news Image
2014.08.25
12:00
| A A A
Lənkəranda mühüm sosial-mədəni obyektlərin əsaslı təmiri diqqət mərkəzindədir

Son illər Lənkəran iqtisadi rayonu üzrə əldə olunan iqtisadi uğurlar burada mənəvi-intellektual mühitin, mənəvi ab-havanın yaxşılaşmasına imkan yaratmışdır. Ötən il şəhərin təhsil, səhiyyə, mədəniyyət və turizm sahələrində qarşıya qoyulmuş vəzifələr icra edilmişdir. Xüsusilə də təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir.

Movqe.az xəbər verir ki, rayonun Vilvan kəndində 640 şagird yerlik orta məktəb və şəhər 5 saylı uşaq baxçası üçün 110 yerlik bina tikilib istifadəyə verilmişdir. Hazırda daha 11 məktəbin tikintisinə başlanılmış, şəhər 2 saylı orta məktəbin əsaslı təmiri prosesi başa çatdırılmışdır.

Lənkəran Dövlət Universiteti rayonda yeganə ali təhsil müəssisəsidir. Rayonda ziyalıların, gənclərin sağlam ruhda formalaşmasında, ümumiyyətlə, cəmiyyətdə sağlam təşəbbüslərin dəstəklənməsində, ictimai işlərdə, iməciliklərdə bu ali təhsil müəssisəsinin kollektivi xüsusi fəallığı ilə seçilir. Lənkəran Humanitar kolleci və Tibb kollecinin tələbə və professor-müəllim heyəti də rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edirlər.

Rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində də müvafiq işlər görülür. Gənclərin ictimai-siyasi həyatda fəal mövqe tutmaları üçün belə tədbirlərin böyük əhəmiyyəti var. Sevindirici haldır ki, son illər rayon gənclərinin təhsilə və mədəniyyətə marağı artmış, hərbi xidmətdən yayınanların sayı tamamilə azalmışdır. Gənclərin ictimai işlərdə yaxından iştirakı, təhsildə, idmanda uğurlar qazanması yaxşı nümunədir.

Ötən il rayon idmançıları həm ölkə birinciliklərində, həm də beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmişlər. Xüsusilə rayon şahmatçılarının uğurları sevindiricidir. Ölkə başçısının tapşırığı ilə Lənkəran Olimpiya İdman Kompleksi yenidən inşa olunur. İstifadəyə veriləndən sonra Olimpiya İdman Kompleksi beynəlxalq standartlara cavab verən idman mərkəzinə çevriləcək.

Hesabat ilində rayonda əhaliyə keyfiyyətli səhiyyə xidməti göstərilməsi ilə bağlı müəyyən işlər görülmüşdür. Aparılan profilaktik tədbirlər nəticəsində rayonda qorxulu infeksion xəstəliklər qeydə alınmamışdır. 2013-cü ildə ölkə başçısının sərəncamı ilə Mərkəzi Rayon Xəstəxanası yüksək səviyyədə təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmişdir.

Ötən il tarix-diyarşünaslıq muzeyinin yerləşdiyi Xan sarayında əsaslı təmir işlərinə başlanılmışdır. İl ərzində şəhərə gələn turistlərin sayı əvvəlki illərə nisbətən artmış, turizm infrastrukturu xeyli yaxşılaşmışdır. Şəhərdə yeni beşulduzlu mehmanxananın tikintisinə başlanılmışdır. Rayonda xüsusi razılıq lisenziyası almış 11 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Ötən il rayona gələn turistlərin sayı 15 min nəfərdən çox olmuşdur.

Rayon rəhbərliyi vətəndaşların ərizə və şikayətlərinə baxılması işini də xüsusi diqqət mərkəzində saxlayır. 2013-cü ildə Lənkəran Şəhər İcra hakimiyyətinə 4.759 yazılı müraciət daxil olmuşdur. Müraciətlərin 4.648-i ərizə, 89-u şikayət, 22-si təklif, 49-u minnətdarlıq məktublarıdır. Ötən il şəhər İcra hakimiyyətinə Prezident Administrasiyasından 1.794 müraciət daxil olmuşdur. Onlardan 67-si nəzarət qaydasında olmuş, Milli Məclisdən 66, Nazirlər Kabinetindən 53, digər mərkəzi orqanlardan 258 müraciət daxil olmuşdur. 2.588 müraciət isə birbaşa şəhər İcra hakimiyyətinin başçısına ünvanlanmışdır. Prezident Administrasiyasından və mərkəzi icra orqanlarından daxil olan müraciətlərə nəzarət qaydasında baxılmışdır. İl ərzində nəzarət qaydasında baxılmış müraciətlərin sayı 2.358 olmuşdur. Yerlərdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə icrası 2012-ci illə müqayisədə vətəndaşların yazılı müraciətlərinin sayının azalmasına səbəb olmuşdur.

Müraciətlərin 1627-si müsbət, 199-u qismən həll olunmuş, 2724-nə müvafiq izahat verilmiş, 128-i əsassız sayılmış, 81-nin icrası nəzarətdə saxlanılmışdır. 2013-cü ildə aparata 295 təkrar ərizə daxil olmuşdur. Aparılan araşdırmalar göstərir ki, onlar, əsasən, qaz, su xətlərinin çəkilişi zamanı evlərin, hasarların qəzalı vəziyyətə düşməsi, yaranmış narazılıqlara yerlərdə iş görən təşkilatlar tərəfindən vaxtında diqqət yetirilməməsi, küçələrin qazılıb bərpa olunmaması, çoxmərtəbəli binaların dam və fasad hissələrinin təmiri, şəhərdə və bəzi kəndlərdə ara yollarının bərpası, torpaq sürüşməsi zamanı evlərə dəymiş ziyanın aradan qaldırılması, fərdi mənzillərin təmirinə kömək, habelə aqrar sahədə torpaq mübahisələri ilə bağlı olmuşdur.

Ötən il daxil olmuş 185 kollektiv müraciətlər, əsasən, yolların asfaltlaşdırılması, kəndlərarası yollarının təmiri, elektrik sistemində olan çatışmazlıqların aradan qaldırılması, məhəllələrdə və kəndlərdə qaz xəttinin bərpasının sürətləndirilməsi, çoxmərtəbəli yaşayış binalarının su-kanalizasiya sistemində və dam örtüklərində olan nasazlıqlar barədə olmuşdur. Vətəndaşların kollektiv müraciətləri əsasında Prezident İlham Əliyevin göstərişi ilə şəhərdə evləri qəzalı vəziyyətə düşmüş sakinlər üçün 3 mərtəbəli 24 mənzilli yaşayış binası tikilmişdir. Bundan başqa, Akademik Zərifə Əliyeva küçəsində və Həzi Aslanov xiyabanında çoxmərtəbəli 3 yaşayış binasının dam örtükləri və su-kanalizasiya sistemləri yenidən qurulmuşdur. H.Aslanov xiyabanı, M.Axundzadə, M.Rəsulzadə, Koroğlu küçələrində və Heydər Əliyev prospektində səkilər əsaslı təmir olunmuş, rayonun Günəhir, Osakücə, Bəliton, Vilvan, Havzava kəndlərində və şəhərdə 10-dək fərdi mənzil tikilib evsiz ailələrin istifadəsinə verilmişdir. Əhalinin daha çox istifadə etdiyi küçələrin və səkilərin genişləndirilməsi, tamet düzülməsi işləri davam etdirilmişdir.

2013-cü ildə şəhər İcra hakimiyyəti başçısının yerlərdə əhali ilə 81 səyyar qəbul-görüşü keçirilmiş, bu görüşlərdə 27 min 450 nəfər vətəndaş iştirak etmiş, ümumilikdə, 766 məsələ qaldırılmışdır. Qaldırılan məsələlərlə bağlı ayrı-ayrı qəsəbə və kəndlərdə ara yolları təmir olunmuş, suötürücü kanallar, kollektorlar təmizlənmiş, sürət məhdudlaşdırıcı yol nişanları qoyulmuş, köhnə elektrik transformatorları, dirəklər yenisi ilə əvəzlənmiş, qaz və su xəttləri quraşdırılmış, poçt filialları, elektron ATS-lər tikilib istifadəyə verilmişdir.

İcrası vaxt tələb edən və əhalini narahat edən problemlərlə bağlı müraciətlər daim nəzarətdə saxlanılmışdır. İl ərzində Lənkəran Şəhər İcra hakimiyyətində şöbələr tərəfindən ümumilikdə 6.701 vətəndaş qəbul edilmişdir. Müraciətlərlə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verilmiş və onların icrasına nəzarət olunmuşdur. Məsələlərin vaxtında araşdırılması və operativ həll olunması nəticəsində təkrar müraciətlərin sayı azalmışdır.

Vətəndaşların fərdi ev tikmək üçün torpaq sahəsi almaq istəyi, qaz və elektrik enerji sahəsində olan mübahisələr, işlə təmin olunmaq məsələsi, evin təmirinə və ailə üzvlərinin müalicəsinə maddi kömək göstərilməsi xahişi ilə bağlı müraciətləri çoxluq təşkil etmişdir. Vətəndaşları narahat edən problemlər, onların irəli sürdükləri təkliflər və tənqidi qeydlər öyrənilmiş, bəziləri aparatın perspektiv iş planına daxil edilmiş, bir sıra məsələlərlə bağlı respublika təşkilatları qarşısında məsələ qaldırılmışdır.

Daxil olan hər bir müraciətin arxasında insan amilinin durduğunu nəzərə alan Lənkəran Şəhər İcra hakimiyyətinin rəhbərliyi müraciətlərə həssaslıqla yanaşır, insanların qayğı və problemlərinin həllinə köməyini əsirgəmir. 2013-cü ildə Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı yanında 24 Şura iclası keçirilmiş, 38 məsələ müzakirə edilmişdir. Şura iclaslarında rayonun sosial-iqtisadi və mədəni həyatı ilə bağlı, xüsusilə istehlak bazarı və sahibkarlığın inkişafının təmini, əmək münasibətləri və əməyin mühafizəsi, ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmini, şəhər təsərrüfatı, abadlıq-quruculuq işləri, ictimai-siyasi təşkilatlar, dini qurumlar və kütləvi informasiya vasitələri ilə iş, gender bərabərliyi, səhiyyə və təhsil, bədən tərbiyəsi, idman və digər sahələrlə bağlı 31 məsələ müzakirə olunmuşdur. Hər bir məsələ ilə bağlı qəbul olunmuş qərarların icrasına nəzarət edilmişdir.

2014-cü il yanvar ayının 10-dan 31-dək şəhər İcra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, ayrı-ayrı idarə və təşkilatlarda 2013-cü ilin yekunları ilə əlaqədar hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda yerlərdə yolların asfaltlanması, məktəblərin, uşaq bağçalarının tikilməsi və təmiri, kəndlərə, yeni salınmış məhəllələrə təbii qaz xəttinin çəkilişi, nasaz elektrik dirəklərinin və naqillərin dəyişdirilməsi, içməli su probleminin həlli, yaşayış ərazilərindən keçən çayların, suaxar kanalların qazılıb təmizlənməsi, istehsal olunan tərəvəzin, yaşıl çay yarpağının və digər kənd təsərrüfatı məhsullarının tədarük qiymətlərinin artırılması, kənd həkim məntəqələrinin tikintisi və əsaslı təmiri, kənd poçt filiallarının açılması, bankomatların sayının artırılması və digər məsələlər barədə təkliflər söylənilmişdir. İrəli sürülmüş təkliflər diqqətlə araşdılmış və onların yerinə yetirilməsi ilə bağlı proqramlar tərtib olunmuşdur.

Samir Mustafayev,

Bakı-Lənkəran-Bakı