Əlaqə Arxiv
news Image
2013.02.04
07:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionlarda fermer təsərrüfatlarının tərəqqisi yeni yüksəliş mərhələsindədir

Ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası bundan sonrakı dövrdə də sahibkarlığın Azərbaycanın qeyd edilən istiqamət üzrə tərəqqisində vacib rol oynayacağını deməyə əsas verir. Xüsusən də regionlarda iri fermer təsərrüfatlarının yaradılması fonunda bölgələrdə sahibkarlıq institutunun daha möhkəm özüllər üzərində inkişaf edəcəyi proqnozlaşdırılır. Bunu şərtləndirən əsas səbəblərdən biri isə sahibkarlığın tərəqqisinə yönələn möhkəm bazisin formalaşdırılmasıdır.

Hələ "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" bu istiqamətdə kifayət qədər önəmli rol oynamışdı. Onun qəbuluna qədər ölkədə formalaşmış siyasi və makroiqtisadi sabitliyin yaratdığı imkanlardan kiçik və orta sahibkarlığın (KOS) inkişafının bir qədər də sürətləndirilməsi zəruri şərt kimi çıxış edirdi. Digər tərəfdən özəl sektorun ölkə iqtisadiyyatında xüsusi çəkisi yüksəlsə də, bu bölmədə strateji cəhətdən mühüm olan, struktur formalaşdırıcı potensiala malik müəssisələr zəif inkişaf etmişdi. Eləcə də sahibkarlığın regional inkişafının səviyyəsi ölkənin mövcud potensialına uyğun gəlmirdi. Belə ki, həmin vaxt KOS müəssisələrinin 70 faizi Bakı şəhəri və onun ətrafında cəmləşmişdi. 2002-2005-ci illər ərzində ölkədə kiçik və orta sahibkarlığın inkişafının dair Dövlət Proqramının məqsədi də ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, KOS-un insan resursunun inkişafı, texniki, maliyyə köməyi mexanizmlərinin dərinləşdirilməsi, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması əsasında KOS-un inkişafını təmin etmək idi.

Proqramın məqsədlərinin həyata keçirilməsi üçün aşağıdakı vəzifələrin həlli nəzərdə tutulurdu: sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının, lisenziyalaşdırılmasının və KOS məhsullarının sertifikatlaşdırılması qaydalarının təkmilləşdirilməsi; müasir informasiya texnologiyasının geniş tətbiqi əsasında KOS-ların bilgi (informasiya) təminatının yaxşılaşdırılması; gənclərin sahibkarlıq fəaliyyətinə hazırlanması sisteminin formalaşması; KOS-ların beynəlxalq işgüzar əlaqələrinin yaradılmasına və genişləndirilməsinə kömək göstərilməsi; KOS-ların rəqabət qabiliyyətli ixrac məhsullarının istehsalı üçün texniki, maddi və maliyyə köməyi mexanizmlərinin hazırlanması; KOS-ların istehsal yönümlü fəaliyyətinə maliyyə-kredit və investisiya köməyi mexanizmlərinin genişləndirilməsi; sahibkarlığın regional inkişafının təmin edilməsi; daxili istehsalzılar arasında kooperasiya əlaqələrinin inkişafının stimullaşdırılması; KOS sferasında texnoloji inkişafın dəstəklənməsi; sahibkarların hüquqlarının müdafiəsi sisteminin inkişaf etdirilməsi.

Bu proqramın icrası nəticəsində ökə əhalisinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi çərçivəsi genişləndirildi, sahibkarlıq fəaliyyətinin struktur, regional və texnoloji baxımdan təkmilləşdirildi, ölkə iqtisadiyyatının strukturunun yenidən qurulmasında, rəqabət potensialının artırılmasında və iqtisadi qloballaşma şəraitinə uyğunlaşmasında KOS-ların rolu gücləndirildi. Bundan başqa Azərbaycan cəmiyyətinin sosial problemlərinin həllində KOS-ların fəaliyyəti yüksəldildi, istehsal sferasında yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluq strukturu təkmilləşdirildi, ölkə ixracında sahibkarların payı artdı, iqtisadi fəaliyyətin regional strukturu daha da təkmilləşdirildi.

Ulu öndərin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması isə sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoydu və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirdi. Həmçinin, qanunvericilik sahəsində atılan növbəti mühüm addım olaraq 1 yanvar 2003-cü il tarixdən qüvvəyə minmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda vergi orqanları tərəfindən vergi ödəyicilərinin bank hesabları üzrə əməliyyatlarının məhkəməsiz dayandırılması barədə müddəanın ləğv edilməsi, bank hesablarından vergilərin dövlət büdcəsinə alınması prosedurunun təkmilləşdirilməsi, vergi orqanlarına gəlmədən hesabatların təqdim edilməsi təsdiq olunan hər hansı üsulla, o cümlədən rabitə təşkilatlarına təqdim edilməsi qaydasının müəyyənləşdirilməsi, sadələşdirilmiş verginin tətbiqi bazasının daha da genişləndirilməsi, son nəticədə kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli vergitutma mexanizmlərini özündə birləşdirən daha optimal bir sistem yaradılması oldu. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər qanunvericilik aktlarında da təkmilləşmələr aparıldı. Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyaların müddəti isə 2 ildən 5 ilədək uzadıldı. Bütün bunlar ölkədə sahibkarlıq sinfinin inkişafı ilə bağlı tarixi nailiyyətlərə imza atılmasına, orta təbəqənin cəmiyyətdə xüsusi çəkisinin artmasına gətirib çıxardı ki, bu da əhalinin maddi rifah halının artmasında böyük əhəmiyyət kəsb etdi.

Beləliklə, sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramları, qanunvericilik aktları və digər mühüm tədbirlərin bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırıldı. Dövlət proqramları eyni zamanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin etdi, bu tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəltdi. Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirildi, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması baş verdi. Heydər Əliyevin sahibkarlığın inkişafı modelinin mühüm səciyyəvi xüsusiyyətlərindən biri həmin model çərçivəsində davamlı inkişaf üçün əsaslı zəminin formalaşması oldu. Heydər Əliyev tərəfindən müəyyən edilmiş və onun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynadı, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrildi.

Ulu öndərin inkişaf strategiyasını uğurlu şəkildə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açıb. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə zamanın tələblərinə uyğun şəkildə aparılan islahatlar daha geniş vüsət alaraq həm də sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyub. Bu kontekstdə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Dövlət başçısının hələ 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və iş adamları ilə müvafiq danışıqların aparılması tapşırığı qarşıya qoyulurdu. Bunun ardınca Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı (2004-2008-ci illər)"nın əsas istiqamətlərindən biri də ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsini ehtiva edirdi. Qeyd olunan məsələlər regionların inkişafına dair ikinci dövlət proqramında da öz əksini tapdı.

Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırıldı, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salındı, ölkədə ixrac rüsumları ləğv edildi, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirildi. Eyni zamanda, mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərin gəlir vergisi 35 faizdən 20 faizə endirildi, sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsi təmin edildi, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanıldı, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor yağların və mineral gübrələrinin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, "Aqrolizinq" ASC tərəfindən ölkəyə gətirilən texnikaların və texnoloji avadanlıqların lizinqə verilməsi, satışı zamanı dəyərinin ödənilmə müddətinin 5 ildən 10 ilə artırılması, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 40 manat yardımın verilməsi, I və II reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənilməsi təmin edildi, bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləği aşağı salındı.

Elşən BAYRAMOV

(ardı var)

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.
Sizin Reklam Yeriniz