Əlaqə Arxiv
news Image
2015.11.11
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
"Elektron lisenziya" portalının yaradılması sahibkarlara göstərilən xidmətlərin səviyyəsini yüksəldəcək

Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından dərhal sonra ölkə başçısı tərəfindən həyata keçirilən prinsipial tədbirlər sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı və bu sahənin dinamik inkişafı naminə prinsipial siyasi iradə nümayişi kimi dəyərləndirilə bilər.

Bu baxımdan Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" fərmanının əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Fərmanın preamblua hissəsində qeyd olunduğu kimi, "Sahibkarlıq fəaliyyətinin inkişafı Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Lakin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğu, xüsusi razılıq (lisenziya) verilməsinin mövcud prosedurları sahibkarlığın inkişafına əlavə çətinliklər və korrupsiya hallarına şərait yaratmışdır".

F?rmanla İqtisadiyyat və Sənaye Nazirliyinə həm də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən "Elektron lisenziya" portalının yaradılması istiqamətində işləri sürətləndirmək tapşırılmışdır.

Belə bir portalın yaradılması sahibkarlığa "e-xidmətlər"in göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin hələ 23 may 2011-ci il tarixli fərmanı ilə "Elektron hökumət"in formalaşdırılması və elektron xidmətlərin tətbiqi istiqamətində işlərə təkan verilmişdir. "Elektron hökumət" müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir.

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərman nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Fərmanda göstərildiyi kimi, elektron xidmətlərin genişləndirilməsi korrupsiya hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi baxımından təsirli vasitələrdən biridir. Elektron xidmətlər, eyni zamanda dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyi və keyfiyyətinin artırılmasında, şəffaflığın təmin edilməsində, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasında mühüm əhəmiyyət daşıyır.

Elektron xidmətlər dövlət orqanı əməkdaşları ilə vətəndaş arasında birbaşa təması minimuma endirməklə, korrupsiyaya şərait yaradan halları aradan qaldırır, elektron xidmətin geniş miqyasda həyata keçirilməsi korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli tədbirlərdən birinə çevrilir. Fərmanda bu məqsədlə dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması üçün tədris kurslarının təşkili nəzərdə tutulmuşdur.

Əminliklə demək olar ki, artıq vətəndaşlar elektron xidmətlərin üstünlüklərini yeni yaradılmış bir sıra portalların uğurlu fəaliyyətinə nəzərən praktik olaraq hiss edir, atılan addımları razılıqla qarşılayırlar. Vətəndaşlar informasiya texnologiyalarının və internetin imkanlarından istifadə edərək bir sıra dövlət orqanlarına müraciət imkanı qazanır. Bundan başqa, dövlət orqanları tərəfindən tətbiq edilən rüsum və tariflər barədə məlumat almaq məqsədilə "www.rusum.az" saytı, dövlət qurumlarının və vətəndaşların münasibətlərinin etik davranış çərçivəsində tənzimlənməsinə dəstək vermək, bu sahədə maarifçilik və məlumatlandırma məqsədilə "www.etika.az" saytları yaradılmışdır. Son illərdə uğurla fəaliyyət göstərən "www.e-qanun.az" portalında da cəmiyyətdə bütün ictimai münasibətlər spektrini tənzimləyən qanunlar və digər normativ hüquqi sənədlər yerləşdirilmişdir.

Respublikamızda "e-hökumət" quruculuğu istiqamətində ən mühüm addımlardan biri 2012-ci ildə "bir pəncərə" prinsipi ilə işləyən və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi vahid "Elektron hökumət" (www.e-gov.az) portalının istifadəyə verilməsidir. Portal e-xidmətlərin göstərilməsi zamanı dövlət orqanlarının informasiya sistemləri arasında mübadiləni təmin etməyə imkan verir. Burada hər bir dövlət qurumu elektron xidmətlərini portal vasitəsilə - "bir pəncərə" prinsipi əsasında istifadəçilərə təqdim edir, məlumatların keyfiyyətinə, tamlığına və düzgünlüyünə cavabdehlik daşıyır. Vətəndaş istənilən dövlət qurumuna müraciət etməklə, ona aid lazımi məlumatı qanun çərçivəsində əldə edə bilər. Portal vasitəsilə dövlət idarəçiliyində keyfiyyətli elektron xidmətlərin göstərilməsi vətəndaşların həmin xidmətlərdən fəal istifadəsinə imkan yaradır.

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanda Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)", eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə konkret sahələr üzrə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi qaydalarının və xidmət növlərinin müəyyən edilməsi tapşırılmışdır.

Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin siyahısı"nın təsdiq edilməsi haqqında qərarına əsasən isə müxtəlif dövlət orqanlarının elektron xidmətlərinin vahid reyestri yaradılmışdır. Elektron xidmətlər reyestrinin formalaşması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) həvalə edilmişdir. Elektron Xidmətlər Reyestrinə 40-dan çox dövlət qurumu qoşulmuşdur və həmin qurumlar Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulan elektron xidmətləri həyata keçirirlər.

"Elektron hökumət" saytında təqdim edilən xidmətlərdən ayda təqribən 50 mindən çox insan istifadə edir. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdakı 417 xidmətdən 225-i "elektron hökumət" və müvafiq dövlət qurumlarının portallarına inteqrasiya edilmişdir. Real olaraq vətəndaşlara 217 elektron xidmət göstərilir. Statistika göstərir ki, vətəndaşlar bu xidmətlərə çox böyük maraq göstərirlər. Gündən-günə elektron hökumət portalına daxil olan vətəndaşlarımızın sayı, giriş üçün kod parollar alanların, elektron viza alan şəxslərin, bilavasitə bu xidmətlərdən istifadə edən şəxslərin sayı artır. Vətəndaşlar üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Daxili İşlər, Səhiyyə, Vergilər, Təhsil, Ədliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın xidmətləri daha çox maraq doğurur.

Ümumilikdə isə son illərdə tətbiqinə start vermiş e-xidmətlər bir tərəfdən dövlət orqanlarının fəaliyyətində çevikliyi, şəffaflığı, hesabatlılığını təmin etmiş, digər tərəfdən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti, səmərəliliyi əhəmiyyətli dərəcədə artmışdır. RİTN tərəfindən yaradılmış "www.e-gov.az" portalının da əsas məqsədi çevik və səmərəli idarəçiliyin həyata keçirilməsinə, sahibkarlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinə fəal texnoloji dəstəyin təmin edilməsidir.

Bu gün e-xidmətlər həm də Azərbaycanın sabit və davamlı inkişafı ilə bağlı məsələdir. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin liberallaşdırılmasında e-xidmətlərin mühüm rolu vardır. Məsələn, 2007-ci ildən vergi bəyannamələrinin elektron formada təqdim edilməsi sisteminə keçid "e-xidmətlər" sahəsində mühüm yeniliklərdən olmuşdur. Bu məqsədlə İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) yaradılmış, beləliklə, vergi ödəyiciləri bəyannamələrini vergi orqanlarına gəlmədən - elektron formada təqdim etmək imkanı əldə etmişlər.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə Azərbaycanda elekton hökumətə 100 faizlik keçid nəzərdə tutulmuş, bunun reallaşdırılması mexanizmləri göstərilmişdir. Əlbəttə, ölkəmiz inkişaf etdikcə, texnoloji şüur səviyyəsi yüksəldikcə, e-xidmətlərin çeşidi və səviyyəsi də yüksələcəkdir. Bu baxımdan dövlət qurumlarının qarşısında duran başlıca vəzifə vətəndaşların və özəl sektorun bu sahədəki ehtiyac və istəklərinin öyrənilməsi, praktik surətdə reallaşdırılmasıdır.

S.MUSTAFAYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz