news Image
2014.10.01
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
İsmayıllı ilin birinci yarısını da uğurlu nəticələrlə başa vurub

Müasir sosial-mədəni infrastrukturu, turizm potensialı və abadlığı ilə seçilən İsmayıllı rayonu 2014-cü ilin birinci yarısında da ciddi iqtisadi uğurlara imza atıb. Hesabat dövrünün yekunları rayonda bütün sahələr üzrə inkişaf və tərəqqinin əldə olunduğunu təsdiqləyir. Qeyd olunan dövrdə rayonda müqayisəli qiymətlərlə 68 milyon 323 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur və bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 5 milyon 235 min manat və ya 8,3 faiz çoxdur.

Tikinti sahəsi istisna olmaqla, rayonda digər bütün sahələrdə dinamik artım müşahidə edilmişdir. Sənaye sahələrində 19,1 faiz, kənd təsərrüfatında 75,8 faiz, nəqliyyatda 3,8 faiz, rabitə sahəsində 19,5 faiz, ticarətdə 5,8 faiz artım olmuşdur. Hesabat dövründə rayon büdcəsinin gəlir hissəsi 9 milyon 651 min 852 manata qarşı 10 milyon 579 min 293 manat icra edilmiş, büdcə gəlirlərinin icrası 109,6 faiz təşkil etmişdir. Yerli mənbələrdən daxilolmalar üzrə proqnoz artıqlaması ilə icra edilmiş, 2 milyon 431 min 782 manata qarşı 2 milyon 542 min 293 manat vəsait daxil olmuşdur. İlin birinci yarısında əhaliyə 9 milyon 584 min manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 51 milyon 780 min manat olmuşdur və bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 milyon 699 min manat və ya 5,5 faiz çoxdur.

Bu müddətdə bir işçiyə hesablanmış nominal orta aylıqəmək haqqı 2013-cü illə müqayisədə 25,4 manat artaraq 256 manata çatmışdır. Hesabat dövründə rayonda tikinti, abadlıq və quruculuq işləri də geniş vüsət almışdır. İlin birinci yarısında Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, Yeni Azərbaycan Partiyası üçün inzibati binanın tikintisi, Heydər Əliyev adına Mədəniyyət Sarayının, İsmayıllı rayon bələdiyyəsinin inzibati binasının əsaslı təmiri, Nizami Gəncəvi küçəsində iki beşmərtəbəli yaşayış binalarının tikintisi, şəhərin elektrik təsərrüfatının yenidən qurulması görülən işlərin miqyasını obyektiv sürətdə təcəssüm etdirir. Bundan başqa, hesabat dövründə bunu bir daha təsdiqləyir. Bundan əlavə, Uşaq əyləncə və istirahət parkının inşası, Heydər Əliyev prospektində əsaslı yenidənqurma işləri, şəhərin görkəminə xələl gətirən yaşayış evlərinin və ictimai obyektlərin dam örtüyünün dəyişdirilməsi və fasadlarının müasir memarlıq üslubunda təmiri, Qalınçaq kənd orta məktəbi üçün 380 şagird yerlik, Şəbiyan ümumi orta və Küllülü kənd ibtidai məktəblərinin hər biri üçün 80 şagird yerlik, Sumağallı kənd uşaq bağçası üçün 40 uşaq yerlik yeni binaların, Key vəndi kəndində 1400 başlıq südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin və digər obyektlərin tikintisi davam etdirilmişdir.

Hesabat dövründə kənd yollarının tikintisinə də diqqət artırılmışdır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış 5,4 milyon manat vəsait hesabına ümumi uzunluğu 18 kilometr olan İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun 10 kilometrlik hissəsinə asfalt-beton örtük vurulmuşdur.

İsmayıllı-Lahıc avtomobil yolunun 7 kilometrlik dağlıq hissəsində də tikinti işləri davam etdirilmişdir. Asfalt vurulması üçün yolun əsası hazır vəziyyətə gətirilmiş, 6 kilometr hissəsində çiyinlər və yol kənarı arxlar tikilmişdir. Diyallı kəndinin giriş yolu təmir olunmuş, əraziyə 1,6 kilometr asfalt örtük vurulmuşdur. Ümumilikdə, 10 saylı Yol İstismar Sahəsi tərəfindən 2014-cü ilin 6 ayında 685,8 min manatlıq təmir işləri görmüşdür. Təmir işləri, əsasən, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda və yerli əhəmiyyətli yollarda aparılmışdır.

İsmayıllı şəhəri küçələrinin tikintisi və yenidən qurulması işləri də davam etdirilmişdir. Yanvar-iyun ayları ərzində şəhərin 16 küçəsində 51 min 709 kvadratmetr yol əsası işlənərək asfalt örtük vurulmuşdur.

İlin birinci yarısında rayonda kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində olmuş, bu sahədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15 milyon 275 min manat artmışdır. Cari ilin məhsulu üçün ötən ilin payızında 28 min 849 hektar sahədə taxıl əkilmişdir və bunun da 22 min 953 hektarını buğda, 5.896 hektarını isə arpa təşkil edir. Bundan başqa, rayon üzrə 3.257 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Yazlıq bitki əkinləri əsasən noxud, qarğıdalı, günəbaxan, kartof, tərəvəz, yemlik paxla, yonca və s. bitkilərdən ibarətdir.

Hesabat dövründə payızlıq taxıl bitkilərinin əkini və sahələrə qulluq aqrotexniki qaydada həyata keçirilmişdir. Şum və səpin işləri vaxtında aparılmış, mineral gübrələrdən istifadə edilmiş, səpində yüksək reproduksiyalı toxumlarlardan istifadə olunmuşdur. Yaz mövsümündə sahələrə azotlu gübrələr verilmiş, alaq otlarına qarşı mübarizə tədbirləri aparılmışdır. İlin birinci yarısında rayonda taxıl biçini kampaniyası çərçivəsində 25 min 120 hektar sahənin taxılı biçilmiş, 70 min 587 ton məhsul əldə olunmuşdur. Hər hektarın məhsuldarlığı 28,1 sentner təşkil etmişdir.

Taxıl biçinini vaxtında və mütəşəkkil həyata keçirmək üçün Rayon İcra Hakimiyyəti başçısının 4 iyun 2014-cü il tarixli 87 nömrəli sərəncamı ilə rayon Qərargahı yaradılmışdır. Qərargah tərəfindən gündəlik taxıl biçini nəzarətdə saxlanılmış, qarşıya çıxan problemlər vaxtında həll olunmuşdur. Biçində rayonun fiziki və hüquqi şəxslərinə məxsus 61 kombayndan və kənar rayonlardan gəlmiş kombaynlardan istifadə olunmuşdur.

Üzümçülük sahəsi də rayon iqtisadiyyatının ən gəlirli sahələrindən biridir. Hazırda rayon üzrə 859 hektar üzüm bağı vardır. "2012-2020-ci illərdə Azərbaycan Respublikasında Üzümçülüyün İnkişafı Dövlət Proqramı"nın icrası ilə əlaqədar hər il rayona yeni üzüm bağları salınır. İlin birinci yarısında isə rayonda 20 hektar sahədə yeni üzüm bağları salınmışdır. Meyvə bağlarının salınmasına da maraq böyükdür. Hesabat dövrü ərzində Qubaxəlilli kəndində 170 hektar sahədə yeni nar bağı salınmışdır. Hazırda rayon üzrə 1000 hektardan artıq meyvə bağı mövcuddur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar iyun ayında 6.640 nəfər istehsalçıya becərdikləri 28 min 926 hektar əkin sahəsinə görə 1 milyon 157 min 44 manat yardımın verilməsi ilə əlaqədar sənədlər hazırlanaraq Respublika Komissiyasına təhvil verilmişdir.

Rayonda heyvandarlıq sahəsinin inkişafına böyük önəm verilir. Son altı ayda rayon üzrə 2406 ton diri çəkidə ət, 16 min 265 ton süd, 4 milyon 958 min ədəd yumurta, 390 ton yun istehsal olunmuşdur. Mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artmışdır.

Keyvəndi kəndində "Azza-Aqro" MMC tərəfindən tikilən kompleksdə 1500 baş qaramalın saxlanılması nəzərdə tutulmuşdur. Hazırda kompleksdə inzibati bina və işçilər üçün xidməti bina, eləcə də 400 başlıq tövlələrdən birinin tikintisi başa çatmışdır.

İlin ötən dövrü ərzində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 20 hektar səhədə meşə bərpa işləri görülmüşdür; bunun 12 hektarı meşə səpini, 8 hektarı meşə əkinindən ibarətdir. Müəssisənin tinglik sahəsində yeni ağac tinglərinin yetişdirilməsi məqsədilə müxtəlif ağacların toxumları səpilmişdir. Yaz mövsümündə 24 min ədəd müxtəlif ağac tingi çıxarılaraq yeni meşə zolaqlarının salınmasına, yaşayış məntəqələrinin və avtomobil yollarının ətraflarının yaşıllaşdırılmasında istifadə edilmişdir.

2014-cü ilin 6 ayında İsmayıllı Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən suvarmanı mütəşəkkil keçirmək məqsədi ilə 2 ədəd hidrometrik post və 8 ədəd hidrotexniki qurğu cari təmir olunmuşdur. Suvarma sistemləri lildən təmizlənmiş, daşqın və selə qarşı mübarizə məqsədi ilə çay məcrasının təmizlənməsi işində 73 min kubmetr ekskovator işi, 138 min kubmetr buldozer işləri görülmüşdür.

Kənar təşkilatların gücü ilə Göyçayçay-İsmayıllı magistral beton kanalın 604 metr hissəsi yenidən qurulmuşdur. Girdiman çayının sol sahilində Lahıc qəsəbəsinin mühafizəsi üçün 118 metr daş-beton bəndi tikilmişdir. 2014-cü ildə rayon ərazisində 8 ədəd subartezian quyularının qazılması nəzərdə tutulmuşdur. Ötən dövrdə Qubaxəlilli, Kəlbənd, Hacıhətəmli və Kürdmaşı kəndlərində bu cür quyular qazılmışdır. Bundan başqa, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması məqsədi ilə Mican kəndi ərazisində 200 ha torpaq sahəsində meliorativ tədbirlər görülmüşdür.

Hesabat dövründə şəhər ərazisində və magistral yolların kənarlarında yeni yaşıllıq zolaqlarının salınmasına da xüsusi diqqət verilmişdir. İdarə və təşkilatları könüllü olaraq iməciliklər təşkil etmiş, ağac əkini və yeni yaşıllıqların salınmasında fəal iştirak etmişlər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə İsmayıllı-Muğanlı və İsmayıllı-Qaraməryəm magistral yolunun kənarında 9.100 ədəd ağac əkilmişdir. Bundan başqa, daha 5 min ədəd ağac bələdiyyələrin ərazisində əkilmişdir. Əkilmiş ağacların mühafizə olunması, qorunub saxlanılması məqsədilə idarə və təşkilatlara təhkim olunmuş, ağaclar əkilən sahələrin ətrafı tikanlı məftillərlə hasara alınmışdır.

(ardı gələn sayımızda)

S.Mustafayev,

Bakı-İsmayıllı-Bakı

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.