Əlaqə Arxiv
news Image
2015.02.04
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Azərbaycanda özəl sektorun dinamik inkişafı işsizliyin ilbəil azalmasını təmin edir

Xəbər verildiyi kimi, Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə "Makroiqtisadi siyasət və onun məşğulluq siyasətinə təsiri" mövzusunda hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, Beynəlxalq Əmək Təşkilatının (BƏT), ayrı-ayrı ölkələrin nümayəndələrinin iştirakı ilə beynəlxalq seminar öz işinə başlayıb. Seminar makroiqtisadi siyasətin əmək bazarı və məşğulluq sferalarına təsiri, bu siyasətin məşğulluq strategiyalarına uyğunluğu, demoqrafik, sosial və əmək bazarı tendensiyalarının, gənclərin məşğulluğunun təşviqi və s. məsələlərin müzakirəsinə həsr olunub.

Tədbirdə xüsusi vurğulanıb ki, qlobal miqyasda böhran proseslərinin hökm sürdüyü bir vaxtda Azərbaycan sabitlik şəraitində davamlı makroiqtisadi uğurlara, bu uğurları tamamlayan güclü sosial siyasətə və səmərəli məşğulluq strategiyasına malik bir ölkə kimi özünü təqdim edir. Həyata keçirilən düşünülmüş makroiqtisadi siyasət nəticəsində son 10 ildə respublikada ümumi daxili məhsul 3,4 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb, ötən il isə bu artımlar müvafiq olaraq 2,7 faiz və 4,8 faiz təşkil edib. Ümumdaxili məhsulun adambaşına düşən həcmi son on ildə 8,4 dəfə artaraq 6300 manata (8000 ABŞ dollarına) yüksəlib. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən 2020-ci ilədək bu göstəricinin iki dəfə artacağı gözlənilir. Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, Azərbaycan artıq "yuxarı orta gəlirli" ölkələr kateqoriyasına yüksəlib.

İqtisadi inkişafın sosial sahəyə müsbət təsiri nəticəsində minimum əməkhaqqı 11,6 dəfə, bir nəfərə düşən orta aylıq əmək haqqı 5,5 dəfə artıb, orta aylıq əmək pensiyası 9,4 dəfə artmaqla yoxsulluq həddini 1,7 dəfə üstələyir. Dövlət başçısının iqtisadi siyasəti ölkədə qeyri-neft sektorununun inkişafını, eyni zamanda sosial rifahda ən təsirli vasitə olan məşğulluq səviyyəsinin artımını uğurla təmin edir. Son on ildə 2,6 dəfə, həmçinin ötən il 7 faiz artımın qeydə alındığı qeyri-neft sektorunun milli iqtisadiyyatda payı hazırda 60 faizə yaxındır. Ölkədə muzdla işləyən 1508 min nəfərin 93,3 faizini əhatə edən qeyri-neft sektorunun genişlənməsi 2004-cü ildən bəri bir milyonu daimi olan 1 milyon 360 min yeni iş yerinin açılmasına, məşğulluq problemlərinin aradan qalxmasına səbəb olub.

Beynəlxalq konfransda həmçinin vurğulanıb ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən 2014-cü ilin sonlarında (oktyabr ayında) işsizlik səviyyəsi Avropa məkanında 11,5 faiz, Avropa Birliyində 10 faiz, İspaniyada 24 faiz, Portuqaliyada 13,4 faiz, İtaliyada 13,2 faiz, Slovakiyada 12,9 faiz, İrlandiyada 10,9 faiz, Fransada 10,5 faiz, Sloveniyada 8,8 faiz olub. İnkişaf etmiş ölkələrdə artmaqda olan işsizlik səviyyəsi Azərbaycanda son on ildə sürətlə azalaraq 4,9 faizə enib. Yeni yaradılan iş yerlərinin 80 faizinin regionları əhatə etməsi ölkənin bölgələri üzrə əmək bazarları arasında qeyri-bərabər vəziyyətin aradan qalxmasına imkan verib. BƏT-in məlumatına əsasən, hələ 2010-cu ildə ölkəmizdə şəhər və kənd yerləri üzrə işsizlik səviyyələri müvafiq olaraq 5,8 faiz və 5,4 faiz olub. Rusiyada bu, 17,6 faiz və 3,7 faiz, Türkiyədə 14,2 faiz və 7,3 faiz, Fransada 9,8 faiz və 7,2 faiz, Bolqarıstanda 8,6 faiz və 12,3 faiz, Latviyada 20,3 faiz və 17 faiz təşkil edib.

Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanda regional inkişaf və tərəqqiyə, özəl sektorun inkişafına xidmət edən iqtisadi islahatların mühüm hədəflərindən biri də məşğulluğun səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, əhalinin yüksək rifah halının təmin edilməsidir. Ölkədə biznes mühitinin liberallaşdırılması, sahibkarlığın inkişafı, vergi dərəcələrinin optimallaşdırılması, infrastrukturun müasirləşdirilməsi və digər istiqamətlərdə həyata keçirilən tədbirlər məşğulluq strategiyasının uğurla reallaşdırılmasına imkan yaratmışdır.

Beynəlxalq Əmək Təşkilatının hələ 1995-ci ildə apardığı tədqiqatlara əsasən, Azərbaycanda işsizlik səviyyəsi 17,2 faiz, 1999-cu ildə əhalinin siyahıya alınması zamanı əldə olunan məlumatlara görə isə 16,25 faiz təşkil edirdi. 2003-cü ildə BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatının iştirakı ilə əhalinin iqtisadi fəallıq səviyyəsi üzrə keçirilmiş seçmə statistik müayinəyə əsasən işsizlik 9,7 faiz təşkil edirdisə, hazırda bu rəqəm 4,9 faiz civarındadır. Bu göstəriciyə görə Azərbaycan MDB dövlətləri sırasında öncül yerlərdən birini tutur.

Əgər ölkə vətəndaşları bir zamanlar iş axtarmaq üçün Rusiya və digər MDB ölkələrinə üz tuturdularsa, son illərdə əks proses başlamışdır. Nəinki MDB-dən, ümumilikdə, dünyanın bir çox ölkələrindən işaxtaranlar iqtisadi baxımdan cəlbedici ölkə kimi respublikamıza üz tuturlar. Vaxtilə iş tapmaq ümidi ilə başqa ölkələrə gedən vətəndaşlarımızın son illər geri qayıtması, habelə əcnəbi miqrantların leqal, bəzən də qeyri-leqal şəkildə respublikanın əmək bazarına can atmaları sahibkarlıq subyektlərinin və yüksək gəlirli iş yerlərinin sayının artması ilə izah olunur. Yeni iş yerlərinin yaradılması bilavasitə regionlarda sahibkarlığın inkişafı və kapital qoyuluşlarının həcminin artması ilə sıx bağlı proses olduğundan, hökumət iş adamları üçün ildən-ilə daha yaxşı imkanların yaradılmasına çalışır.

2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə əlavə və dəyişikliklər ölkədə biznes mühitinin daha da yaxşılaşmasına təkan verməklə yeni iş yerlərinin açılmasında xüsusi çəkisi olan sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər 7 il müddətinə mənfəət, əlavə dəyər, əmlak və torpaq vergilərindən azad edilmişlər. Məcəllədə sahibkarların qanuni mənafelərinin təminatına xidmət edən bir sıra mühüm müddəaların əksini tapması, ümumilikdə, vergi ödəyicilərinin sayının artımına müsbət təsirini göstərir.

Regionlarda məşğulluğun səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm amillərdən biri də bu sahədə qəbul olunmuş çoxsaylı dövlət proqramlarıdır. Son 10 ildə qəbul olunmuş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı", "Azərbaycan Respublikasının Məşğulluq (2006-2015-ci illər) Strategiyası", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" və digər sənədlər paxtaxt Bakıda və bölgələrdə işsizliyin səviyyəsinin yüksəlməsi baxımından əhəmiyyətli olmuşdur.

Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər) 2006-2010-cu illəri əhatə edən birinci mərhələsinin icrası nəticəsində işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunmuşdur. Bununla yanaşı, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması, rəqabət gücünün artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində də müvafiq tədbirlər həyata keçirilmişdir.

"Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" isə əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər) ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir. Proqramda işçi qüvvəsinə tələbatın stimullaşdırılması, səmərəli işgüzarlıq mühitinin formalaşdırılması, struktur islahatlarının dərinləşdirilməsi, investisiya fəallığının artırılması və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmini məsələləri əksini tapmışdır.

Sənəddə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sahəsində kompleks tədbirlər nəzərdə tutulmuşdur. Habelə aidiyyəti dövlət qurumlarının, eləcə də İqtisadi İnkişaf, Vergilər, Əhalinin Sosial Müdafiəsi nazirliklərinin qarşısında mühüm vəzifələr müəyyənləşdirilmişdir. Ölkədə makroiqtisadi sabitlik sahəsində əldə olunmuş nailiyyətlərin möhkəmləndirilməsi; yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi; ədalətli rəqabət mühitinin formalaşdırılması və inkişafı; təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı təmin edən şəraitin yaradılması; qeyri-formal məşğulluğun qarşısının alınması; işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə kömək edən xüsusi tədbirlərin həyata keçirilməsi; kiçik və orta sahibkarlığın inkişafının, eləcə də fərdi əmək fəaliyyəti ilə məşğul olanların iqtisadi həvəsləndirilməsi kimi mühüm tədbirlər Dövlət Proqramında mühüm hədəflər kimi diqqəti çəkir.

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz