news Image
2012.04.11
17:06
| A A A
LAYİHƏNİN ADI: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Qobustan dinamik inkişaf və tərəqqi yoluna qədəm qoyub

Qobustan Şirvan bölgəsinin son illərdə sürətlə inkişaf edən, müasirləşən inzibati rayonlarından biridir. Azərbaycanda insanların ən qədim yaşayış məskənlərindən sayılan bu məkanın ilk adı Duvannı olub. Duvannı stansiyası 1893-1994-cü illərdə yaranıb, 1901-1905-ci illərdə ilk dəfə Duvannı stansiyasından xaricə neft göndərilib. 1935-1937-ci illərdə Azərbaycanda ilk dəfə olaraq Duvannıda kəşfiyyat neft buruğu işə salınıb. 1945-1949-cu illərdə Duvannı Hacıqabul rayonunun tərkibinə daxil edilib. 1950-1954-cü illərdə Duvannı rayonu yaranıb. 1956-cı ildən yenidən Molotov (Qaradağ) rayonunun tərkibinə keçib.

1951-ci ildə şəhər tipli qəsəbə kimi təşkil olunub, 1972-ci ildə isə Duvannının adı dəyişdirilərək Qobustan qoyulub. Indiki Qobustan qəsəbəsinin ərazisi qədim insanların məskunlaşdığı yerlər olub. Hazırda Qobustan Dövlət Qoruğunda qorunan qaya təsvirləri buna əyani sübutdur. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilib ki, qaya təsvirləri bizim eradan əvvəl II minilliyə - "Daş dövrü"nə təsadüf edir.

Tariximizin ilk daş səhifələrini özündə yaşadan Qobustan Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində yerləşir. Azərbaycanın müasir fiziki-coğrafi bölgəsinə əsasən Qobustan özlüyündə ayrıca fiziki-coğrafi sahə (rayon) kimi qeyd edilir. Ərazi Qobustan qərbdən şərqə 80 km, şimaldan cənuba 100 km məsafədə uzanır. Ümumiyyətlə fiziki-coğrafi sahə olmaqla Qobustan ərazisinin bir qismi Xızı, Abşeron, Qaradağ, Hacıqabul inzibati rayonlarına daxil olmaqla yanaşı, onun əsas hissəsi (1369,4 km2) 24 aprel 1990-cı ildə yaradılmış Qobustan inzibati rayonuna daxildir.

Qobustan inzibati rayonu ərazisi az istisna olmaqla, keçmiş Mərəzə inzibati rayonunun ərazisinə uyğun gəlir. Şimal-şərqdən Xızı inzibati rayonu, şərqdə və cənub-şərqdən Abşeron inzibati rayonu, cənubdan kiçik bir məsafədə (6 km) Hacıqabul inzibati rayonu, cənub-qərbdən, qərbdən və şimal-qərbdən Şamaxı inzibati rayonları ilə sərhəddir. Təxmini şimaldan cənuba 51 km, qərbdən şərqə isə 45 km məsafədə uzanır.

Qobustan inzibati rayonunun ərazisi mürəkkəb relyefə malik dağlıq sahədir. Onun öyrənilməsi ümumi Qobustan ərazisi daxilində tədqiqatçılarının diqqətindən kənarda qalmayıb, onun tərkibində araşdırılıb.

Geoloji baxımdan Qobustanda məhsuldar qat neft və qazla zəngindir. Bunların təbii göstəriciləri palçıq vulkanlarıdır. Qobustanda da təbii halda Nabur, Hilmilli (Xilmilli), Cəyirli Şorsulu, Ərəbqədim, Şeyxzərli, Kolanı və s. palçıq vulkanlarında təzahür edir. Rayonda müxtəlif tikinti materialları ehtiyatı (əhəngdaşı, qum, çınqıl), sənaye əhəmiyyətli gillər, vulkan külü, gips, şist və s. ehtiyatı vardır.

Azərbaycan Prezidenti İlham Əliyevin regionlara diqqət və qayğısının məntiqi nəticəsi kimi son illərdə Qobustan rayonu sürətlə inkişaf edir. Ölkə başçısının 13 sentyabr 2011-ci il tarixdə Qoyustana səfəri rayon üçün əlamətdar hadisələrdən biri olub. Səfəri zamanı ölkə başçısı son illərdə Qobustanda görülən işləri yüksək dəyərləndirib.

Dövlət başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən bu park 2007-ci ildə istifadəyə verilib. Dörd hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilib, göz oxşayan fəvvarə kompleksi yaradılıb. Parkda rayon sakinlərinin istirahəti üçün hər cür şərait vardır.

Prezident İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında iştirak edib. 38 hektar ərazidə inşa olunan mərkəz külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bu isə ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir. Prezident İlham Əliyev mərkəzin fəaliyyətini əks etdirən stendlə tanış olub. Bildirilib ki, poliqon ərazisində hər birinin gücü 0,9 meqavata çatan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu yaradılıb. Burada, eyni zamanda, tənzimləyici qurğu, su anbarı, sınaq meydanı, emalatxana fəaliyyət göstərir. Ərazidə yaradılan xüsusi avtodayanacaqda isə elektrik enerjisi ilə işləyən avtomobillərin akkumulyatorlarını cərəyanla doldurmaq mümkündür. Bir neçə dəqiqə ərzində enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə qət edə bilər.

Sonra dövlət başçısı idarəetmə mərkəzi ilə də tanış olub. Məlumat verilib ki, burada yaradılan laboratoriyada mərkəzdə istifadə olunan qurğuları yoxlamaq və eksperimentlər aparmaq mümkündür. İki tədris otağında təlim və tədris kurslarının təşkili nəzərdə tutulub. Poliqonda və mərkəzdə texnoloji proses dispetçer məntəqəsindən idarə olunur. Ümumilikdə, agentlik tərəfindən ölkə ərazisində 21 ölçü-müşahidə stansiyasının tikilməsi nəzərdə tutulub və bunun birincisi Qobustandakı mərkəzdə yaradılıb.

Dövlət başçısı günəş enerjisinin əldə olunması üçün ayrıca sahədə yerləşən panelləri müşahidə edib, mərkəzin sınaq-təcrübə sahəsi ilə tanış olub. Azərbaycan Prezidenti mərkəzdə istifadə olunan qurğular, o cümlədən ölkədə istehsalı nəzərdə tutulan foto-elektron panellərin nümunələrinə baxıb, ərazidə yaradılan təcrübə istixanasının fəaliyyəti ilə tanış olub. Bildirilib ki, burada alternativ enerji ilə istənilən bitkini lazımi temperaturda yetişdirmək mümkündür. Mərkəzdəki 330 kubmetr tutumu olan soyuducu kamerada müsbət 5 dərəcədən mənfi 5 dərəcəyədək temperatur yaradıla bilər.

Poliqonun ərazisini gəzən Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, burada qurulan işıqlandırma sistemi və istixana alternativ enerji ilə işləyir. Ərazidə birmərtəbəli 10 yaşayış binası da inşa olunub və onların işıqlandırma sistemi günəş enerjisi ilə işləyir. Mərkəzin gücünün gələcəkdə 5,5 meqavata çatdırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev Qobustana səfəri çərçivəsində "Kafur-pas" MMC-nin tinglik mərkəzinin açılışında da iştirak edib. Dövlət başçısına məlumat verilib ki, adətən Azərbaycanın müxtəlif ərazilərində əkilən ağac və bəzək kolları xarici ölkələrdən idxal olunur. Qobustanda yaradılan tinglik mərkəzi isə bu məsələnin daha sərfəli yolla həllinə şərait yaradır. Ağac, kol bitkilərinin reabilitasiyasının təşkili və dekorativ bitkilərin becərilməsi üçün seçilən bu ərazi bütün lazımi şəraitlə təmin edilib. Tinglik mərkəzinə üç kilometr məsafədən su xətti çəkilib, suvarma sistemi avtomatlaşdırılıb. Mərkəzdə əkin sahəsindən əlavə giriş qala qapısı, su deposu yaradılıb. Açıq su deposunun üzərində dördmərtəbəli ekoloji sağlamlıq mərkəzi tikilir. Ərazidə inzibati bina ilə yanaşı, istirahət guşələri də yaradılıb. Buradakı iki süni göldə balıq və digər su canlıları saxlanılır. Tinglik mərkəzində avtomobillərin rahat hərəkəti üçün daxili yollara asfalt örtüyü salınıb. Zövqlə əkilmiş gözoxşayan ağac və gül kolları burada istirahət edənlərdə xoş təəssürat yaradır. Hazırda mərkəzin ərazisində 70 adda 20 mindən çox ağac və bəzək kolu əkilib.

Dövlət başçısına bildirilib ki, gələcəkdə burada botanika, zoologiya və idman dərnəklərinin təşkili də nəzərdə tutulub. 53 nəfərin çalışdığı tinglik mərkəzində Qırğızıstandan gətirilən dəvə yunundan qırğız yurtları da qurulub. Bu yurtların sütunları 99 şam ağacının gövdəsindən hazırlanır. Mərkəzə gələn şəxslər burada da istirahət edə bilərlər. Gələcəkdə tingliyin "Qobustan Bağ-Bağat" mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Mərkəzə gələnlər müxtəlif növ ağaclar sifariş verməklə yanaşı, burada ailəvi istirahət edə biləcəklər. Sonra mərkəzin bitki sərgisi ilə tanış olan dövlət başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Ölkə başçısının həmin səfərdən dərhal sonra - 15 sentyabr 2011-ci ildə imzaladığı "Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncama əsasən, Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qobustan Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin 2 milyon manat vəsait ayrılıb. Bu vəsait hesabına 13 000 nəfər əhalini, 6 kəndi birləşdirən 23 km-lik Qobustan-Xilmilli yolunun 14 km hissəsinin əsaslı təmiri işləri aparılıb.

Ötən illərdə rayonda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da uğurla icra edilib. Proqramda Qobustan rayonunda həyata keçirilməsi nəzərdə tutulan 20 tədbirdən 17-nin icrasına başlanılıb. Ümumilikdə, Dövlət Proqramının icrası nəticəsində 2011-ci ildə ötən illə müqayisədə ümumi məhsul buraxılışının həcmi 14 faiz artıb. Bu artım sənayedə 30 faiz, kənd təsərrüfatında 15,4 faiz, nəqliyyatda 10,8 faiz, ticarətdə 34,8 faiz olub. Qobustan şəhərində baytarlıq və diaqnostika mərkəzinin, Bədəlli kəndində isə baytarlıq məntəqəsinin tikintisi başa çatdırılıb. Şəhərdaxili küçələrin 4,2 km hissəsində təmir işlərinə başlanılıb. Ş.Şikarov küçəsinə və 1,2 km uzunluqda Tofiq İsmayılov küçəsinə asfalt örtüyü vurulub.

Qobustan şəhərində Heydər Əliyev prospekti abadlaşdırılıb, prospektin 1,2 km hissəsində ikitərəfli səkilər çəkilib. 2 km-ə qədər yeni bordürlər qoyulub, yaşıllıq zolağı salınıb. Prospektin bu hissəsində köhnə işıq dirəkləri müasir işıq dirəkləri ilə əvəz edilib. 1 saylı məktəbə və uşaq bağçalarına gedən yola asfalt örtüyü çəkilib.


Tərlan Nəsirli

Bakı-Qobustan-Bakı

(ardı var)


Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs