Əlaqə Arxiv
news Image
2014.04.24
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Səhiyyə sektoru İmişlidə yeni yüksəliş mərhələsini yaşayır

Bu gün Azərbaycanda digər sahələrlə yanaşı, səhiyyə sahəsi də özünün yeni yüksəliş mərhələsini yaşamaqdadır. Ümumiyyətlə, məlum həqiqətdir ki, ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə sektorunda davamlı və kompleks islahatların həyata keçirilməsi bu sahədə indi daha böyük nailiyyətlərin əldə olunması ilə müşayiət olunur. Bunun nəticəsində Azərbaycan səhiyyəsi bütün xidmət növlərinin keyfiyyət göstəricilərinə görə qazandıığ uğurların miqyasını artırır. Hazırda Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin daha yüksək keyfiyyət və kəmiyyət göstəriciləri ilə xarakterizə edilməsinə səbəb olmaqdadır. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir. Səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidənqurması sahəsində də böyük işlər həyata keçirilib və keçrilməkdədir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları fonunda isə regionlarda da müasir səhiyyə obyektləri yaradılıb. Regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılması prosesi indi də davam edir. Regionlarda diaqnostika mərkəzləri ilə yanaşı, bir çox sağlamlıq kompleksləri, səhiyyə ocaqları istifadəyə verilib. Bütün bunlar əhaliyyə keyfiyyətli xidmət göstərilməsinə imkan verir və qeyd edilənlərin təsdiqini İmişlinin də timsalında görmək olar. Məlumat üçün bildirək ki, rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və 1 poliklinika, 2 gigiyena və epidemiologiya mərkəzi, 1 taun əleyhinə şöbə fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 126 nəfər həkim və 493 nəfər orta ixtisaslı tibb işçisi çalışır. Ötən il ərzində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda müəyyən işlər görülüb. Belə ki, Mərkəzi rayon xəstəxanasında 2013-cü ildə "Dializ" şöbəsi fəaliyyətə başlayıb. Görülən tədbirlər nəticəsində uşaqlar arasında difteriya, poliomielit və digər yolxucu xəstəliklər qeydə alınmayıb. Rayonda imtiyazlı təbəqədən olan xəstələrin dərman preparatları ilə təminatı daim diqqət mərkəzində saxlanılıb və bu məqsədlə 2013-cü ildə 526.869 manatlıq vəsait sərf olunub.

Rayon sakinlərinin sağlamlığının keşyində dayanan İmişli Rayon Mərkəzi Xəstəxanasında müasir tələblərə uyğun şərait yaradılıb. Məlumat üçün bildirək ki, ikimərtəbəli xəstəxananın ümumi ərazisi 21,2 min kvadratmetrdir. Xəstəxananın ayrıca yarımstansiyası var və burada əlavə generator da quraşdırılıb. Yoluxucu xəstəliklər şöbəsi ayrıca binada yerləşir. Azərbaycan Prezidentinin 2010-cu il 30 mart tarixli Sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ayrılan 1,5 milyon manat vəsait hesabına 2010-cu ildə xəstəxananın əsaslı təmirinə başlanıb. Ötən müddətdə həyata keçirilən kompleks yenidənqurma işlərindən sonra rayon mərkəzi xəstəxanası müasirliyi ilə diqqəti cəlb edir. Dörd korpusdan ibarət bu tibb müəssisəsi 136 çarpayılıqdır. Əsas binası və bütün şöbələri tamamilə yenidən qurulmuş xəstəxananın maddi-texniki bazası ən müasir standartlara cavab verir.

Xəstəxananın hər bir şöbəsinin interyeri orijinal dizaynı və zəngin tərtibatı ilə fərqlənir.

Xəstəxananın şöbələrində Yaponiya, Türkiyə, İtaliya, Koreya Respublikası və digər ölkələrdən gətirilmiş avadanlıq quraşdırılıb. Qonşu şəhər və rayonların sakinləri də bu tibb ocağının xidmətindən yararlana bilirlər. Ötən illərdə ölkəmizdə pulsuz səhiyyə xidmətinin genişləndirilməsi, əhalinin aztəminatlı təbəqəsinə tibbi yardım sahəsində dövlət qayğısının gücləndirilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanıb həyata keçirilməsinə bu cür müasir tibb ocaqlarının sayının artması da münbit zəmin yaradır. Respublikamızda səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığı üçün müvafiq tədbirlərin daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını özündə dolğun ehtiva edən Dövlət proqramları ölkəmizdə tibbi xidmətin səviyyəsini də yüksəldib.

Azərbaycanda ən yüksək standartlara cavab verən tibb müəssisələrinin sayının durmadan artması sayəsində tədricən xaricdə müalicəyə yollananların da sayı azalır. İndi paytaxt Bakı ilə yanaşı, müxtəlif bölgələrdə ən mürəkkəb cərrahiyyə əməliyyatları uğurla aparılır, təcrübəli xarici mütəxəssislərin dəvət edilməsi ilə yerli tibbi personalın hazırlıq səviyyəsi təkmilləşdirilir, dövlət hesabına dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilənlərin sayı ilbəil artır. Hazırda respublikamızın tibb müəssisələri maddi-texniki bazasının müasirliyi baxımından inkişaf etmiş ölkələrin səhiyyə ocaqları ilə müqayisə edilir. Bunu ölkəmizə gələn yüksək səviyyəli qonaqlar da təsdiqləyirlər. İmişli Mərkəzi Rayon Xəstəxanası da ən son elmi-texniki yeniliklərin tətbiqi baxımından ölkəmizin digər tibb müəssisələrindən geri qalmır.

Prezident İlham Əliyev də bunu yüksək qiymətləndirib: "Burada müalicə almaq, diaqnostikadan keçmək üçün bütün şərait vardır. Çox gözəl təmir olunub, dünya standartlarına cavab verir. Siz - burada işləyən həkimlər yaxşı bilirsiniz ki, əvvəlki vəziyyəti necə idi. İndi bu gözəl xəstəxanada xəstələrə yüksək səviyyədə tibbi xidmət və qayğı göstərilməlidir. Həkimlər və xəstələr üçün gözəl şərait yaradılıb".

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq İmişli rayonunda da əhalinin profilaktik tibbi müayinəsi uğurla davam etdirilir. Əhalinin tibbi müayinədən keçməsi üçün rayonda bir sıra tədbirlər həyata keçirilib. Rayon İcra Hakimiyyətində yaradılmış müvafiq komissiya və qərargah müayinələrin gedişinə operativ nəzarət edir. Komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini Təranə Cabbarova bildirib ki, sakinlərin kütləvi dispanserləşdirilməsi üçün tibb ocaqlarında yüksək şərait yaradılıb. Kampaniyanın mütəşəkkil başa çatdırılması məqsədilə rayonda təbliğat və maarifləndirmə işləri gücləndirilib. İndiyədək yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən 49926 nəfər tibbi müayinədən keçib. Rayonun 50 yaşayış məntəqəsindən 30-da aksiya başa çatıb. Rayon mərkəzi xəstəxanasının baş həkimi Cəsur Paşayev tibbi müayinələrin, eyni zamanda, 6 kənd sahə xəstəxanasında, 12 həkim məntəqəsində aparıldığını da diqqətə çatdırıb. Bildirilib ki, indiyədək müayinədən keçən rayon sakinlərindən 1350-si ambulator, 30-u stasionar müalicəyə cəlb olunub, 13 xəstə isə Bakıya göndərilib.

Onu da qeyd edək ki, dövlətə məxsus bütün səhiyyə müəssisələrində müayinə və müalicənin pulsuz aparılması ilə bağlı hökumətin 2008-ci il fevral ayının 1-dən qüvvəyə minən qərarının icrası isə tibb bölməsində xidmətin keyfiyyətinin daha yüksək səviyyəyə çatmasına imkan verib. Bu qərarın tətbiqindən sonra tibb müəssisələrinin dərman preparatları ilə təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb. İmişli sakinləri də dövlətə məxsus səhiyyə müəssisələrində müayinə və müalicənin pulsuz aparılmasından razılıq ifadə edirlər. Bütün bunlar həm İmişlidə, həm də ölkədə əhaliyə keyfiyyətli xidmətlərin göstərilməsini təmin edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir. Nəticədə isə Azərbaycan vətəndaşları daha yüksək keyfiyyətli səhiyyə xidmətləri ilə təmin olunurlar.

R.BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz