Əlaqə Arxiv
news Image
2012.04.19
12:26
| A A A
LAYİHƏNİN ADI: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
İsmayıllıda sosial problemlər uğurla həll olunur

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində son illərdə İsmayıllı rayonunda çoxlu sayda yeni müəssisələr işə salınıb. Rayonda orta və xırda ticarət yönümlü sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar sayca üstünlük təşkil edir. Vaxtilə mövcud olan quşçuluq fabriki öz fəaliyyətini damazlıq istiqamətində formalaşdıraraq "İsmayıllı damazlıq quşçuluq təsərrüfatı" kimi davam etdirir. Bununla əlaqədar təsərrüfatdakı mövcud sexlər təmir olunub, quşların yemlənməsi üçün avadanlıqlar yenidən quraşdırılıb, avtomatik mikroflora yaradılıb. Həmçinin rayonda bir qrup şəxs arıçılıqla məşğul olur, "Arıçılar ictimai birliyi" fəaliyyət göstərir. Bu sahə üzrə sahibkarlıq fəaliyyəti ildən-ilə güclənir.

Bölgədə üzümçülük, şərabçılıq, meyvəçilik yönümlü sahibkarlıq fəaliyyətinə son illər meyil güclənib. Hacıhətəmli kəndində istehsal gücü 2 min ton olan "İsmayıllı şərab-2" ASC fəaliyyət göstərir. Zavod İtaliya və Fransada istehsal olunmuş müasir avadanlıqlarla təmin edilib, beynəlxalq standartlara cavab verən 10 adda sertifikatlaşdırılmış şərab istehsal edir. "İsmayıllı şərab-1" ASC illik istehsal gücü 1000 tona yaxın olmaqla, rekonstruksiya aparıldıqdan sonra fəaliyyətə başlayıb. Burada istehsal gücü 600 ton olan şirə sexi də tikilib istifadəyə verilib.

Rayonda heyvandarlıq sahəsi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermer təsərrüfatları da yaradılıb, maldarlıq və qoyunçuluğun inkişafına son bir neçə ildə diqqət artırılıb. Bölgənin relyefi, təbii imkanları heyvandarlığın inkişafı üçün əlverişlidir. Broyler quşçuluq təsərrüfatının inkişafı ilə əlaqədar rayonda "İlkin-3" şirkətinin filialı yaradılıb. Hər cür infrastruktura malik olan müəssisədə hazırda 30 min baş quş bəslənilir.

İl ərzində Sahibkarlığa Kömək Milli Fondun tərəfindən hamısı regionlarda olmaqla, 1430 investisiya layihəsinin maliyyələşməsinə 115 milyon manat güzəştli kredit verilib. Paytaxtda keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında yerli sahibkarların iştirakı təmin edilib, onlar müxtəlif vaxtlarda xarici ölkələrə təcrübə mübadiləsinə göndərilib.

2010-cu ildə rayonda kənd təsərrüfatı məhsulları istehsalının həcmi 49 108 min manat təşkil edib və bu da 2009-cu illə müqayisədə 871 manat çoxdur. Dövlət tərəfindən fermerlərə, kənd təsərrüfatı istehsalçılarına verilən dəstək, maliyyə yardımları, yanacağın, gübrənin güzəştli şərtlərlə satılması məhsuldarlığın artması üçün etibarlı təminat yaradır, əhalinin kənd təsərrüfatına, onun müxtəlif sahələrinə marağını artırır.

Rayonda kənd təsərrüfatı iqtisadiyyatının əsasını taxılçılıq və heyvandarlıq təşkil edir. Son 7 ilin nəticələrinə diqqət versək görərik ki, rayonda 2003-cü ildə 69191 ton, 2004-cü ildə 70310 ton, 2005-ci ildə 72168 ton, 2006-cı ildə 72186 ton, 2007-ci ildə 60349 ton, 2008-ci ildə 72211 ton, 2009-cu ildə 70136 ton taxıl istehsal olunub, rekord nəticələr əldə edilib. Taxıl istehsalçılarımız 2010-cu ilin məhsulu üçün 28287 ha sahədə dənli taxıl bitkilərinin əkinini aparıblar. Taxıl sahələrində aqrotexniki tədbirlər, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilmiş, lakin tozlanma-mayalanma fazasında hava şəraitinin kəskin dəyişməsi, aramsız leysan yağışlarının yağması, sarı və qonur pas xəstəliklərinin baş verməsi nəticəsində məhsuldarlıq aşağı düşüb. Hesabat ilində rayon üzrə cəmi 46758 ton taxıl istehsal edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 23378 ton azdır. Dəmyə şəraitində hər hektardan 16,7 sentner buğda, 13,9 sentner arpa əldə edilib.

2009-cu ildə rayon üzrə 6182 ton kartof, 7249 ton tərəvəz, 7703 ton meyvə istehsal edilib. Son yeddi ildə rayonda kənd təsərrüfatının strateji sahələrindən olan quşçuluq, maldarlıq və heyvandarlığın inkişafına diqqət artırılıb. Rayonda iri buynuzlu mal-qaranın baş sayı 51276-ya, xırda buynuzlu heyvanların baş sayı 178234-ə, donuzların sayı 848-ə, quşların sayı isə 256082 başa çatdırılıb. Rayon arıçılıq təsərrüfatlarında 4901 arı ailəsi mövcuddur.

Rayonda gəlirli sahələrdən olan üzümçülük son illər inkişaf etdirilib, fərdi təsərrüfatlarda, yaradılmış fermer təsərrüfatlarında bu sahəyə diqqət artırılıb. Məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortların, cavan üzüm bağlarının sahəsi 860,4 hektara çatdırılıb. Hesabat ilində 17,4 hektar sahədə yeni üzüm sortları əkilib. 2010-cu ildə bar verən bağlardan 3394 ton məhsul yığılıb.

Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq 2010-cu ilin iyun ayında 7667 nəfər istehsalçıya becərdikləri 27814 hektar əkin sahəsi üçün 1.122584 manat dekabr ayında isə 5664 nəfər istehsalçı tərəfindən əkilmiş 20868 ha taxıl sahəsinə görə 834736 manat dövlət büdcəsinin vəsaiti hesabına yardımı ödənilib.

Rayondakı kənd təsərrüfatının texnika, eləcə də mineral gübrələrlə təminatında "Aqrolizinq" ASC-nin xüsusi rolu var. 2010-cu ilin məhsulu üçün rayona 1444 ton azot və fosfor gübrəsi gətirilərək səpinqabağı kənd təsərrüfatı istehsalçılarına satılıb. Rayonun "Aqroservis" filialının balansında 176 adda müxtəlif kənd təsərrüfatı texnikası vardır. Bunlardan 32 ədədi şum traktorları, 22 ədədi taxılbiçən kombayn, qalanları isə müxtəlif kənd təsərrüfatı texnikasıdır. Bu servis xidməti müxtəlif aqrotexniki əməliyyatların optimal müddətdə, yüksək səviyyədə həyata keçirilməsinə şərait yaradır.

2010-cu ildə rayonda sosial məsələlərə xüsusi diqqət yetirilib, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə verilmiş fərman və sərəncamlar rayon üzrə aztəminatlı təbəqənin bütün kateqoriyalarını əhatə edib. Ötən il İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi 2051 ailəyə ünvanlı sosial yardım verib, rayon üzrə 3553 nəfərə sosial müavinət, o cümlədən 395 nəfərə uşaq müavinətləri ödənilib. Yeni doğulan uşağa görə 1063 nəfərə 70990 manat müavinət verilib. 239 ailə üzvü olmaqla 133 şəhid ailəsi Prezident təqaüdü alıb. 37 nəfər Çernobıl əlilinə 5550 manat müalicə xərci, 22 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxslərə 660 manat kompensasiya ödənilib. Sosial müavinətlərin ödənişi bankomatlar vasitəsilə həyata keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsində məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə 5342 sığortaedənlə hesablaşma aparılır. Bunlardan 270-i hüquqi şəxs, 831-i sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, 4258-i isə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahələri olan şəxslərdir. Fondun rayon şöbəsinin uçotunda 13855 nəfər pensiyaçı vardır. Bunlardan 8916 nəfəri yaşa görə, 3804 nəfəri əlilliyə görə, 1135 nəfəri ailə başçısını itirdiyinə görə pensiya alır. O cümlədən işləyən pensiyaçılar 1131 nəfər təşkil edir.

2010-cu il ərzində ödəniş müəssisələrinə pensiyaların maliyyələşdirilməsi üçün 15 milyon 601 min 87 manat, vəfat etmiş pensiyaçıların dəfni üçün 105425 manat, sığorta edənlərə ödənilən müavinətlərin maliyyələşdirilməsi üçün isə 191712 manat vəsait köçürülüb. Maliyyələşmənin 12 milyon 622 min manatı Respublika DSMF-dan, 2 milyon 979 min 87 manatı, və ya 19,1 faizi yerli sığorta edənlərdən daxilolmalardır.

Pensiyaçılar müavinətlərini plastik kartlar vasitəsilə alırlar. Bankomat vasitəsilə ödəniş rayonda başa çatdırılıb. Ödənişlərin bu cür həyata keçirilməsi əhali tərəfindən müsbət qarşılanır. Pensiya müavinətlərinin vaxtında ödənilməsi təmin edilir. İşaxtaran və işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi, məşğulluq sahəsində aparılan digər işlərin səmərəliliyinin artırılması, idarə və müəssisələrlə işgüzar əlaqələrin qurulması rayon Məşğulluq Mərkəzi tərəfindən daim diqqətdə saxlanılıb. Mərkəz tərəfindən hazırda 291 hüquqi və fiziki şəxs, idarə, müəssisə və təşkilat qeydiyyatdadır. Onun da 35-i 2010-cu ildə qeydiyyata götürülüb, məşğulluğa cəlb edilib.

Məşğulluq mərkəzində 4923 nəfər işaxtaran, 808 nəfər isə işsiz qeydiyyatdadır. 2010-cu ildə 581 nəfər vətəndaş iş üçün mərkəzə müraciət etmiş, onlardan 337 nəfəri işlə təmin olunub. İşlə təmin olunanların 141 nəfəri qadın, 137 nəfəri gənc, 10 nəfəri isə məcburi köçkündür. Hesabat ilində 95 nəfər qeyri-məşğul şəxs əmək yarmarkasında, 55 nəfər şəxs əməkhaqqı ödənilən ictimai prosedurlarda işə göndərilib, 44 nəfər isə peşə kurslarına cəlb edilib. Rayon Məşğulluq Mərkəzi tərəfindən 2010-cu ildə "Gənclərin məşğulluğunun inkişafı" layihəsi çərçivəsində Şərqi Avropa və Mərkəzi Asiya Xüsusi Regional Bürosu ilə birgə bir sıra tədbirlər, treninqlər sentyabr ayında əhalinin səmərəli məşğulluğunu təmin etmək üçün "Əmək yarmarkası" keçirilib.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayonun elektrik şəbəkəsinin yenidən qurulması, İsmayıllı şəhəri və rayonun yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, bir sıra ictimai binaların istilik təchizatı sisteminin bərpası və yenidən qurulması, şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulub. Rayon rəhbərliyi Dövlət Proqramında nəzərdə tutulmuş məsələlərin həlli istiqamətində müəyyən tədbirlər həyata keçirib. Rayonda əhaliyə göstərilən ticarət, nəqliyyat, rabitə xidmətləri, onların elektrik enerjisi, qaz, istilik, içməli su ilə təminatı ilbəil yaxşılaşıb, mövcud problemlər aradan götürülüb.

2010-cu ildə pərakəndə əmtəə dövriyyəsi 62 milyon 62 min manat olub və bu da keçən ilin müvafiq dövrünə nisbətən 110,4 faiz təşkil edir. O cümlədən iaşə-əmtəə dövriyyəsi 1380 min manat olub. Əhaliyə göstərilən pullu xidmətlər 10486 min manat, o cümlədən məişət xidməti 2047 min manat təşkil edib. Bir sakinə düşən əmtəə dövriyyəsi 767,7 manat, pullu xidmət isə 129,7 manat təşkil edib.


Tərlan Nəsirli

Bakı-İsmayıllı-Bakı

(ardı var)


Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.



Sizin Reklam Yeriniz