Əlaqə Arxiv
news Image
2014.04.02
11:13
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” Regionlarda yol infrastrukturu müasir tələblərə uyğunlaşdırılır

Sürətli inkişafı şərtləndirən, onun bünövrəsini təşkil edən əsas məqamlardan biri heç şübhəsiz ki, müasir tələblərə cavab verən infrastrukturun yaradılmasıdır. Bu istiqamətdə Azərbaycan getdikcə daha böyük uğurlara imza atır. Ölkəmizdə qabaqcıl dünya standartalrına cavab verən infrastruktur yaradılır və bu sıraya yollar da daxildir. Danılmaz həqiqətdir ki, Azərbaycanda müasir tələblər səviyyəsində qurulan və ya çəkilən yolların uzunluğu ildən-ilə artır.

Bu hal bölgələrdə də özünü qabarıq formada büruzə verir. Bu gün regionlarda infrastrukturun modernləşməsi və yenilərinin yaradılması prosesi uğurla davam edir və bunun ən bariz nümunəsi qismində Azərbaycan bölgələrində çəkilən, müasir standartlara uyğunlaşdırılan yolları göstərmək olar. Ümumiyyətlə, birmənalı həqiqətdir ki, ölkəmizdə müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması yüksək keyfiyyətli nəqliyyat şəbəkəsi və xidmətləri vasitəsilə nəqliyyat ehtiyaclarına sürətlə artmaqda olan tələbatın təmin edilməsinə, əlverişli coğrafi mövqeyi baxımından ölkəmizin geniş tranzit imkanlarından tam istifadəyə xüsusi diqqət yetirilir.

Bunun real təsdiqini təkcə son bir həftə ərzində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda aydın görmək olar. Bu sərəncamlar regionlarda yolların müasir tələblərə uyğunlaşdırılması prosesini daha dinamik hala gətirir. Xatırladaq ki, iyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin altı milyon yeddi yüz min manatı dövlət başçısının sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılıb. Eləcə də yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin beş milyon üç yüz min manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılıb. Bundan öncə də qırx dörd min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Sımada-Qarayevkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin üç milyon yeddi yüz min manatı Saatlı Rayon İcra Hakimiyyətinə ayrılıb.

Yaxın vaxtlarda Bəhramtəpə-Biləsuvar avtomobil yolunun yenidən qurulmasına başlanılacaqBəhramtəpə-Biləsuvar avtomobil yolu Hacıqabul Bəhramtəpə avtomobil yolunun 115 kilometrindən başlayır və Biləsuvar şəhərində başa çatır. Bu yol Mingəçevir-Bəhramtəpə avtomobil yolunun davamı olaraq respublikanın cənub-qərb və şimal bölgələrini əlaqələndirən əsas yoldur. Ümumi uzunluğu 62 kilometr olan üçüncü texniki dərəcəli avtomobil yolunun yenidən qurulmasına dair layihənin xarici investisiyalar hesabına həyata keçirilməsi nəzərdə tutulur. Hazırda müvafiq sənədləşdirmə işləri və digər texniki prosedurlar aparılır. Bütün bunlar regionlarda, onların ucqar bölgələrində yol inafoastuktrunun müasir tələblər səviyyəsində qurulmasını şərtləndirir.

O da birmənalı həqiqətdir ki, yol infrastrukturunun hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb və hazırda da uğurla davam etdirilir. Statistik rəqəmlər də son 10 ildə müsbət dəyişikliklər baş verdiyini bir daha təsdiqləyir. "Azəryolservis" ASC-dən əldə etdiyimiz məlumata görə, ölkənin ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754 km təşkil edirdisə, 2008-ci ildə bu göstərici 18902, 2013-cü ildə isə 19000 kilometrə çatdırılıb ki, bunun da 17529 kilometri Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin balansındadır. Son 10 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33 ədəd asfalt-beton zavod istifadəyə verilib. 2003-2013-cü illər ərzində respublikada yeni tikilən, yenidənqurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 kilometr olub. Bu dövrdə ümumi istifadədə olan avtomobil yollarında 222 yeni körpü və yolötürücüsü tikilib. Dünya əhəmiyyətli İpək Yolu layihəsinin Azərbaycan ərazisi boyunca texniki vəziyyətinin öyrənilməsi və yenidən qurulması üçün tələb olunan maliyyə mənbələri həll olunub, eyni zamanda 2-ci texniki dərəcəli, 2 hərəkət zolaqlı hissələrinin 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğunlaşdırılması işlərinin çox hissəsi yerinə yetirilib. Bakıdan Gürcüstan ilə sərhədədək tikintinin intensiv aparıldığı magistralın artıq 312,5 kilometrlik 2-ci texniki dərəcəli, 209 kilometrlik 1-ci texniki dərəcəli hissələri yenidən qurularaq istifadəyə verilib. Hazırda Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olmaqla ölkənin Şimal hissəsində yerləşir. Ümumi uzunluğu 208 kilometr olan magistralın 6-16 kilometr hissəsi asfalt-beton, 16-134 kilometr hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulub, eyni zamanda Sumqayıt dairəvi, Gəndob-Quba hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində uzunluğu 540 poqonmetr olan körpünün tikintisi işləri başa çatdırılıb. Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin (59,6 kilometr) 4 zolaqlı hərəkət üçün asfalt-beton örtüklü olmaqla yeni trassa üzrə tikintisi işləri hazırda həyata keçirilir.

Digər strateji əhəmiyyətli arterial nəqliyyat dəhlizi olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunun 41,6 kilometrlik sahəsi, nəqliyyat sisteminin daha effektli işləməsinə imkan verən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlıyadək, Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Bulaqlı hissələri ölkə başçısının iştirakı ilə istifadəyə verilib. Bundan əlavə, Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H.Z.Tağıyev-Sahil avtomobil yolunun 2 zolaqlı olmaqla yenidən qurulması üzrə işlərin 80 faizi yerinə yetirilib. Uzunluğu 41,4 kilometr olan yol respublikanın cənub və qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə hər iki istiqamətdə məsafəni 100 kilometrə qədər qısaldacaq.

Onu da xatırladaq ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq olunarkən qarşıya qoyulan başlıca vəzifələrdən biri yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması olub. Bunun nəticəsidir ki, "Azərbaycan Respublikası regionlarının 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası nəticəsində yol qurgularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilib. Bu çərçivədə həyata keçirilən bütün işlər ölkə Prezidenti İlham Əliyevin həmişə diqqət mərkəzində olub. Cənab Prezident son illər dəfələrlə bölgələrə səfər edib, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi üçün konkret tapşırıqlar verib. Yerinə yetirilən konkret tədbirlərin fonunda Biləsuvar-İran sərhədi, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Agstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Xocalı-Laçın yolunun Yevlaxdan Bərdəyədək olan hissəsinin və digər avtomobil yollarının yenidən qurulması dövlət proqramlarının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Sadalanlardan göründüyü kimi, uğurla reallaşdırılan yol infrastrukturunun böyük hissəssi məhz regionların payına düşür. Bunun nəticəsidir ki, yol nəqliyyatı ilə yükdaşımaların da həcmi artır ki, bu da ölkəyə əlavə gəlir gətirir. Məlumat üçün qeyd edək ki, Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik avtomobil nəqliyyatı ilə yanvar-fevral aylarında 17,1 milyon ton yük, 238,2 milyon sərnişin daşınıb və ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,4 və 6,6 faiz artım qeydə alınıb. Yük dövriyyəsi 5,5 faiz, sərnişin dövriyyəsi isə 7,3 faiz artıb. Bu artımın davamlı xarakter alacağı da heç bir şübhə doğurmur.



Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz