Əlaqə Arxiv
news Image
2015.01.17
08:05
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Əlverişli biznes mühiti qeyri-neft sektorunun inkişafını sürətləndirir

Neft-qaz gəlirlərindən asılılığın azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan hökuməti son 11 ildə qeyri-neft sektorunun inkişafı və biznes mühitinin liberallaşdırılması sahəsində mühüm irəliləyişlərə nail olmuşdur. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin fəaliyyətinə geniş imkanların yaradılması yolu ilə yerli istehsalın stimullaşdırılması, habelə sənaye potensialının möhkəmləndirilməsi tədbirləri inkişafın təmayülünü qeyri-neft sektorunun xeyrinə dəyişmişdir.

Nəticədə qeyri-neft sektorunun artım dinamikası neft-qaz sənayesini əhəmiyyətli dərəcədə üstələmişdir.

Regional inkişaf proqramları çərçivəsində həyata keçirilən siyasətin məntiqi davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunmuşdur. Dövlət proqramlarında müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli istifadəsi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Sahibkarlıq mühiti yaxşılaşdırılmış, iqtisadiyyatın inkişafına investisiyalar təşviq edilmiş, ixracyönümlü məhsul istehsalı stimullaşdırılmışdır. Müasir tipli infrastruktur obyektlərinin yaradılması, yolların bərpası və digər tədbirlər də qeyri-neft sektorunun dinamik artımına zəmin yaratmışdır.

Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq 2004-2013-cü illərdə ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə artmışdır. Birinci regioan inkişaf proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına 34,7 milyard manat - ümumilikdə 50,7 milyard manat vəsait yönəldilmişdir. İnvestisiyalar regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuşdur.

Bu tədbirlər regionlarda sahibkarlığın inkişafına və biznes mühitinin yaxşılaşmasına da əsaslı təkan vermişdir: qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmini, 400-dən çox elektron xidmətin göstərilməsi, "bir pəncərə" prinsipinin tətbiqi, 1200-dək maarifləndirmə, biznes forumların, konfransların keçirilməsi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır. Son illər respublika regionlarında müasir tələblərə cavab verən və yüksək texnologiyalarla təchiz olunan yeni sənaye və emal müəssisələrinin istifadəyə verilməsi dünya bazarlarına rəqabətə davamlı məhsulların çıxarılmasına, bütövlükdə ixracın şaxələndirilməsinə imkan yaratmışdır.

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Azərbaycan təcrübəsində sahibkarın dövlətin maliyyə imkanlarından əlverişli şərtlərlə bəhrələnməsinin, xüsusilə qeyri-neft sektorunda səmərəli investisiya layihələrinin reallaşdırılması məqsədilə uzunmüddətli kreditlər almasının pozitiv nümunəsinə çevrilmişdir. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələr üzrə 12500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmişdir. 2015-ci ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.

Təkcə 2014-cü ildə ümumi daxili məhsulun 2,8, qeyri-neft sektorunun 7 faiz artması iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu nəticələr verdiyini göstərir. Bu faktor qeyri-neft sektoru üzrə vergi daxilolmalarının dinamikasına da müsbət təsirini göstərmişdir. 2014-cü ilin yanvar-dekabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 113 milyon 622,4 min manat vəsaitin 32,4 faizi mənfəət vergisinin, 28,8 faizi əlavə dəyər vergisinin, 13,8 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,4 faizi aksizlərin, 15 faizi isə digər vergilərin payına düşmüşdür. Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 milyard 306 milyon 486,5 min manat vəsait daxil olmuşdur və bu da ötən illə müqayisədə 14,5 faiz çoxdur. Ümumilikdə, ötən il qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 19,5 faiz artmışdır. Regionların sosial-iqtisadi inkişafının uğurlu nəticəsi olaraq regionlardan vergi daxilolmaları 9,8 faiz artmışdır.

Hesabat dövründə respublika üzrə 82 688 vergi ödəyicisi qeydiyyata alınmışdır. 1 yanvar 2015-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 609 742 olmuşdur və bu da 2014-cü ilin 1 yanvar tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 13,4 faiz çoxdur. 2014-cü ildə respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,2 faiz təşkil etmişdir.

Görülən tədbirlərin nətisəsidir ki, Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2015" hesabatında 189 ölkə arasında 8 pillə irəliləyərək 80-ci yerə yüksəlmiş və bir sıra göstəricilər üzrə qabaqcıl ölkələr sırasında qərarlaşmışdır. Biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən yeni hesabatda ölkəmiz ən çox islahat aparan 10 ölkə sırasında 8-ci yerdə mövqe tutmuşdur. Azərbaycan hesabatda 3 göstərici üzrə ("Əmlakın qeydiyyatı", "Biznesə başlama" və "Vergilərin ödənişi") həyata keçirilən islahatlar üzrə ən yaxşı göstəricisi olan ölkələr sırasındadır. "Biznesə başlama"da qeydiyyatın elektron qaydada aparılmasının tətbiqi, "Əmlakın qeydiyyatı"nda notariuslar və əmlakın reyestri informasiya bazasının onlayn rejimə inteqrasiyası, "Vergilərin ödənişi"ndə hesabat və ödənişlərin elektron qaydada aparılmasının geniş tətbiqi müsbət nümunə kimi ayrıca vurğulanmışdır. Ölkəmizin "əmək bazarının səmərəliliyi", "texnoloji səviyyə", "maliyyə bazarının inkişafı" göstəriciləri üzrə də mövqeyi yaxşılaşmışdır.

Ötənilki nəticələrlə müqayisədə Azərbaycan vergilərin ödənişi indeksi üzrə 44 pillə irəliləyərək 77-ci yerdən 33-cü yerə yüksəlmişdir. Beləliklə, ölkəmizin mövqeyi "Vergilərin ödənilməsi" göstəricisi üzrə 44 pillə, "Tikinti icazələrinin alınması" üzrə 30 pillə, "Elektrik təchizatı şəbəkələrinə qoşulma" üzrə 22 pillə, "Əmlakın qeydiyyatı" üzrə 3 pillə, "Xarici ticarətin aparılması" üzrə 2 pillə irəliləmişdir.

2015-2017-ci illər ÜDM-də qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisini yüksəltmək, büdcə gəlirlərinin yığım əmsalını artırmaq, dövlət büdcəsi xərclərinin optimallaşdırılması istiqamətində işləri davam etdirmək, büdcədən maliyyələşən təşkilatlar üzrə adambaşına maliyyələşdirmə prinsipinə keçmək, yerli dövlət proqramları və tədbirlərinin ortamüddətli büdcə xərcləri ilə uzlaşdırılması üçün tədbirlər görmək, xərclərin investisiya və social yönümlülüyünə üstünlük verməklə sosial siyasəti gücləndirmək, büdcə xərclərinin son nəticəyə əsaslanan məqsədli proqramlar əsasında tərtibini davam etdirmək kimi strateji məqsədlər daxildir.

Bundan başqa, qarşıda iqtisadiyyatın, o cümlədən sahibkarlığın, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək, ölkənin müdafiə qüdrətinin, təhlükəsizliyinin və hərbi potensialının artırılması istiqamətində büdcə siyasətini davam etdirmək, dövlət büdcəsindən müəssisə və təşkilatlara verilən maliyyə yardımlarının və transfertlərin istifadə mexanizmini təkmilləşdirmək və effektivliyi artırmaq, iqtisadi irəliləyişlərə şərait yaradan qanunvericilik bazasını gücləndirmək, qeyri-neft gəlirlərinin artımı hesabına dövlət büdcəsi kəsirinin azaldılmasına və kəsirin idarə olunan səviyyədə saxlanılmasına nail olmaq kimi hədəflər də durur.

Sosial-iqtisadi inkişaf konsepsiyasında vergi siyasətinin də əsas istiqamətləri müəyyən olunmuşdur. Sənədə əsasən, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsinin əsas prinsiplərini ölkədə bütün vergi ödəyiciləri üçün bərabər iqtisadi şəraitin yaradılması, sahibkarlığın inkişafı və azad rəqabətin formalaşması təşkil edəcəkdir. Növbəti illərdə də vergi siyasətinin əsas istiqamətləri sahibkarlığın müasir sahələrinin, o cümlədən innovativ sahibkarlığın inkişaf etdirilməsinə, investisiya qoyuluşlarının genişləndirilməsinə, vergi inzibatçılığının müasir İKT zəminində daha da təkmilləşdirilməsinə, vergi dərəcələrinin optimallaşdırılmasına, beynəlxalq vergi qanunvericiliyinə inteqrasiyanın dərinləşdirilməsinə yönəldiləcəkdir.

Sevindirici haldır ki, qeyri-neft sektorunun inkişafında və bu sahədə istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə yüksəlişində sahibkarlar da daha böyük rol oynamağa başlayırlar. Bütün bunlar faktiki olaraq ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, iqtisadiyyata yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi, bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi istiqamətində həyata keçirilən siyasətin məntiqi nəticəsidir.

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.

 

Sizin Reklam Yeriniz