Əlaqə Arxiv
news Image
2015.04.02
10:50
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Nağdsız ödəniş infrastrukturu inkişaf etdirilir

Son illər Azərbaycanda biznes və maliyyə-təsərrüfat subyektlərində şəffaf mexanizmlərin tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məqsəd, ilk növbədə, nağdsız dövriyyənin inkişafı yolu ilə iqtisadi sferada hesabatlılığı və şəffaflığı təmin etmək, vətəndaşları plastik kartlardan istifadəyə həvəsləndirməkdir.

Dünya təcrübəsində vergilərdən yayınmanın qarşısının alınması, şəffaflıq və hesabatlılığın vacib amili kimi nəzərdən keçirilən nağdsız ödənişlərin həcminin genişləndirilməsi üçün maarifləndirmə və təbliğat vasitələrindən əlavə inzibati metodlardan da istifadəyə geniş rast gəlinir. Bir sıra ölkələrin maliyyə və vergi qanunvericiliyində əksini tapmış bu cür məhdudlaşdırıcı tədbirlərdən biri də nağdsız ödənişlər üçün müəyyən limitin müəyyənləşdirilməsidir. Bunda məqsəd, ilk növbədə, korporativ sektorda şəffaflığın artırılması və böyük həcmli nağd ödənişlərin bank dövriyyəsinə cəlbi yolu ilə maliyyə intizamının gücləndirilməsi, vergitutma bazasının genişləndirilməsidir.

Azərbaycan hökuməti hələlik daha çox maarifləndirmə və stimullaşdırma vasitələrindən istifadə yolu ilə nağdsız dövriyyənin genişlənməsinə çalışır. Ölkə başçısının son illərdə imzaladığı müvafiq fərman və sərəncamlar, habelə verdiyi göstərişləri əsas tutan aidiyyəti digər dövlət qurumları nağdsız ödəniş sisteminin inkişafına xidmət edən bir sıra mühüm qərarlar qəbul etmişlər. Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli "Azərbaycan ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"na əsasən, 2012-ci ilin yanvar ayında Vergilər Nazirliyində nağdsız ödənişlərin stimullaşdırılması, POS-terminalların quraşdırılması prosesinin sürətləndirilməsi məqsədilə xüsusi qərargah yaradılmış və genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bu tədbirlərin bütün ölkə üzrə, kompleks şəkildə həyata keçirilməsi üçün geniş təbliğat işi aparılmış, POS-terminalların quraşdırılmasının zəruriliyi vergi ödəyiclərinə ətraflı izah olunmuşdur.

Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli "Azərbaycan ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"nda POS-terminalların hansı obyektlərdə quraşdırılması olduğu konkret bəndlə göstərilmişdir. Xatırlatmaq istərdik ki, dövriyyəsindən və ərazisindən asılı olmayaraq bütün əlavə dəyər vergisi ödəyicilərində POS-terminalların quraşdırılması vacibdir. Eləcə də dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil, mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman-sağlamlıq kompleksləri, səhiyyə, istirahət, turizm və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri POS-terminalların quraşdırılması məcburidir. Eyni zamanda, rüb uzrə orta aylıq dövriyyəsi 2 min manatdan çox olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektlərində POS-terminallar quraşdırılmalıdır. Fiziki və hüquqi şəxslərə aid nəqliyyat vasitələri ilə daşıma xidmətləri göstərən müəssisələrin də POS-terminallardan istifadəsi məcburidir. Bütün bunlarla yanaşı, vergi və rüsumların dövlət büdcəsinə ödənişinin nağdsız formada həyata keçirilməsi üçün POS-terminallardan və digər vasitələrdən istifadə mühüm şərt kimi müəyyən edilmişdir.

Bununla belə, hazırda POS-terminallardan istifadə sahəsində müəyyən problemlərin mövcudluğunu da demək lazımdır. POS-terminallardan istifadə məsələsi həm istehlakçılardan, həm də vergi ödəyicisi olan sahibkarlıq subyektlərindən asılıdır. Lakin müşahidələr göstərir ki, bəzi obyektlərdə POS-terminalların olmaması və yaxud işləməməsi ilə bağlı istehlakçılara yalan məlumatlar verilir. Hətta satıcı və digər xidmətlər göstərən əməkdaşların POS-terminallardan istifadə edə bilməməsi hallarına da rast gəlinir. Bütün bunlar isə bəzən vətəndaşların klastik kartlarla alış-veriş etmək imkanlarını məhdudlaşdırır.

POS-terminal quraşdırılarkən, hər bir təsərrüfat subyektinə ondan istifadə qaydaları ilə bağlı bukletlər, təlimat kitabçaları verilir. Vergi orqanı əməkdaşları təsərrüfat subyektlərində POS-terminal quraşdırarkən, ondan istifadə qaydalarını da geniş izah edirlər. Məsələn, nağdsız ödənişlərin necə aparılması, səhv daxil edilmiş məbləğin hansı formada geri qaytarılması və digər məsələlər izah olunur.

Maarifləndirmə tədbirləri ilə yanaşı, stimullaşdırma tədbirlərinin də genişləndirilməsi zəruridir. Hər bir istehlakçı və sahibkar nağdsız əməliyyatların aparılmasında maraqlı olmalıdır. Son illər banklar, o cümlədən iri ticarət müəssisələri plastik kartlarla alış-veriş edən vətəndaşlar üçün müəyyən stimullaşdırıcı kampaniyalar təşkil edirlər. Gələcəkdə bu addımlar daha da genişləndirilməli, vətəndaşlarda plastik kartlarla alış-verişə maraq gücləndirilməlidir.

Nağdsız ödənişlərin genişləndirilməsi vətəndaşların psixologiyasında müəyyən dəyişikliklərin də baş verməsini tələb edir. Bəzən insanlar məvaciblərini son manatadək nağdlaşdırmaq, ciblərinə qoymaq istəyirlər. Bu cür insanlar vəsaiti kartlarda saxlamağın üstünlüklərini dərk etməlidirlər. Əvvəla, nağdsız ödəniş bütün dünyada yüksək mədəniyyət göstəricisidir. İkincisi, vətəndaş nağdlaşdırdığı pul vəsaiti hansısa şəraitdə itirə, yaxud oğurlatdıra bilər. Plastik kart iririldiyi halda isə, sadəcə, banka məlumat verməklə, həmin vəsaiti yeni plastik karta köçürmək mümkündür. Digər tərəfdən, külli miqdarda nağd pulu üzərində gəzdirən vətəndaş özünü müəyyən risk qarşısında qoya bilər.

Hazırda Azərbaycanda nağdsız ödənişlərin infrastruktur imkanlarının genişləndirilməsi üçün hökumət tərəfindən əhəmiyyətli tədbirlər həyata keçirilir ki, bu da, bankların bu prosesdə iştirakına geniş imkanlar yaradır. Vergi, rüsum və digər büdcə ödənişlərinin Milli Ödəniş Sisteminin infrastrukturu vasitəsilə qəbul edilməsinin təmin olunması, "Elektron hökumət" layihəsi çərçivəsində dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərə ödənişlərin nağdsız ödəniş alətləri vasitəsilə toplanması imkanının yaradılması bankların nağdsız bazarda aktiv iştirakına stimul verir.

Bu prosesdə banklar da fəal iştirak edirlər. Məsələn, Beynəlxalq Bank nağdsız ödənişlər sisteminin ən son yeniliklərindən biri olan mobil ödəmə versiyasını da tətbiq etməkdədir. "Mobile Wallet" adlanan bu layihəyə əsasən, pul vəsaitlərinin bankdan mobil telefonla çıxarılması mümkündür. Yəni, müştərilər kart olmadan mobil telefon vasitəsi ilə bankomatdan nağd vəsait əldə edə bilirlər. "MobilBank" xidmətinin istifadəçiləri üçün yaradılan bu yeniliyin əsas cəhətlərindən biri də kart hesablarından kartı olmayan şəxslərə istənilən məbləğdə və valyutada pulun göndərilməsidir. Bu xidmət çərçivəsində, həmçinin, mümkün olan bütün kommunal ödənişlərin, ticarət və xidmət məntəqələrində kartsız əməliyyatların mobil telefon vasitəsilə aparılması mümkündür.

Beynəlxalq Bankın digər bir layihəsi kartdan ölkədən kənarda olan müştərinin kartına pulun köçürülməsidir. "VISA" şirkəti ilə birgə reallaşan bu layihəyə əsasən, bankın müştərisi ABB-nin heç bir filialına müraciət etmədən bankomat vasitəsilə MDB ölkələrindəki plastik kart sahiblərinə pul köçürə bilir. Eyni zamanda, ölkə ərazisində yaşayan şəxslərin kartına da pul köçürmək mümkündür.

Nağdsız ödənişlər bazarının inkişaf etdirilməsi " Azərpoçt" MMC-nin də əsas fəaliyyət sahələrindən biridir. Bu gün ölkədə fəaliyyət göstərən Milli Ödəniş Sistemi infrastrukturuna 4 kart-prosessinq mərkəzi, 44 bank, 822 bank filialı ilə yanaşı, "Azərpoçt"un filial və şöbələri də daxildir. "Azərpoçt" MMC öz müştərilərinə POS-terminal və ATM-lər vasitəsilə xidmət göstərir.

Azərbaycanda nağdsiz ödənişlər sahəsində görülən müsbət işlərlə yanaşı, bu sahədə mövcud problemləri də qeyd etmək lazımdır. Ödəniş kartları ilə fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə mövcud infrastruktur imkanlarının artırılması, banklar ilə hüquq-mühafizə orqanları arasında əlaqəli fəaliyyətin təşkil olunması, elektron bankçılıq sahəsində beynəlxalq standartların tətbiqinin sürətləndirilməsi ilə bağlı tədbirlər gücləndirilməlidir. Bu məqsədlə RİTN-nin tərkibində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmışdır. Qurum informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, elektron sənəd dövriyyəsinin, internet informasiya resurslarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirir. Eyni zamanda, kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması və bu sahədə qabaqlayıcı tədbirlər görülür.

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz