinin yenidən qurulması. Şəhərin səhiyyə müəssisələrinin mövcud qazanxanalarının modernləşdirilməsi, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası. Şəhərin qaz təminatının yaxşılaşdırılması və yeni yaşayış massivlərinin qazlaşdırılması. Şəhərdə müasir rabitə şəbəkəsinin yaradılması. Televiziya proqramlarının yayım keyfiyyətinin yüksəldilməsi. Şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması. Gəncəçay çayının sahilboyunun və məcrasının yenidən qurulması işlərinin davam etdirilməsi. Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün ixtisaslaşdırılmış müəssisələrin yaradılması. Şəhərin səhiyyə müəssisələrinin təmiri, avadanlıq və inventarlarla təchiz olunması.

Şəhərin mədəniyyət obyektlərinin və abidələrinin əsaslı təmiri, yenidən qurulması, bərpası və tikintisi. İdman-sağlamlıq obyektlərinin təmiri və tikintisi. Təhsil müəssisələrinin əsaslı təmiri, idman zallarının, əlavə sinif otaqlarının və yeni məktəb binalarının tikintisi. Qeyd olunan istiqamətlər üzrə kifayət qədər böyük nəticələrə yol açan işlər görülüb.

R.BAYRAMOV

(ardı var)

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz