Əlaqə Arxiv
news Image
2015.07.08
10:08
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
ÜDM istehsalında qeyri-neft sektorunun payı artır

2015-ci ilin yanvar-may aylarının sosial-iqtisadi inkişafının yekunları Azərbaycanın qlobal böhran şəraitində belə uğurla inkişaf etdiyini və mühüm makroiqtisadi uğurlara imza atdığını təsdiqləyir. Ötən müddətdə iqtisadiyyatın qeyri-neft sahələrinin ÜDM istehsalında 7,6 faiz, neft-qaz hasilatı və istehsalı sektorunda isə 2,4 faiz artım müşahidə edilmişdir. Qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi 66,1 faizə çataraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz bəndi artmışdır.

ÜDM-in 53,4 faizi iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 36,4 faizi sənayenin, 13,7 faizi tikintinin, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,5 faizi isə xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil etmişdir.

Bu sahədə ciddi artımın mövcudluğunu qeyri-neft sektoru üzrə vergi daxilolmalarını artımı da təsdiqləyir. Belə ki, 2015-ci ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 848 milyon 882,7 min manat vəsait daxil olmuş, proqnoz tapşırığına 101,6 faiz əməl edilmişdir. Qeyri neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 905 milyon 879,0 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Ümumi vergi daxilolmalarında qeyri neft-qaz sektorunun xüsusi çəkisi 66,9 faiz təşkil edir.

Nazirlər Kabinetinin bu ilin aprel ayında keçirilmiş son iclasında çıxış edən Prezident İlham Əliyev qeyri-neft sektorunun və sahibkarlığın inkişafının bundan sonra da prioritet məsələ olacağını vurğulamışdır: "Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Çünki uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, bir sektordan - neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir".

Ümumiyyətlə, neft-qaz gəlirlərindən asılılığın azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan hökuməti son 11 ildə qeyri-neft sektorunun inkişafı və biznes mühitinin liberallaşdırılması sahəsində mühüm irəliləyişlərə nail olmuşdur. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin fəaliyyətinə geniş imkanların yaradılması yolu ilə yerli istehsalın stimullaşdırılması, habelə sənaye potensialının möhkəmləndirilməsi tədbirləri inkişafın təmayülünü qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. Nəticədə qeyri-neft sektorunun artım dinamikası neft-qaz sənayesini əhəmiyyətli dərəcədə üstələmişdir.

Regional inkişaf proqramları çərçivəsində həyata keçirilən siyasətin məntiqi davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunmuşdur. Dövlət proqramlarında müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli istifadəsi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Sahibkarlıq mühiti yaxşılaşdırılmış, iqtisadiyyatın inkişafına investisiyalar təşviq edilmiş, ixracyönümlü məhsul istehsalı stimullaşdırılmışdır. Müasir tipli infrastruktur obyektlərinin yaradılması, yolların bərpası və digər tədbirlər də qeyri-neft sektorunun dinamik artımına zəmin yaratmışdır.

Bu tədbirlər regionlarda sahibkarlığın inkişafına və biznes mühitinin yaxşılaşmasına əsaslı təkan vermişdir: qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmini, 400-dən çox elektron xidmətin göstərilməsi, "bir pəncərə" prinsipinin tətbiqi, 1200-dək maarifləndirmə, biznes forumların, konfransların keçirilməsi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır. Son illər respublika regionlarında müasir tələblərə cavab verən və yüksək texnologiyalarla təchiz olunan yeni sənaye və emal müəssisələrinin istifadəyə verilməsi dünya bazarlarına rəqabətə davamlı məhsulların çıxarılmasına, bütövlükdə ixracın şaxələndirilməsinə imkan yaratmışdır.

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Azərbaycan təcrübəsində sahibkarın dövlətin maliyyə imkanlarından əlverişli şərtlərlə bəhrələnməsinin, xüsusilə qeyri-neft sektorunda səmərəli investisiya layihələrinin reallaşdırılması məqsədilə uzunmüddətli kreditlər almasının pozitiv nümunəsinə çevrilmişdir: bunun nəticəsi olaraq 2015-ci ilin ilk rübündə ölkədə biznes mühiti daha da liberallaşmış, qeyri-neft sektorunun real artımı təmin edilmişdir. Bu müddətdə 1.200-ə yaxın sahibkara 31 milyon manatdan çox güzəştli kredit verilmiş, investisiya layihələrinin reallaşdırılması hesabına 2.400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur.

Görülən tədbirlərin nətisəsidir ki, Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2015" hesabatında 189 ölkə arasında 8 pillə irəliləyərək 80-ci yerə yüksəlmiş və bir sıra göstəricilər üzrə qabaqcıl ölkələr sırasında qərarlaşmışdır. Biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən yeni hesabatda ölkəmiz ən çox islahat aparan 10 ölkə sırasında 8-ci yerdə mövqe tutmuşdur. Azərbaycan hesabatda 3 göstərici üzrə ("Əmlakın qeydiyyatı", "Biznesə başlama" və "Vergilərin ödənişi") həyata keçirilən islahatlar üzrə ən yaxşı göstəricisi olan ölkələr sırasındadır. "Biznesə başlama"da qeydiyyatın elektron qaydada aparılmasının tətbiqi, "Əmlakın qeydiyyatı"nda notariuslar və əmlakın reyestri informasiya bazasının onlayn rejimə inteqrasiyası, "Vergilərin ödənişi"ndə hesabat və ödənişlərin elektron qaydada aparılmasının geniş tətbiqi müsbət nümunə kimi ayrıca vurğulanmışdır. Ölkəmizin "əmək bazarının səmərəliliyi", "texnoloji səviyyə", "maliyyə bazarının inkişafı" göstəriciləri üzrə də mövqeyi yaxşılaşmışdır.

Ötənilki nəticələrlə müqayisədə Azərbaycan vergilərin ödənişi indeksi üzrə 44 pillə irəliləyərək 77-ci yerdən 33-cü yerə yüksəlmişdir. Beləliklə, ölkəmizin mövqeyi "Vergilərin ödənilməsi" göstəricisi üzrə 44 pillə, "Tikinti icazələrinin alınması" üzrə 30 pillə, "Elektrik təchizatı şəbəkələrinə qoşulma" üzrə 22 pillə, "Əmlakın qeydiyyatı" üzrə 3 pillə, "Xarici ticarətin aparılması" üzrə 2 pillə irəliləmişdir.

2015-2017-ci illər ÜDM-də qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisini yüksəltmək, büdcə gəlirlərinin yığım əmsalını artırmaq, dövlət büdcəsi xərclərinin optimallaşdırılması istiqamətində işləri davam etdirmək, büdcədən maliyyələşən təşkilatlar üzrə adambaşına maliyyələşdirmə prinsipinə keçmək, yerli dövlət proqramları və tədbirlərinin ortamüddətli büdcə xərcləri ilə uzlaşdırılması üçün tədbirlər görmək, xərclərin investisiya və social yönümlülüyünə üstünlük verməklə sosial siyasəti gücləndirmək, büdcə xərclərinin son nəticəyə əsaslanan məqsədli proqramlar əsasında tərtibini davam etdirmək kimi strateji məqsədlər daxildir.

Bundan başqa, qarşıda iqtisadiyyatın, o cümlədən sahibkarlığın, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək, ölkənin müdafiə qüdrətinin, təhlükəsizliyinin və hərbi potensialının artırılması istiqamətində büdcə siyasətini davam etdirmək, dövlət büdcəsindən müəssisə və təşkilatlara verilən maliyyə yardımlarının və transfertlərin istifadə mexanizmini təkmilləşdirmək və effektivliyi artırmaq, iqtisadi irəliləyişlərə şərait yaradan qanunvericilik bazasını gücləndirmək, qeyri-neft gəlirlərinin artımı hesabına dövlət büdcəsi kəsirinin azaldılmasına və kəsirin idarə olunan səviyyədə saxlanılmasına nail olmaq kimi hədəflər də durur.

Sevindirici haldır ki, qeyri-neft sektorunun inkişafında və bu sahədə istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə yüksəlişində sahibkarlar da daha böyük rol oynamağa başlayırlar. Bütün bunlar faktiki olaraq ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, iqtisadiyyata yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi, bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi istiqamətində həyata keçirilən siyasətin məntiqi nəticəsidir.

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz