news Image
2014.08.01
08:52
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Biləsuvar sürətli inkişaf dövrünü yaşayır

Cənub bölgəsinin qədim tarixə, zəngin mədəni irsə malik rayonlarından biri olan Biləsuvar son illər inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkə rəhbərliyinin diqqət və qayğısı son illərdə rayonda hələ sovetlər birliyi dövründən "miras qalmış" bir çox problemlərin həllinə geniş imkanlar açıb. Xüsusən də regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində həyata keçirilən kompleks tədbirlər Biləsuvarı müasir və abad şəhərə çevirib. Sistemli şəkildə, yüksək zövqlə gerçəkləşdirilən abadlaşdırma, tikinti, quruculuq tədbirləri bütövlükdə rayonun simasını dəyişib. Görülən işlər uzun illər doğma rayonlarını abad və müasir görmək istəyən sadə biləsuvarlıların da ürəyincədir.

Biləsuvar rayonu Azərbaycanın zəngin tarixi keçmişi olan ərazilərdən biridir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə, Biləsuvarı X əsrdə Büveyhi əmiri Piləsuvar saldırıb və şəhər öz adını ondan alıb. XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən, iki hissəyə bölünüb. Şəhərin Rusiya imperiyası daxilində qalan hissəsinin əhalisi sərhəddən 20-40 km kənarda salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülüb. Nəticədə vaxtı ilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla, 1930-cu ildə Biləsuvar rayonu təşkil edilib. 1938-ci ildə Biləsuvarın adı dəyişdirilib və Puşkin rayonu adlandırılıb. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilib, 1964-cü ildən isə yenidən müstəqil rayona çevrilib. SSRİ dağıldıqdan sonra - 1991-ci ildən rayonun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılıb.

Tarixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun ərazisindən keçən, Bolqar çayı kimi tanınan Biləsuvar çayı bir neçə adla adlandırılıb. İran ərazisində bu çayı Şənbəçay, Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. kimi adlandırıblar. Amma rəsmi xəritələrdə bu çayın adı həmişə Bolqar çayı kimi göstərilir.

Tədqiqatçı Sabir Nəsiroğlu "Sehrli diyarın sirri" adlı qısaldılmış tarixi monoqrafiyasında və "Həməşəradan gələn səslər" kitabında tarixi mənbələrə istinad edərək yazır ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı, bilyər və suvarlar da yaşayıb. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın - bilyər və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra müəllif qeyd edir ki, "Atlı əsgərlərin və çaparların keçid yeri" toponimi Biləsuvarın toponiminə uyğun gəlir. Digər bir versiyaya görə isə ərazi öz adını "belə", "su", "var" sözlərinin birləşməsindən alıb. Yerli əhali də bu versiyaya daha çox üstünlük verir.

Biləsuvar rayonunun ərazisi Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli rayonu ilə 53 km, şimal-qərbdən Saatlı rayonu ilə 23 km, Sabirabad rayonu ilə 20 km, şərqdən Salyan rayonu ilə 23 km, Neftçala rayonu ilə 4 km, cənubdan Cəlilabad rayonu ilə 54 km, qərbdən İran İslam Respublikası ilə 64 km məsafədə həmsərhəddir. Rayonun ümumi sərhəd dairəsinin uzunluğu 241 km-dir. Biləsuvar beynəlxalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir. Rayonun ərazisi 1358 kvadrat kilometr, əhalisinin sayı 94539 nəfərdir. Rayon qışı mülayim, yayı isti quraq keçən yarımsəhra və quru çöl iqliminə malikdir.

Biləsuvar rayonunda 1 memarlıq, 12 arxeoloji tarixi və memarlıq abidəsi var. Bunlar keçmiş Biləsuvar yaşayış məntəqəsi ərazisində "Şəhriyar qalası" memarlıq abidəsindən, həmçinin Bədilli kəndi ərazisində tunc dövrünə aid 7 Kurqan təpəsi, Təzəkənd kəndi ərazisində tunc dövrünə aid 2 Kurqan (qoşatəpə), dəmir dövrünə aid "Torpağay təpə", Dərvişli kəndi ərazisində dəmir dövrünə aid "Seyid altı təpə" kurqanı, Yuxarı Ağalı kəndi ərazisində "Ceyran təpə" kurqanı, Əmənkənd kəndi ərazisində tunc dövrünə aid "Şəhriyar təpə" kurqanı, Şəhriyar kəndində orta əsrlərə aid Ağdam qalası, yenə həmin ərazidə orta əsrlərin əvvəllərinə aid "Çöl Ağdam şəhərciyi" və "İçəri Ağdam yaşayış ərazisində" arxeoloji abidələrindən ibarətdir.

Azərbaycan Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi yüksək diqqət və qayğının məntiqi yekunu olaraq son illər Biləsuvar mühüm nəticələrə imza atıb. Hələ 2004-2008-ci illəri əhatə edən birinci regional dövlət proqramı çərçivəsində rayonda bir sıra mühüm tədbirlər həyata keçirilib. Proqram çərçivəsində, ilk növbədə, əhalinin kommunal problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə 40 MVA gücündə mərkəzi yarımstansiya və Səmədabad kəndində 6,3 MVA gücündə yeni transformator yarımstansiyası quraşdırılıb. 20 ədəd yeni transformator alınaraq xəttə qoşulub, 500 ədəd elektrik dirəkləri yeniləri ilə əvəz olunub. Elektrik enerjisindən istifadədə israfçılığın qarşısını almaq və istehlak olunan elektrik enerjisinin dəyərini tam toplamaq üçün sayğaclaşma aparılıb, əhali sektorunda 13 min 612 ədəd sayğac quraşdırılıb. Sənaye, ticarət, xidmət və digər sahələrdə də sayğaclaşma işi tam başa çatdırılıb. 2003-cü ildə istehlak olunan elektrik enerjisi dəyərinin 25-30 faizi toplanırdırsa, 2008-ci ildə bu rəqəm 80-90 faiz təşkil edib.

Əhalinin mavi yanacaqla təminatı da diqqət mərkəzində olub. Rayona verilən təbii qazın əhaliyə itkisiz və fasiləsiz verilməsi məqsədilə rayonun əsas daşıyıcı qaz xəttinin 7000 metr hissəsi polietilen borularla əvəz edilib. Rayon mərkəzinin 5 küçəsində və "Təyyarə meydanı" adlanan yeni yaşayış məntəqəsində 5440 pm, Bəydili kəndində 200 pm, Xırmandalı kəndində 4000 pm yeni qaz xətti çəkilib, ayrı-ayrı sahələrdə yeraltı qaz xətləri yerüstünə çıxarılıb. Hazırda rayonun Xırmandalı, Zəhmətabad, Bəydili, Əsgərabad və Əliabad kəndlərinə, rayon mərkəzinin müəyyən hissəsinə təbii qaz verilir. Görülmüş işlər nəticəsində əhali sektoru üzrə abonentlərin sayı 2003-cü illə müqayisədə 4 dəfə artaraq 4.875 olub. Fərdi abonentlərə 3746 ədəd qaz sayğacı quraşdırılıb.

2004-2008-ci illərdə şəhərin yeni yaşayış massivlərində və Heydər Əliyev küçəsində yerləşən kommunal yaşayış binalarında ümumi uzunluğu 12,6 km, rayonun Əsgərabad kəndində isə 1,1 km uzunluğunda yeni su xətti çəkilib, habelə saatda 380 kubmetr su vuran 4 ədəd su nasosu, 3 ədəd transformator quraşdırılıb. Rayonun 8 kəndində modul tipli sudurulducu sistem quraşdırılıb, 98 ədəd bulaq kompleksi tikilib.

2003-2008-ci illərdə sərhədyanı və rayondaxili yolların beynəlxalq standartlara uyğun təmiri ilə bağlı xeyli işlər görülüb. Belə ki, uzunluğu 18,5 km olan Biləsuvar-İran sərhəddi avtomobil yolu yüksək keyfiyyətlə tikilərək istifadəyə verilib. Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 13,6 kilometrində asfalt-beton örtüklü yol yenidən tikilib. Yolun qalan hissələrində və Biləsuvar-Bəhrəmtəpə magistral avtomobil yolunda əsaslı təmir işləri aparılıb.

2004-2008-ci illərlə şəhər ərazisində 30 kilometr yola asfalt örtük döşənib, 15 kilometr yol çınqıl-qum materialı ilə təmir edilib. Eyni zamanda şəhərin Heydər Əliyev küçəsindəki və Melioratorlar qəsəbəsindəki kommunal yaşayış binalarının giriş yollarında və həyətlərində 9 min kvadratmetr sahədə yeni asfalt-beton örtük salınıb.

Rayonun İsmətli kəndində 1 km, Xırmandalı kəndində 1,5 km, Zəhmətabad kəndində 1,5 km, Dəvrişli kəndində 2,4 km, Nərimankənd kəndində 2,3 km, Aşağı Cürəli kəndində 2,6 km, Bəydili kəndində 0,5 km, Səmədabad kəndində 0,5 km, Əliabad kəndində 0,5 km asfalt-beton örtüklü yol salınıb.

2004-2008-ci illərdə həmçinin, Biləsuvar şəhəri ərazisində saatlıq gücü 100 ton olan yeni asfalt-beton zavod tikilərək istifadəyə verilib. Hazırda regionda bu zavodun gücündən tam istifadə olunur. Eyni zamanda həmin zaman kəsiyində rayonun İsmətli, Günəşli, Zəhmətabad, Səmədabad, Nərimankənd və Bəydili kəndlərində, ümumilikdə, 6 poçt binası tikilərək istifadəyə verilib. Bundan savayı, birinci regional proqram çərçivəsində rayonun Əmənkənd, Yuxarı Cürəli, Xırman¬dalı, Bağbanlar və Əsgərabad kəndlərində 5 yeni EATS tikilib istifadəyə verilib.

Ümumilikdə, 2003-2008-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin 250 yerlik iclas zalı, şəhər mərkəzində bulaq kompozisiyası, Xırmandalı kəndində 400 yerlik, Nəsimi kəndində 200 yerlik şadlıq sarayları, Əsgərabad və Zəhmətabad kəndlərinin hər birində 1 ədəd un dəyirmanı, şəhər ərazisində 9 ədəd mini çörəkbişirmə sexi, üzlük tava istehsal edən 3 ədəd mini sex, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin 2 mərtəbəli yeni inzibati binası, "Azpetrol" yanacaqdoldurma məntəqəsi, M.F.Axundov küçəsinin girişində tağvari giriş qapısı, Biləsuvar rayon 66 saylı Dairə Seçki komissiyasının 2 mərtəbəli inzibati binası, "Texnikabank" ASC-nin yeni inzibati binası, süd emalı zavodu, Milli Bankın ərazi idarəsinin inzibati binası və özəl beton zavodu tikilərək istifadəyə verilib. Rayonun Maliyyə İdarəsinin və Əhalinin Sosial Müdafiə Mərkəzinin inzibati binalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb.

 

Samir MUSTAFAYEV

Bakı-Biləsuvar-Bakı

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.