news Image
2014.03.28
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionlarda içməli su təminatı müasir standartlara uyğunlaşdırılır

Ölkə regionlarında həyata keçirilən abadlıq-quruculuq işləri fonunda kommunal xidmtələrin müasir standartlar səviyyəsinə çatdırılması da hər zaman xüsusi diqqət mərkəzində yer alır. Bununla bağlı regionlarda son illərdə genişmiqyaslı işlər görülüb və hazırda bu proses davam etməkdədir. Qeyd olunan xüsusda regionlarda əhalinin içməli su ilə təminatı sahəsində də böyük nailiyyətlərə imza atılıb.

Məsələn, məlumdur ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən təkcə ötən il 2062 kilometr uzunluğunda su xətti çəkilib, bu da 2012-ci illə müqayisədə 62 faiz çoxdur.

Səhmdar Cəmiyyətin yarandığı 2004-cü ildən bu günədək ən böyük miqyasda tikinti işləri 2013-cü ildə icra edilib. Çəkilmiş su xətlərinin 1222 kilometri regionlarda həyata keçirilib. Ötən il 534 kilometr uzunluğunda kanalizasiya xətti çəkilib ki, bunun da 433 kilometri regionlarda inşa edilib. Keçən il paytaxt və regionlarda 17 su, 2 kanalizasiya nasos stansiyaları tikilərək istismara verilib. 2013-cü ildə anbarların tikintisi və yenidən qurulması işlərinin həcmi 2 dəfə artıb. Ötən il 28-i rayonlarda olmaqla, 56 su anbarı tikilib. İl ərzində 15 artezian və subartezian quyuları qazılıb, 191 min "smart-kart" sayğacı quraşdırılıb.

Ümmuiyyətlə, əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməsi ilə yanaşı, regionlarda son illər əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi sahəsindədə mühüm işlər görülüb. Məsələn, 2013-cü ildə 150 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq, 30 min hektara qədər yeni suvarılacaq sahələrin əkin dövriyyəsinə daxil edilməsinə imkan yaradacaq Taxtakörpü su anbarı istifadəyə verilib. Hazırda tikintisi davam edən Şəmkirçay su anbarının istismara verilməsi nəticəsində daha 50 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq, əlavə 20 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil ediləcək. Ötən il ərzində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına əhalisi 310 min nəfərdən çox olan 29 rayonun 104 yaşayış məntəqəsində 107 subartezian quyusu qazılıb. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, cari ilin yanvarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən yeni Sərəncam verilib. Sərəncama əsasən, əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 223 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə on beş milyon manat ayrılıb.

Regionlarda sutəmizləyici qurğuların istifadəyə verilməsi istiqamətində atılan yeni addımlar da bu sahədə vəziyyəti yaxşılaşdırır. Məsələn, Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilməklə Saatlı və Sabirabad şəhərlərinin, həmçinin 36 kəndin su problemi öz həllini tapacaqdır. Artıq həmin şəhərləri su ilə təmin edəcək uzunluğu 65 kilometr olan magistral kəmərin inşasına başlanılıb. Bu layihənin icrası nəticəsində Saatlı və Sabirabad rayonlarının ümumilikdə 100 mindən artıq sakini keyfiyyətli su ilə təmin olunacaq.

Mərkəzi Aran bölgəsini əhatə edən, Girdimançayın yatağında yerləşən Külüllü su mənbəyi layihəsi də bu fonda xüsusi diqqət cəlb edir. Artıq Ucar, Zərdab, Kürdəmir, Ağsu şəhərlərini, həmçinin 67 kəndi əhatə edən layihə çərçivəsində məhsuldarlığı saniyədə 500 litr olan suqəbuledici qurğu tikilib, buradan Kürdəmir, Ucar, Zərdab və Ağsu şəhərlərinə ümumilikdə 170 kilometr uzunluğunda magistral kəmərlər çəkilib, 4 şəhərin hər birinə içməli suyun verilməsi təmin edilib. Bu layihə tam başa çatdırılqdan sonra 170 mindən artıq əhali su ilə təmin olunacaq. Hazırda tikintisi davam edən Şəmkirçay su anbarı regionun böyük ehtiyata malik etibarlı su mənbəyinə çevriləcək ki, bu da Gəncə şəhəri, eləcə də Şəmkir və Samux rayonlarının içməli su təminatında əsas mənbə olacaq. Artıq Gəncə və Samux şəhərlərini qidalandıracaq 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə su kəmərinin tikintisi başa çatdırılıb.

Cənub bölgəsində yerləşən yaşayış məntəqələrinin su təchizatı üçün mənbə kimi Xanbulan və Viləşçay su anbarları seçilib. Xanbulançay dəryaçası yaxınlığında Lənkəran, Astara şəhərləri və 39 kəndi su ilə təmin edəcək sutəmizləyici qurğu tikilib, Xanbulan-Lənkəran magistral su kəmərinin tikintisi başa çatdırılıb, Lənkəran şəhərinə içməli suyun verilməsi təmin edilib. Astara şəhəri və rayonun kəndlərinin su təchizatının aparılması üzrə layihələndirmə işləri başa çatdırılıb və tikinti işlərinə bu ilin ikinci rübündə başlanılacaq.

Masallı və Cəlilabad şəhərlərinin su təminatının yaxşılaşdırılması məqsədilə Viləşçay anbarı yaxınlığında sutəmizləyici qurğunun və magistral kəmərin tikintisi davam etdirilir. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Masallı rayonunun Muğan bölgəsinin ciddi su problemi olan 23 yaşayış məntəqəsinin və Yardımlı rayonunun 17 kəndinin də su təminatı layihələrinin icrasına başlanılıb. Eyni zamanda, Dövlət proqramlarının icrasının ilk dövründən içməli sudan daha çox əziyyət çəkən kəndlərdə mərhələli şəkildə təxirəsalınmaz tədbirlər görülür. Oğuz və Şəki rayonlarında 21 min sakini olan 9 kəndi əhatə edən Balaşum-Böyük Söyüdlü-Qaratorpaq kəməri tikilərək istifadəyə verilib. Cəbhə bölgəsində yerləşən Ağdam, Füzuli, Tərtər və Goranboy rayonlarının sərhədyanı 8 kəndində, həmçinin Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar ərazisində salınmış 6 qəsəbədə su təchizatı sistemləri yaradılıb. Su qıtlığı müşahidə olunan kəndlərdə ümumilikdə 135 subartezian quyusu qazılıb, 690 kilometr su xətti çəkilib, 36 su anbarı tikilib, nəticədə 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatı yaxşılaşdırılıb.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirlər də öz müsbət nəticələrini verib. Məsələn, bu çərçivədə Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşıb. Xatırladaq ki, layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, 57 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə Ucar şəhəri ilə yanaşı, rayonun 15 kəndini də əhatə edir.

İcrasına 2011-ci ilin oktyabrında başlanmış "Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi"nə əsasən, şəhəri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə Külüllü su mənbəyi seçilib. Su mənbəyində Ucar şəhərini içməli su ilə təmin etmək üçün hər birinin tutumu 3750 kubmetr olan 2 su anbarı tikilib. Buradan şəhər mərkəzinədək polietilen borularla 57 kilometr uzunluğunda magistral su xəttinin çəkilişi başa çatıb və şəhərə suyun verilməsinə başlanılıb. On beş kəndin özüaxımlı rejimdə olan magistral xəttə qoşulması təmin edilib.

Ucar şəhərini dayanıqlı rejimdə içməli su ilə təmin etmək üçün şəhər mərkəzində hər birinin tutumu 1500 kubmetr olan 2 su anbarı tikilir. Külüllü-Ucar magistral xətti ilə şəhərə su verildikdən sonra şəhərdə fasiləsiz su təchizatı rejiminə keçilib, uzun müddət su almayan küçə və məhəllələrin içməli su problemi öz həllini tapıb. Layihəyə uyğun olaraq Ucar şəhərində 107 kilometr şəhərdaxili su şəbəkəsinin 93 kilometrlik hissəsində işlər başa çatıb, 3 minə yaxın ev xəttə qoşulub. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi ilə 5170 abonentdən 1700-ü smart-kart tipli su sayğacları ilə təmin edilib. Layihəyə əsasən, Ucar şəhərində yaranacaq çirkab suların axıdılması üçün ümumi uzunluğu 88 kilometrə yaxın kanalizasiya şəbəkəsi qurulacaq.

Oğuz şəhərinə içməli su xəttinin çəkilməsi də bu fonda diqqət çəkir. Burada layihə üzrə işlərə 2010-cu ilin noyabrında başlanılıb. Yeni içməli su təchizatı sistemi Oğuz şəhərini, həmçinin Bayan, Kərimli, Qumlaq, Şirvanlı, Tayıflı və Xalxalqışlaq kəndlərini əhatə edir. Layihəyə əsasən şəhərin 9 min, kəndlərin isə 11 minə qədər əhalisinin su ilə fasiləsiz təmin olunması nəzərdə tutulub. Layihəyə əsasən su tələbatı saniyədə 47 litrdən bir qədər çox olmalı idi. Hazırda isə Sazur və Almalıq su mənbələri hesabına faktiki təchizat saniyədə 103 litrdir.

Tikintisi başa çatdırılan su mənbələrinin potensialı 50 min insanın suya olan tələbatını tam ödəmək iqtidarındadır. Bu isə 2031-ci ildə Oğuz rayonunun əhalisinin içməli su ilə tam təmin olunması deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiqləyib. Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər üç mərhələdə aparılıb. Birinci mərhələdə Sazur və Almalıq su mənbələrindən magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılıb. Suqəbuledici qurğular meydançasında tikilən keçid məntəqəsi, suqəbuledici kamera, xlorlama və laboratoriya binaları avadanlıqla təchiz edilib. İkinci mərhələdə şəhərin üç zonasında su anbarları sahəsi yaradılıb. Hər birinin həcmi 250 kubmetr olan altı su anbarı, həmçinin şəhərin su və kanalizasiya şəbəkələri inşa olunub. Üçüncü mərhələ çərçivəsində gün ərzində məhsuldarlığı 2500 kubmetr olacaq çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılıb. Digər regionlarda da içməli su təminatı ilə bağlı mühüm nətiicələrə yol açan işlər görülüb və görülməkdədir.

R.BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.