news Image
2014.05.13
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Abadlaşan, yeniləşən Şəmkir

Regionların inkişafı ilə bağlı uğurla həyata keçirilən dövlət proqramlarında diqqət yetirilən ən əsas məsələlərdən biri də müasir tələblərə uyğun sosial infrastrukturun yaradılmasıdır. Bu istiqamətdə atılan addımlar öz müsbət nəticələrini verməkdə, insanların həyat tərzinin daha da yaxşılaşması ilə müşayiət olunmaqdadır. Xatırlatmaq yerinə düşərdi ki, icrası başa çatan regionların inkişafına dair iki Dövlət Proqramı çərçivəsində bölgəlrədə infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib.

Bütün bunlar həm də onun təsdiqidir ki, qeyd olunan nailiyyətlərin əldə edilməsində, xüsusilə də ölkə regionlarının inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının böyük əhəmiyyəti olub. Kompleks yanaşmanı və ünvanlılığı özündə əks etdirən 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən dövlət proqramları bölgələrin mövcud potensialından səmərəli istifadə etməklə regionların davamlı sosial-iqtisadi inkişafına yol açmaqla bərabər, müasir infrastruktur və sosial xidmətlərlə təminat səviyyəsinin yaxşılaşmasına, ən əsası isə əhalinin sosial rifahının daha da yüksəlməsinə təkan verib. Birmənalı həqiqətdir ki, dövlət proqramlarının icrası ölkə regionlarının sosial-iqtisadi mənzərəsini tamamilə dəyişib. Bunun ən real təsdiqi kimi çıxış edən ünvanlardan biri də Şəmkir rayonudur.

Şəmkirdə digər sahələrlə yanaşı, müasir sosial infrastrukturun yaradılması da xüsusi diqqət mərkəzindədir və artıq bu sahədə mühüm nəticələrin əldə olunmasını indi rayona gələn hər kəs müşahidə edə bilər. Bu isə rayonda modern iqtisadi inkişaf baxımından vacib əhəmiyyətə malikdir. Çünki nəticə etibarı ilə qeyd edilən istiqamət üzrə atılan addımlar həm bütövlüdə rayon iqtisadiyyatının, həm də onun ayrı-ayrı bölmələrinin sürətli tərəqqisi üçün əlverişli şərait yaratmaqdadır. Eyni zamanda, sözügedən müstəvidə görülən işlər Şəmkirin simasının daha da gözəlləşməsinə gətirib çıxarır. Eyni zmanda, rayon əhalisi və bura gələnlərin fəaliyyəti, asudə vaxtının səmərəli keçirilməsi və digər parametrlər baxımından da sosial infrastrukturun qurulması ilə bağlı görülən işlər mühüm önəm kəsb edir. Ən əsas cəhətlərdən biri də görülən işlərin Şəmkirin daha modern rayona çevrilməsinə böyük töhfələr verməsidir.

Heç şübhəsiz ki, Şəmkirə daxil olanda diqqət cəlb edən əsas məqamlardan biri Bayraq Meydanı və Bayraq Muzeyidir. İlk baxışdaca burada görülən işlər öz orijinallığı ilə seçilir. Məlumat üçün qeyd edək ki, Şəmkir rayonunun girişində yerləşən meydan 4,5 hektar ərazini əhatə edir. Meydanda 98 metr hündürlüyündə bayraq dirəyi ucaldılıb, uzunluğu 40, eni 20 metr olan dövlət bayrağı asılıb. Rayon sakinlərinin də tez-tez üz tutduqları əsas məkanlardan biri məhz Bayraq Meydanı və Bayraq Muzeyidir. Bayraq Muzeyi həm də öz memarlıq üslubu ilə seçilir. Olduqca maraqlı cəhətlərdən biri odur ki, muzeyin xarici vitrajları şüşə paketdən hazırlanıb. İkimərtəbəli binada Azərbaycanın qədim və müasir tarixinə dair maraqlı eksponatlar toplanıb. Səkkizguşəli ulduz formasında yaradılan Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa edilmiş bayraqları, həmçinin bayraqların uc elementləri, gerblər sərgilənir. Bu mənada Azərbaycan tarixinin öyrənilməsi baxımından da bu Muzeyin önəmi böyükdür. Bundan əlavə, burada orden və medallar, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranmasını, formalaşmasını və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri də nümayiş olunur.

Muzeydə Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatının surəti, müxtəlif kitablar, fotoşəkillər də yer alıb. Burada vətənpərvərlik yönümlü müxtəlif tədbirlərin keçirilməsi üçün 800 yerlik amfiteatrı olan xüsusi meydan da inşa edilib. Ətrafdakı ərazi abadlaşdırılmış və səmərəli istirahət üçün hər cür şərait yaradılıb. Şəmkir şəhərinin əsas rəmzlərindən biri olan Bayraq Meydanı Azərbaycanın gücünü, qüdrətini təcəssüm etdirir və gələcək nəsillər üçün tarixi əhəmiyyətə malikdir.

Bayraq Meydanının yanında inşa edilən "Zəka" İntellektual Gənclər Mərkəzi də Şəmkirin ən modern üslubda inşa olunan tikililəri sırasında yer alır. Bayraq Meydanının yanında inşa edilən və onunla möhtəşəm bir vəhdət yaradan mərkəz fərqli dizayna malikdir. Ümumi sahəsi 3355 kvadratmetr olan mərkəz iki mərtəbədən ibarətdir. Gənclər Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli liderin və Prezident İlham Əliyevin Şəmkir rayonuna səfərlərini və respublikamızın müxtəlif bölgələrində gənclərlə keçirdikləri görüşləri əks etdirən fotoguşələr yaradılıb. Müasir studiya avadanlığı və işıqlandırma sistemi ilə təchiz edilən pavilyondan mediayayım imkanı yaradan resurs kimi istifadə oluna bilir. Eyni zamanda, gənclərə internet televiziya və radio, yeni formatlı intellektual verilişlər, eləcə də media layihələrinin hazırlanması üçün şərait yaradılıb. Mərkəzin 3 min kitab fonduna malik kitabxanası da var. Mərkəzin binasında gənclərin intellektual inkişafına şərait yaratmaq və istedadlı gənclərin yaradıcılıq potensialının inkişafını dəstəkləmək məqsədi ilə müxtəlif təyinatlı funksional otaqlar fəaliyyət göstərir. Burada gənclərin bilik və bacarıqlarının daha da artırılması üçün lazımi şərait yaradılıb. Mərkəz şəmkirli gənclərin asudə vaxtlarının daha səmərəli keçməsində müsbət rol oynayır. Bu, həm də gənclərə yüksək diqqət və qayğının daha bi real təzahürüdür. Birmənalı həqiqətdir ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Elə bundan irəli gəlir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Rayonlarda yaradılan gənclər mərkəzləri isə bu təbəqəninin təmsilçilərinə cəmiyyət həyatında daha fəal rol oynmağa şərait və stimul yaradır.

Şəmkirdə abadlıq sahəsində görülən işlər kontekstində diqqət cəlb edən tikililərdən biri isə "Excelsior Hotel Shamkir" mehmanxanasıdır. Məlumat üçün bildirək ki, mehmanxana standart, qoşa çarpayılı və böyük çarpayılı 63 otaqdan ibarətdir. Bütün nömrələrdə ən yüksək səviyyədə istirahət üçün hər cür şərait yaradılmışdır. Ən son informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunan otaqların dizaynında Şəmkirin qədim xalçalarının ornamentlərindən istifadə olunub. Müasir havalandırma sistemi ilə təchiz edilmiş mehmanxana binasında restoran, bar, iclas zalı, SPA, masaj otaqları, türk hamamı, sauna və hovuz var. Burada Avstriya avadanlığı ilə üç növ pivə istehsal olunur. Mehmanxananın beşmərtəbəli binasının ümumi sahəsi 9 min kvadratmetrdir. Bütövlükdə kompleks 10 min 200 kvadratmetr sahəni əhatə edir. Mehmanxananın istifadəyə verilməsi həm də çoxlu yeni iş yerlərinin açılması deməkdir. Yeni mehmanxana Şəmkirin turizm potensialının göstəricisi olmaqla bu bölgənin imkanlarını nümayiş etdirir. Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi, bu sahədə kiçik və orta sahibkarlıq üçün möhkəm bazanın yaradılması regionların infrastruktur cəhətdən inkişafını da təmin edir. Bölgənin geniş turizm imkanları nəzərə alınsa bu cür obyektlərin daha çox əhəmiyyət daşıdığını aydın hiss etmək olar. Belə layihələr həm də Azərbaycanın bölgələrinə daha çox turist axınına səbəb olur, regionların turizm potensialını nümayiş etdirməyə geniş imkan yaradır. Eyni zamanda bu, həm də müasir dinamik tərəqqinin daha bir real təzahürü hesab olunur. Belə tərəqqi isə Şəmkirə getdikcə daha böyük uğurlar qazandırır.

R.BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs