Əlaqə Arxiv
news Image
2015.10.22
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Sənayenin potensialının bərpası iqtisadi siyasətin əsas hədəflərindəndir

Azərbaycanın son illərdə dinamik inkişafını təmin edən başlıca amillərdən biri də məhz milli iqtisadiyyatın şaxələləndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə edilməsidir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur.

Uğurla gerçəkləşdirilən yeni neft strategiyasının 2003-cü ildən daha yüksək nəticələrə yol açması, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artımı, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndiriməsinə imkan yaratmışdır. Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin əsas təminatçılarından birinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın iqtisadi sahədə yeni nailiyyətlərə imza atdığını göstərir. Bir çox dünya ölkələrində qlobal maliyyə-iqtisadi böhranın mənfi təsirlərinin hələ tam aradan qalxmadığı şəraitdə Azərbaycanda ümumi daxili məhsulun 5,8 faiz, qeyri-neft sektorunun 10 faiz, əhalinin pul gəlirlərinin 8 faiz artması, respublikanın strateji valyuta ehtiyatlarının 50 milyard dollara yüksəlməsi, bütün bunların fonunda inflyasiyanın cəmi 2,4 faiz təşkil etməsi hesabat dövrünün uğurları barədə kifayət qədər dolğun mənzərə yaradır.

Hesabat dövründə ümumi daxili məhsul 3.7 faiz artmışdır. Aparılan şaxələndirmə siyasətinin nəticəsidir ki, qeyri-neft sektorunun real artım tempi 6.4 faiz olmuş, əvvəlki dövrlərdə olduğu kimi, 9 ayda da bu sektorun inkişafı hesabına ümumi iqtisadi artıma nail olunmuşdur. Ümumilikdə, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artmış, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68.8 faizə çatmışdır. Sənaye 2.1 faiz, o cümlədən qeyri-neft sənayesi 10.2 faiz, kənd təsərrüfatı 6.7 faiz, informasiya və rabitə xidmətləri 8.8 faiz, pərakəndə ticarət 11.4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 6.2 faiz artmış, inflyasiya 3.7 faiz təşkil etmişdir.

Ötən müddətdə qeyri-neft sənayesinin 10 faiz artımı da bu sahədə ötən illərdən başlanmış islahatların səmərəli nəticələr verdiyini göstərir. Xatırladaq ki, hələ 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə Azərbaycanda sənayeləşmə prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyevin 2013-cü il 10 yanvar tarixli "2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili elan edilməsi haqqında" sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Sərəncamda vurğulanırdı ki, hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir.

Şübhəsiz, Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığının azaldılmasında sənaye potensialının əhəmiyyəti xüsusi vurğulanmalıdır. Hesab edirik ki, inkişafın hazırkı mərhələsində yüksək makroiqtisadi göstəricilərin davamlılılığının təmin edilməsi həm də rentabelli və elmtutumlu sənaye müəssisələrinin yaradılmasından asılıdır. Azərbaycanın davamlı inkişafını elmtututmlu sənaye müəssisələrinin açılması hesabına təmin etmək, eləcə də neft hasilatının azalması ilə bağlı maddi itkiləri kompensasiya etmək mümkündür.

Sənayenin inkişafının müasir innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da əksini tapmışdır. Sənəddə 2020-ci ilədək respublikanın tarixi ənənələri olan iri şəhər və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin yaradılması və həmin müəssisələrdə innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması qarşıya məqsəd qoyulmuşdur. Konsepsiyanın əhatə etdiyi dövrdə xüsusi iqtisadi zonaların yaradılması və iqtisadi potensial nəzərə alınmaqla Sumqayıtda neft-kimya, Balaxanıda məişət tullantılarının emalı, Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərciklərinin qurulması nəzərdə tutulmuşdur.

Sənayenin inkişafının mühüm məsələ kimi gündəliyə gəlməsi bir sıra obyektiv səbəblərlə şərtlənir. Bu zərurət, ilk növbədə, Azərbaycanın hələ sovetlər birliyi dövründən güclü sənaye-aqrar respublikası kimi formalaşması, burada güclü sənaye müəssisələrinin fəaliyyət göstərməsi ilə bağlıdır. Ötən əsrin 70-80-cı illərində sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atılmış, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafına kompleks tədbirlər görülmüşdür. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac vermişdir. Böyük strateq Heydər Əliyev yaxşı başa düşürdü ki, Azərbaycanın iqtisadi cəhətdən möhkəmlənməsi, iqtisadi azadlığını təmin etməsi üçün SSRİ-nin strateji əhəmiyyət kəsb edən bir sıra sənaye müəssisələri məhz Azərbaycanda inşa olunmalıdır. O illərdə Heydər Əliyevin təkidi və qətiyyəti qarşısında keçmiş ittifaq rəhbərliyi respublikamızda iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etmişdir. 1970-1980-ci illərdə respublikada 125 yeni dövlət sənaye müəssisəsi, o cümlədən, 1970-1975-ci illərdə 64, 1976-1980-ci illərdə isə 61 dövlət sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.

Bütün bunların nəticəsi olaraq 70-80-ci illərdə Sumqayıt şəhəri özünün iqtisadi potensialına görə SSRİ məkanında tanınır, onun istehsal etdiyi məhsullar ittifaqın 700 şəhərinə ixrac olunurdu. 1963-cü ildə fəaliyyətə başlayan, uzun illər respublikamızda şüşə sənayesinin formalaşmasına və inkişafına töhfə vermiş Sumqayıt şüşə zavodunun intibah dövrü də məhz ümummilli liderin birinci rəhbərlik dövrünə təsadüf edir. Heydər Əliyev hələ o dövrdən bu müəssisənin və bütövlükdə şüşə sənayesinin problemlərini diqqət mərkəzində saxlamış, onun inkişafı, yüksək səviyyədə məhsul istehsalı üçün lazımi köməyi əsirgəməmişdir. Bunun nəticəsi olaraq Azərbaycan o dövrdə bütün Zaqafqaziyanı və Rusiyanın bir çox bölgələrini 25 il müddətində keyfiyyətli pəncərə şüşəsi ilə təmin etmişdir.

Sənayenin inkişafı ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində də xüsusi diqqət mərkəzində olmuş, bu sahənin problemlərinin həlli ilə bağlı xüsusi strategiya hazırlanaraq icra olunmuşdur. Sənaye potensialının ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli yer tutmasına uzunömürlü baza yaradan kompleks iqtisadi islahatlara start verilmiş, 1995-ci ildən başlayaraq sənayedə inkişaf tempi qeydə alınmışdır.

Azərbaycanda enerji resurslarından asılıllığın azaldılmasını, qeyri-neft sektorunun inkişafını prioritet istiqamətlərdən biri elan etmiş Prezident İlham Əliyev davamlı tərəqqinin təmini baxımından respublikada güclü sənaye potensialının yaradılmasını da vacib sayır. Dövlət başçısı haqlı olaraq vurğulayır ki, hər bir ölkənin sabit iqtisadi inkişafında sənaye potensialının rolu böyükdür. Azərbaycan hazırda inkişafının elə mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər, ilk növbədə, bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir.

Ölkədə müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqaməti kimi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmini, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi diqqətdə saxlanılmışdır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan vermişdir. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin inkişafına imkan yaratmışdır.

Hazırda respublikanın qara, əlvan və nad

ir metal filizləri ilə zəngin olması metallurgiyanın, hazır metal məmulatlarının, maşınqayırma və digər əlaqəli sahələrin inkişafına imkan verir. Qarşıdakı illərdə Gəncə şəhərində dəmirin birbaşa reduksiyası, poladəritmə və pellet zavodlarından ibarət metallurgiya kompleksinin inşası nəzərdə tutulur.

(ardı var)

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz