news Image
2014.01.28
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionların sosial-iqtisadi inkişafında turizmin xüsusi çəkisi artır

Ölkə regionlarında yaradılan yeni infrastruktur bölgələrdə iqtisadi tərəqqini daha da sürətləndirməkdə, eyni zamanda Azərbaycana gələn əcnəbilərin sayının illər üzrə çoxalmasına səbəb olmaqdadır. Bütün bunlar nəticə etibarı ilə ölkəmizdə turizmin inkişafına böyük təkan verir, qeyri-neft sektorunun bu sahəsindən əldə edilən maddi gəlirin də həcminin artımını şərtləndirir. Qeyd olunduğu kimi, bu məsələdə regionların, xüsusən də gözəl təbiətə malik bölgələrin xüsusi çəkisi davamlı surətdə artır.

Bölgələrdə yaradılan yeni infrastruktur, o cümlədən inşa olunan yeni otellər buraya üz tutan insanların hər cür rahatlıqla təmin edilməsində mühüm rol oynayır. Qeyd edək ki, son 10 ildə Azərbaycanda otel və mehmanxana tipli obyektləırin sayı 5 dəfədən cox artıb. Yeni inşa edilən otellərin yarıdan çoxu isə məhz regionların payına düşür. Bu fonda Azərbaycana gələn əcnəbilərin sayı da son 10 ildə əhəmiyyətli dərəcədə artıb. Onların böyük əksəriyyəti isə paytaxt Bakı ilə yanaşı, Azərbaycan bölgələrinə də baş çəkiblər. Eyni zamanda, yaradılan şərait nəticəsində daxili turizmin inkişafında da ciddi nailiyyətlər əldə olunub.

Bütün bunları konkret rayonların timsalında aydın görmək olar. Məsələn, gözəl flora və faunası, qədim tarix və mədəniyyət abidələri ilə zəngin olan İsmayıllıya istirahət və gəzmək üçün üz tutanların sayı ildən-ilə artır. 2009-cu ildə rayona gələnlərin sayı 15000 nəfər, 2012-ci ildə 74961 nəfər, ötən il isə 81845 nəfər olub. Özü də İsmayıllı ərazisində istirahət edənlərin 25-30 faizi xarici turistlərdir.

Turizmin inkişafına göstərilən dövlət qayğısı turizm potensialının yüksək olduğu İsmayıllıda bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə güclü təkan verir. Bu gün rayonda 1043 yerlik 23 mehmanxana və istirahət mərkəzi fəaliyyət göstərir ki, bunlardan da 10-u Mədəniyyət və Turizm Nazirliyinin lisenziyasını alıb. Hazırda rayonun Talıstan kəndi yaxınlığında müasir standartlara cavab verəcək 202 yerlik "Şeroten otel" istirahət kompleksi tikilir.

Bu gün turistləri bölgənin tarix və mədəniyyət abidələri, xalqımızın qədim həyat və məişətinə dair maddi-mədəniyyət nümunələri çox maraqladır. Təsadüfi deyil ki, onlar Lahıc və Basqal tarix və mədəniyyət qoruqlarına, rayonun qədim yaşayış məskənlərindən olan Mollaisaqlı, Sulut, Xankənd, Qalacıq, Qalagah və bir sıra digər ərazilərində yerləşən 233 tarix və mədəniyyət abidələrinə gəzintilərə çox maraq göstərirlər. Bu abidələrdən biri - Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu dünya əhəmiyyətli, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətlidir. Onu da bildirək ki, İsmayıllıda son illərdə 73 yeni tarix və mədəniyyət abidəsi aşkar edilib. Hazırda onların tədqiqi və turistlərə təqdimatı istiqamətində müvafiq işlər görülür.

Ölkənin şimal-qərb qapısı sayılan Balakən rayonu da əlverişli iqlim şəraiti, zəngin fauna və florası, yaşıl meşələri, şəlalələri və digər özəllikləri ilə son illər yerli və xarici turistlərin diqqətini daha çox özünə cəlb edir. Rayonun ərazisində turistlər və gələn qonaqlar üçün maraqlı ola biləcək əvəzsiz təbiət guşələri, qədim tarixi abidələr, müvafiq infrastruktur mövcuddur. Bütün bunların nəticəsidir ki, rayona gələn turistlərin sayı ildən-ilə artır. Statistik göstəricilərə nəzər salsaq, 2010-cu ildə Balakənə 7 min 935 nəfər, 2011-ci ildə 8 min 974, 2012-ci ildə 18 min 981, 2013-cü ildə isə 20 min 103 nəfər turist gəlib. Son 3 ildə rayona gələn xarici turistlərin sayı artaraq 105 nəfərdən 2013-cü ildə 2 min 121 nəfərə çatıb. Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının qərarı ilə respublikamızın 4 nömrəli turizm marşrutuna daxil edilən Balakən rayonunda 12 turizm marşrutu və rekresiya zonaları müəyyənləşdirilib.

Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq son illər Balakən rayonunda da xeyli işlər görülüb, müasir tələblərə cavab verən yeni turizm obyektləri yaradılıb, mövcud infrastruktur daha da yaxşılaşdırılıb. Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında turistlərin, rayona gələn qonaqların, uşaq və gənclərin, eləcə də, yerli əhalinin mənalı istirahətləri üçün hər cür şərait yaradılıb, yeni attraksion və yelləncəklər quraşdırılıb. Parkın ərazisində 1200 metr uzunluğunda kanat yolu, həmçinin 132 yerlik 4 ulduzlu "Qubek" oteli fəaliyyət göstərir. Balakən rayonunda əsasən idman və kənd yaşıl turizmi inkişaf etməkdədir. Bundan əlavə, turistlər dağ, atçılıq, balıqçılıq, ovçuluq və digər turizm növlərinə də maraq göstərirlər.

Ötən il ərzində Xızı rayonuna 10 mindən çox turist gəlib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur. Rayona gəlmiş əcnəbi turistlər arasında MDB ölkələrindən, Böyük Britaniyadan və Amerika Birləşmiş Ştatlarından olanlar üstünlük təşkil etdib. Mülayim iqlimi, təmiz havası ilə seçilən Xızı paytaxta ən yaxın dağ rayonu olduğundan, Bakıdan bu rayona gəlmək də ucuz başa gəlir. Xızıya gələn turistlərin sayı çox olduğundan, rayonda daha çox sayda otelin tikintisinə ehtiyac yaranıb.

Turizmin dinamik şəkildə inkişaf

etdiyi məkanlar sırasında Qusar rayonu da xüsusi qeyd olunmalıdır. Burada "Şahdağ" Qış-Yay Turizm Kompleksinə üz tutanların sayının nə qədər çox olmasını Yeni il tətili də aydın göstərdi. Tətil müddətində "Şahdağ" Qış-Yay Turizm Kompleksinə gələn əcnəbilərin sayı da kifayət qədər çox oldu. Bayram günlərində "Şahdağ" Qış-Yay Turizm Kompleksində yerləşən "Zirvə", "Qaya" "Şahdağ Resort SPA" otellərindəki nömrələrin hamısı əvvəlcədən kirayələnmişdi. İstirahət mərkəzində xizək sürmək üçün lazım olan bütün avadanlıq və geyimlərin satıldığı, eləcə də kirayə verildiyi obyektlər fəaliyyət göstərir. "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki şərait turistləri tamamilə razı salır. Peşəkar xizəkçilər hazırda kompleksin 7 xizək zolağından istifadə edirlər. Bu zolaqlardan məsafəyə görə ən böyüyünün uzunluğu 2 kilometrə bərabərdir. Turistlər kompleksdə artıq istifadəyə verilmiş 6 kanat yolundan yararlanırlar. Onu da xüsusi qeyd etmək lazım gəlir ki, "Şahdağ" Qış-Yay Turizm Kompleksi Azərbaycanın tarixində ilk dağ-xizək kurortudur. Sözügedən layihənin reallaşdırılması ölkədə dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır. Kompleksin tikintisi çərçivəsində ərazidə yeni otellər şəbəkəsinin yaradılmasına xüsusi önəm verilib.

Dağ-xizək idmanından bəhs edərkən Qəbələ barədə də geniş bəhs etmək lazım gəlir. Belə ki, Qəbələdəki "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi bu sırada mühüm yer tutur. Bu iri kompleksin inşası göstərir ki, paytaxt ilə yanaşı, indi bu prosesə regionlar da cəlb olunmuşdur və bölgələrimizdə irimiqyaslı turizm layihələri icra edilir. "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi də ölkəmizdə turizmin yeni istiqamətinin meydana çıxması baxımından xüsusi əhəmiyyətə malikdir. Layihə çərçivəsində indiyədək "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılıb, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülüb. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir. Xizək kompleksinə yaxın ərazidə "Qolf resort" idman və istirahət mərkəzinin tikintisi də nəzərdə tutulub.

Bu kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunub, on xizək yolundan beşində inşaat işləri başa çatıb. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Bu qış mövsümündə kanat xətlərində gəzinti, xizəklə sürüşmək və iaşə obyektlərinin xidmətlərindən istifadə etmək mümkündür. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılıb. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir. Kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər. Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilmişdir. Bütünlükdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir.

Bu layihənin reallaşdırılması respublikada dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün də hərtərəfli imkanlar açır. Bu, gələcəkdə qış idman növlərində milli idmançılarımızın yetişməsində əvəzsiz rol oynayacaq. Bütün bunlar regionlarda turizmin sürətli inkişaf yolunda olmasından xəbər verir.

R.BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs