news Image
2012.06.06
18:36
| A A A
LAYİHƏNİN ADI: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionlarda özəl təsərrüfatın inkişafı yeni keyfiyyət mərhələsində

Bu gün dünya miqyasında da qəbul olunmuş həqiqətdir ki, Azərbaycan iqtisadi inkişaf tempinə görə nəinki regionda və MDB məkanında, həmçinin şərqi Avropada lider mövqelərdən birinin sahibi kimi çıxış edir. Ölkəmizdə sosial-iqtisadi siyasətin strateji məqsədləri olaraq qarşıya qoyulmuş sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, çoxşaxəli milli iqtisadiyyatın formalaşdırılması, onun dünya təsərrüfat sisteminə uğurlu inteqrasiyasının təmin olunması istiqamətində Azərbaycan böyüyk müvəffəqiyyətlərin müəllifi kimi tanınır.

O da birmənalı şəkildə qəbul olunmuş həqiqətdir ki, azad bazar münasibətləri şəraitində Azərbaycan iqtisadiyyatının inkişaf tempinin daha mütəhərrik hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr bu gün paytaxt və regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini müvəffəqiyyətlə təmin edib.

Görülən işlər eyni zamanda sahibkarlığın da tərəqqisinə ciddi təsir göstərir və bütün bunları regionlarda aydın müşahidə etmək mümkündür. Azərbaycan dövlətinin əsas məqsədi paytaxtla yanaşı, regionların inkişafına nail olmaqdır. Regionlarda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində uğurlu addımlar atılmaqdadır. Qeyd etmək lazımdır ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki Dövlət Proqramı qəbul edilib və bu proqramların icrası nəticəsində Azərbaycan regionları sürətlə inkişaf edib.

Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açıb. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə zamanın tələblərinə uyğun şəkildə aparılan islahatlar daha geniş vüsət alaraq həm də sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyub. Bu kontekstdə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Dövlət başçısının hələ 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və iş adamları ilə müvafiq danışıqların aparılması tapşırığı qarşıya qoyulurdu. Bunun ardınca Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı (2004-2008-ci illər)"nın əsas istiqamətlərindən biri də ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsini ehtiva edirdi. Qeyd olunan məsələlər regionların inkişafına dair ikinci dövlət proqramında da öz əksini tapdı.

Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırıldı, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salındı, ölkədə ixrac rüsumları ləğv edildi, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirildi. Eyni zamanda, mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərin gəlir vergisi 35 faizdən 20 faizə endirildi, sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsi təmin edildi, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanıldı, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor yağların və mineral gübrələrinin dəyərinin 50 faiznin dövlət tərəfindən ödənilməsi, "Aqrolizinq" ASC tərəfindən ölkəyə gətirilən texnikaların və texnoloji avadanlıqların lizinqə verilməsi, satışı zamanı dəyərinin ödənilmə müddətinin 5 ildən 10 ilə artırılması, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 40 manat yardımın verilməsi, I və II reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənilməsi təmin edildi, bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləği aşağı salındı.

Sahibkarların investisiya təminatının gücləndirilməsi sahəsində də dövlət tərəfindən son illərdə mühüm addımlar atılıb və atılmaqdadır. Bu sahədə Azərbaycan İnvestisiya Şirkəti də mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli Sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılıb. Hazırda şirkət fəal şəkildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir. Azərbaycan İnvestisiya Şirkətinin birgə əməkdaşlığı ilə aşağıdakılar reallaşdırılır: investisiya şirkətlərinin və portfel investorların Azərbaycanda həyata keçirilən layihələrin müştərək maliyyələşdirilməsi; Azərbaycanda yeni texnologiyaların tətbiqinə və investisiya qoyuluşlarının həyata keçirilməsinə qeyri-neft sektorunda fəaliyyət göstərən iri beynəlxalq təşkilatların cəlb edilməsi; Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarında iştirakının təmin edilməsi; Azərbaycan İnvestisiya Şirkətinin istiqrazlarının, o cümlədən aktivlərlə təmin edilmiş istiqrazlarının əldə olunmasına marağı olan potensial investorların maliyyəsinin cəlb edilməsi; İri maliyyə təşkilatlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması.

Sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də dövlət tərəfindən əməli işlər görülür. Hələ 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilib. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

İqtisadi İnkişaf Nazirliyi və AZPROMO tərəfindən bu istiqamətdə həm ölkənin daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilir. Bu tədbirlərin keçirilməsi istər ölkənin biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil edilən tədbirlər, eyni zamanda ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə investisiya qoyuluşlarının həcminin artımında öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizdə keçirilən biznes forumlar yerli iş adamlarının tanıdılması, məhsulların xarici bazarlara çıxarılması, işgüzar müqavilələrin imzalanması onların xarici işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətli rol oynamaqdadır.

Ümumiyyətlə isə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun bu və ya digər məsələlər üzrə əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir: ölkənin investisiya imicinin formalaşdırılması; yerli və xarici investorlara müxtəlif xidmətlər göstərilməsi; investorların cəlb edilməsi və onlarla danışıqların aparılması; investisiyalar və ixrac imkanları üzrə məlumat bazasının yaradılması; Azərbaycan biznesi üçün regional ticarət (ixrac) imkanlarının araşdırılması; ixraca yönəlmiş şirkətlər üçün məsləhət xidmətləri və bazar araşdırmaları; "Azərbaycanda istehsal olunub" ("Made in Azerbaican") ticarət nişanının beynəlxalq səviyyədə təbliği.

Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində sahibkarların təşəbbüskarlığı və hüquqi biliklərinin artırılmasına, yeni iqtisadi şəraitdə müasir təcrübənin mənimsənilməsi və artırılmasına istiqamətlənmiş kompleks tədbirlərin reallaşdırılması da sahibkarlıq sektorunun inkişafının mühüm istiqamətlərindəndir. Bununla əlaqədar, sahibkarların təcrübə keçmə, ixtisasartırma tələblərinin ödənilməsi və yenidən hazırlanması, onların maarifləndirilməsi, hüquqi və iqtisadi biliklərinin artırılması sahəsində işlərin təşkilini və tənzimlənməsinin həyata keçirilməsi məqsədilə 2007-ci ilin avqustunda Bakı Biznes Tədris Mərkəzi (BBTM) yaradılıb. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi və regionlarda genişləndirilməsi məqsədi ilə 6 rayonda (Gəncə, Qazax, Yevlax, Göyçay, Lənkəran, Şəki) mərkəzin nümayəndəlikləri mövcuddur. Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakı strateji məqsədlərdə formalaşdırılıb: Bakı şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin və beynəlxalq təcrübənin, vərdişlərin və bacarıqların aşılanması istiqamətində sistemli, planauyğun və davamlı fəaliyyətin təşkili və həyata keçirilməsi; sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və məsləhət xidmətlərinin göstərilməsi.

Elşən BAYRAMOV,

(ardı var)

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs