Əlaqə Arxiv
news Image
2015.04.22
08:03
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Sahibkarlara keyfiyyətli xidmət məramı «Vergi agentləri haqqında» qanunun qəbulu özəl vergi institutunun inkişafına təkan verəcək

Dünyanın əksər ölkələrində özəl vergi məsləhəti xidmətindən geniş istifadə olunur. Bu xidmət vergi ödəyicilərinin işini xeyli sadələşdirməklə yanaşı, sahibkarların vergi problemlərinin həllində, vergilərin düzgün hesablanmasında və dövlət büdcəsinə ödəmələrin vaxtlı-vaxtında həyata keçirilməsində məsləhətçi rolunu oynayır. Vergi məsləhəti peşəkar fəaliyyətin bir növü olaraq, sifarişçiyə (məsləhət alana) vergilər sahəsində qanunla tənzimlənən vəzifələrin yerinə yetirilməsi üçün yardımçı ola bilən xidmət növüdür.

Bəzi ölkələrin təcrübəsində ilkin dövrlərdə vergi məsləhətçilərinin funksiyalarını vəkillər həyata keçirmişlər. Onlar, əsasən, öz sifarişçilərinə mirasların və hədiyyələrin bağışlanması məsələləri ilə əlaqədar məsləhətlər verirmişlər. Vergi məsləhətçisi əksər dünya ölkələrində vergi orqanlarının işini yüngülləşdirməklə yanaşı, dövlət orqanları ilə vətəndaşlar arasında körpü rolunda çıxış edir. Rusiya Federasiyasında belə bir institut son on ildə formalaşmağa başlayıb. İlk vaxtlarda bu məsləhət Rusiyanın Vergilər Nazirliyi və onun tədris mərkəzi tərəfindən həyata keçirilirdi. Qazaxıstanda özəl vergi məsləhəti son illər xeyli inkişaf edib və təşkilatlanma dövrünü keçib. Hətta bu ölkədə 2002-ci ilin mart ayında ictimai birlik kimi Vergi Məsləhətçiləri Palatası təsis olunub. Hazırda palatanın özəyini yüksək səviyyəli mütəxəssislər təşkil etməklə yanaşı, onun idarəetmə orqanına 12 şura üzvü daxildir.

Xatırlatmaq lazımdır ki, 2005-ci il 12 sentyabr tarixli "Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı"nda özəl vergi məsləhəti xidmətlərinin təşkili üçün tələb olunan təşkilati və normativ-hüquqi bazanın, habelə özəl vergi məsləhətçiləri üçün tədris proqramının hazırlanması, Vergilər Nazirliyinin Tədris Mərkəzində xüsusi kursların təşkil olunması nəzərdə tutulub. Ötən illərdə bu tədbirlərin böyük bir qismi uğurla gerçəkləşdirilib, həmçinin vergi ödəyicilərinə xidmətin keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün son illər Bakıda və regionlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılıb. Sayı 40-a çatan bu mərkəzlər vergi ödəyicilərinin əsl köməkçisinə çevrilməklə, regionlarda vergi bəyannamələrinin təqdim edilməsi, vergi ödəyicilərinin məlumatlandırılması prosesinə, ümumilikdə, vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsinin yüksəlməsinə səbəb olub.

Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanına müvafiq olaraq vergi ödəyicilərinə göstərilən xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə vergi orqanlarının 57 elektron xidməti təsdiq olunub.

Bütün bunlarla yanaşı, zamanın çağırışlarına adekvat olaraq vergi ödəyicilərinə göstərilən xidmətlərin yeni üsul və vasitələrinin tapılması, bu sahədə kreativ yanaşmaların tətbiqi də diqqət mərkəzindədir. "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası əsasında Vergilər Nazirliyində hazırlanmış "Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan"da vergi xidmətlərinin daha da təkmilləşdirilməsini nəzərdə tutan tədbirlər əksini tapıb. Bu tədbirlərə vergi ödəyicilərinə xidmət mərkəzləri şəbəkəsinin və onların funksiyalarının genişləndirilməsi; vergi dostları şəbəkəsinin genişləndirilməsi; vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq sazişinin imzalanması ilə bağlı normativ-hüquqi bazanın yaradılması; vergi ombudsmanı institutunun yaradılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi və qanunvericlik bazasının yaradılması üzrə təkliflərin verilməsi; müasir informasiya sistemlərinin tətbiqi vasitəsilə vergi ödəyicilərinə göstərilən e-xidmətlərin genişləndirilməsi; vergi ödəyiciləri ilə birbaşa təmasda olmaqla onlara xidmət göstərilən bütün vergi orqanlarında, habelə xidmət mərkəzlərində növbə və qeydiyyat aparatlarının, səsyazma və video müşahidə qurğularının quraşdırılması və digər məsələlər daxildir.

Strategiyada əksini tapmış mühüm tədbirlərdən biri də özəl vergi məsləhətçiləri institutunun yaradılması ilə bağlıdır. Sənəddə bu məqsədlə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanun layihəsinin hazırlanması məsələsi də əksini tapıb və hazırda Vergilər Nazirliyində sənəd üzərində iş aparılır. "Vergi agentləri haqqında" qanun layihəsinin hazırlanması özəl vergi xidmətlərinin göstərilməsi üzrə münasibətlərin hüquqi tənzimlənməsinə xidmət edir. Hazırda bir çox dünya ölkələrində konsaltinq xidmətləri göstərən belə şirkətlər və vergi agentləri fəaliyyətdədirlər. Azərbaycanda vergi ödəyicilərinin sayının ildən-ilə artması respublikamızda da bu cür özəl xidmətlərin genişləndirilməsini obyektiv zərurətə çevirir. Paytaxtda və bölgələrdə qeyri-leqal fəaliyyət göstərən vergi agentlərinin fəaliyyətini tənzimləyən xüsusi qanunvericilik bazasının olmadığı da nəzərə alınır.

Müşahidələr göstərir ki, bir çox hallarda vergi ödəyiciləri qanunla müəyyənləşdirilən hüquq və vəzifələrini dəqiq bilmirlər, onların elektron xidmətlərdən yararlanmaq imkanları məhduddur. Bütün bunlar vergi öhdəliklərinin qanunla müəyyənləşdirilən qaydada və müddətlərdə yerinə yetirilməməsi ilə nəticələnir. Bu mənada, özəl vergi agentləri mühasibatlığın aparılması, bəyannamələrin doldurulması, vergi qanunvericiliyinə riayət edilməsi və digər məsələlərdə vergi ödəyicilərinə ödənişli yardım göstərəcəklər.

Bəzən sifarişçi vergi məsləhətçisindən ona yazılı cavab verməyi xahiş edir. Belə bir hal sifarişçinin vergi orqanları ilə mübahisələri zamanı yaranır və məsləhətçinin yazılı rəyi ekspert rəyinin funksiyasını yerinə yetirir və yaxud sifarişçi bütün hüquqi məsuliyyəti vergi məsləhətçisinin üzərinə qoymağa çalışır. Vergi ekspertizası sifarişçinin tələbi əsasında, vergiqoymanın nəticələrini və əlverişli vergi mühütini öyrənmək üçün müəyyən bir sahənin (bəyannamələrin, təsərrüfat əməliyyatlarının və s.) təftişinə yönəlmiş ardıcıl iş və tədbirlərdən ibarətdir. Buraya vergi auditi, sənədlərin vergi ekspertizası (müqavilələr, bəyannamələr, ilkin uçot sənədləri),vergi yoxlamaları aktları üzrə iş, sazişlər bağlanarkən sifarişçinin vergi öhdəliyinin qiymətləndirilməsi daxildir.

Göründüyü kimi, vergi ekspertizası üzrə sadalanan istiqamətlər çərçivəsində vergi məsləhətçisi işin vəziyyəti haqqında əsaslandırılmış qiymət verə bilən peşəkar ekspert kimi çıxış edir. Aslan Şükürovun sözlərinə görə, vergi ekspertizası sifarişçiyə problemləri, nöqsanları üzə çıxarmaq, vergi ödəyən zaman əlverişli yollardan istifadə etmək imkanı verir. Məsələn, vergi auditi vergilərin nə dərəcədə düzgün və vaxtında ödənilməsi haqqında məlumat verir. Vergi öhdəliklərinin qiymətləndirilməsi konkret təsərrüfat əməliyyatlarının və sazişlərin vergiyə cəlb edilməsinin müxtəlif variantlarından ibarətdir. Bir çox sahibkarlar vergi qanunvericiliyinin bütün mürəkkəbliyini nəzərə alaraq vergilərin ödənilməsi işini məsləhətçilərə tapşırırlar.

Sifarişçi tərəfindən verilən tapşırığın məzmunundan və məsləhətin istiqamətindən asılı olaraq, müqavilələr üç müxtəlif forma - birdəfəlik, abonent və layihə müqaviləsi əsasında bağlanılır. Birdəfəlik müqavilə tərəflər arasındakı görüş üçün nəzərdə tutulmaqla, sifarişçinin konkret sualı vergi məsləhətçisi tərəfindən cavablandırıldığı halda bağlanılır. Abunə müqaviləsi isə tərəflər arasında müəyyən bir müddət üçün bağlanılır ki, bu zaman kəsiyində (hər gün, həftədə bir dəfə və s.) məsləhətçi müqavilə şərtlərinə uyğun olaraq sifarişçinin suallarını cavablandırır.

Eksperlər hesab edirlər ki, "Vergi agentləri haqqında" qanunun qəbulu vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi tədbirlərinin tərkib hissəsidir. Onların fikrincə, hazırda qeyri-rəsmi şəkildə fəaliyyət göstərən özəl vergi agentləri sifariş əsasında istənilən ünvana gedir, vergi ödəyicilərinə xidmətlər göstərirlər. Lakin onların fəaliyyətini tənzimləyən xüsusi bir qanunun olmaması müəyyən çətinliklər doğurur. Bu baxımdan, "Vergi agentləri haqqında" qanunun qəbulu sahibkarlığa hüquqi və texniki yardımların konkret qanun əsasında tənzimlənməsinə imkan yaradacaq. Bu zaman vergi agentlərinin müvafiq sahədə mükəmməl bilik və bacarıqlarının olmasına da xüsusi diqqət yetiriləcək.

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz