news Image
2012.06.07
17:09
| A A A
LAYİHƏNİN ADI: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Dövlətin maliyyə dəstəyi regionlarda özəl sektorun tərəqqisini daha sürətli hala gətirir

Məlum olduğu kimi bu gün ölkədə həyata keçirilən məqsədli dövlət proqramları regionların inkişafında xüsusi əhəmiyyət daşıyaraq, qeyri-neft sektorunun inkişafını əhəmiyyətli dərəcədə sürətləndirib. Bu kontekstdə isə regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi iqtisadiyyatda özəl bölmənin rolunun artmasına ciddi təkan verib. Digər tərəfdən o da danılmaz həqiqətdir ki, dövlət tərəfindən kreditlərin verilməsi sahibkarların fəaliyyətinə müsbət təsir göstərən amillərdəndir. Özü də belə güzəştli kreditlərdən əsas etibarı ilə regionlarda fəaliyyət göstərən sahibkarlar faydalanır.

Qeyd edilənlər həm də onun təsdiqidir ki, Azərbaycan dövlətinin əsas məqsədi paytaxtla yanaşı, regionların inkişafına nail olmaqdır. Regionlarda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində uğurlu addımlar atılmaqdadır. Ölkədə, eləcə də regionlarda sahibkarlığın inkişafında kifayət qədər vacib rol oynayan qanunverici sənədlərdən biri isə Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanıdır. Sahibkarlığa mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki addımların ardıcıl və davamlı səciyyə daşımasını özündə ehtiva edən bu fərmanın verilməsi o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması sahəsində, sözün əsl mənasında, inqilabi dəyişikliklərə yol açıb. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapıb, həmçinin biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açılması kimi məsələlər ehtiva olunub.

Elektron hökumətin əsas elementlərindən olan "bir pəncərə" sistemi məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla, bütün inzibati qeydiyyatların tamamilə sinxronlaşdırılmasını nəzərdə tutur. İş adamlarının mərkəzi sistemlə avtomatik, onlayn və davamlı əlaqəsi yaranır. Faktiki olaraq, bu, lisenziyaların mərkəzləşdirilmiş qaydada və elektron şəkildə təqdim edilməsi deməkdir. Bu zaman qeydiyyat prosedurlarının sayı azalır və vaxt itkisinin qarşısı alınır. Qeydiyyatın "bir pəncərə" prinsipi üzrə aparılması sahibkarlıq sektoruna marağın güclənməsinə və biznesin inkişafına böyük dəstəkdir. Digər tərəfdən, "bir pəncərə" sisteminin tətbiqi investisiya mühitinin daha da yaxşılaşdırılmasına, sahibkarların dövlət qurumlarından asılılığının azalmasına, uzunmüddətli qeydiyyat prosedurlarının ləğv olunmasına və sadələşdirilməsinə təkan verən mühüm amillərdən biridir.

Bu sistemin tətbiqinə qədər hökumət lisenziya verən qurumların sayının azaldılması ilə əlaqədar tədbirlər görsə də, qeydiyyat məsələsində problemlər qalırdı. Sahibkarlar fəaliyyətə başlamaq üçün 15 prosedur üzrə sənəd toplamalı, həmin sənədləri əldə etmək üçün vergilər, kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi nazirliklərindən, Dövlət Statistika Komitəsindən, Sosial Müdafiə Fondundan və digər dövlət qurumlarından keçməli idilər. Bu isə ən azı 150 gün vaxt aparırdı. Hətta işə başlamaq üçün sahibkarlar 1 il gözləməyə məcbur idilər. "Bir pəncərə" sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar, əvvəllər olduğu kimi, 72 deyil, 3 gün gözləyir və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldılır. Sahibkarlar sənədlərini yalnız bir dövlət orqanına - Vergilər Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçə bilirlər.

Bu sistemin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlib, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, 2008-ci ildə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu "Doing Business" hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində "islahatçı ölkə" elan edilib.

Sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının "bir pəncərə" prinsipi üzrə təşkili nəticəsində qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb, 2009-cu il yanvarın 1-dən gömrükdə də bu sistemin tətbiqinə başlanılıb. Digər iqtisadi sahələrdə də analoji sistemin tətbiqi prioritet təşkil edir. Bununla yanaşı, Prezident İlham Əliyevin "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", eləcə də digər fərman və sərəncamları, ayrı-ayrı dövlət proqramları da sahibkarlığın inkişafına təkan verərək qeyri-neft sektorunun inkişafını stimullaşdırıb.

Azərbaycanda özəl bölmənin inkişafında, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) işinin səmərəli təşkili xüsusilə əhəmiyyətlidir. Sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli Fondu yaradılıb. Azərbaycan Respublikasının Prezidenti Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə və genişləndirilməsinə xüsusi önəm verir və bu diqqətin nəticəsidir ki, son illərdə fondun işini tənzimləyən normativ-hüquqi aktlara edilən dəyişikliklər nəticəsində onun təkmil fəaliyyət mexanizmi formalaşdırılmış və dövlət büdcəsindən güzəştli kreditlərin verilməsinə ayrılan vəsaitlərin həcmi artırılmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2002-ci, 2004-cü, 2005-ci, 2006-cı və 2009-cu illərdə onun statusu və vəsaitlərinin istifadə edilməsi qaydaları təkmilləşdirilib, güzəştli kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradılıb.

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"yə və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na müvafiq olaraq həyata keçirilir. Ümumiyyətlə, Sahibkarlığa Kömək Milli Fondunun əsas vəzifələri aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini qanunvericiliyə uyğun maliyyələşdirmək; maliyyə bazarlarından ehtiyatların cəlb olunması üçün tədbirlər görmək və uyğun kredit mənbələrini formalaşdırmaq; sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitlərin səmərəli və təyinatı üzrə istifadəsinə nəzarət etmək və bu məqsədlə monitorinqlərin keçirilməsi qaydalarını müəyyənləşdirmək; maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək, sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək; güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək; sahibkarlıq subyektlərinə zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanmasına və yayılmasına, bazar konyunkturunun öyrənilməsinə, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasına kömək etmək; sahibkarlıq subyektləri üçün kadrların hazırlanmasına və onların ixtisaslarının artırılmasına dəstək vermək; sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə yardım etmək; ölkədə sahibkarlığın bazar infrastrukturlarının formalaşmasına və inkişafına kömək göstərmək; sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək.

Hesablamalar göstərir ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2004-2010-cu illərdə təxminən 700 milyon manat həcmində güzəştli kreditlər verilib. Bu kreditlərin verilməsi özəl sektorun inkişafına çox böyük təkan verib. Kreditlərin 80 faizi regionların payına düşüb. 2011-ci il ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə özəl sektora 125 milyon manat güzəştli kredit verilib.

Qeyd edək ki, SKMF tərəfindən son üç ildə müasir texnologiyalara əsaslanan 185 layihəyə 313,3 milyon manat güzəştli kredit vəsaiti verilib. Bu, Azərbaycanda sahibkarlığın inkişafına təsirsiz ötüşmür. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda sahibkarlıq inkişaf etməkdədir. 2011-ci ildə sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və bu kreditlərin regionları əhatə etməsi olduqca vacib və müsbət amillərdən hesab olunur.

Sahibkarlığın inkişafına sistemli və ardıcıl dövlət dəstəyinin daha bir nümunəsi kimi yaradılmış "elektron ticarət" portalını göstərmək olar. Portal Azərbaycanın ilk elektron ticarət portalı olaraq "B2B" (business to business) modeli əsasında qurulub. Məqsəd yerli biznes nümayəndələri, onların istehsal etdikləri məhsullar və göstərdiyi xidmətlər barədə informasiyaların potensial alıcılara çatdırmaq yolu ilə biznes əlaqələrin qurulmasını dəstəkləməkdən, bazarlara sərbəst çıxışı təmin etməkdən ibarətdir. Bütün bunlardan regionlarda fəaliyyət göstərən sahibkarlar da lazımi şəkildə faydalanır. Nəticə etibarı ilə bütün bunlar regionlarda sahibkarlığın inkişafını daha dinamik hala gətirir.

Elşən BAYRAMOV

(ardı var)

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs