news Image
2017.04.01
09:30
| A A A
Özəl sektorun inkişafına xidmət edən mütərəqqi strategiya

Sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Özəl sektorun tərəqqisi, orta burjuaziyanın formalaşması cəmiyyətdə kəskin təbəqələşmənin qarşısını alaraq inkişaf prosesində harmoniya yaradır. 

Son 14 ildə sahibkarlığın inkişafı istiqamətində dövlət səviyyəsində bir sıra siyasi, təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, sahibkarlıq fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir. 
Sahibkarlıq fəaliyyəti cəmiyyət üzvlərinin şəxsi gəlir və ya mənfəət əldə etməyə yönəldilən, öz riski və öz əmlak cavabdehliyi ilə həyata keçirilən müstəqil təşəbbüskar təsərrüfat fəaliyyətidir. Bazar iqtisadiyyatına keçid dövründə sahibkarların – özəl sektorun fəaliyyətinə normal şərait yaratmadan ölkənin qarşısında duran strateji vəzifələri gerçəkləşdirmək, iqtisadi yüksəlişi təmin etmək, işsizliyin səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, eləcə də sosial xarakterli digər problemlərin həllinə nail olmaq mümkün deyildir. 
Azərbaycan hökuməti bu reallığı düzgün qiymətləndirdiyi üçün həm də sahibkarlığın inkişafına, bölgələrin tarixi məşğulluq ənənələrinin bərpasına, habelə regional tarazlığın təmin olunmasına xidmət edən əməli tədbirlər həyata keçirir. İqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara, fermerlərə güzəştli kreditlərin verilməsi sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.  
Regionların sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramının ən uğurlu nəticələrindən biri də ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsi olub. Həyata keçirilmiş tədbilərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 83 faizə çatıb. 
Dövlətin sütunlarının möhkəmlənməsi üçün cəmiyyətdə orta təbəqənin, belə demək mümkünsə, orta burjuaziyanın güclənməsi vacib şərtdir. Məhz bu təbəqə cəmiyyətdə balans yaradaraq kəskin sosial təbəqələşməni aradan qaldırır və ümumi inkişafda harmoniya yaradır. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, möhkəm orta təbəqə olarsa, kiçik və orta şirkətlər güclənərsə, dövlət daha yaxşı nəticələr əldə edə bilər. 
Azərbaycan hökumətin məqsədlərindən biri də məhz qeyri-neft sahəsinin inkişaf etdirilməsi üçün daha çox iş görməkdir. Şübhəsiz, işsizliyin azaldılması, qeyri-neft sahəsində yeni iş yerlərinin yaradılması, idxalın azaldılması məqsədilə yeni müəssisələrin işə salınması, bu yolla ixracın artırılmasına nail olunması, yerli məhsulun istehsalına təkan verilməsi, həm xarici, həm də yerli iş adamlarının normal fəaliyyəti üçün şəraitin yaradılması ölkəni inkişaf etdirməyin yeganə yoludur.  
Son illər sahibkarların təşəbbüskarlığının, hüquqi biliklərinin artırılmasına, informasiya təminatının gücləndirilməsinə, yeni iqtisadi şəraitdə iş təcrübəsinin mənimsənilməsinə və artırılmasına istiqamətlənmiş kompleks tədbirlərin reallaşdırılması özəl sektorun inkişafınının mühüm istiqaməti olaraq qalır. Həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də sahibkarlıq sektorunun səmərəli və rəqabət qabiliyyətli fəaliyyətinin təmin olunmasıdır. Bu sferanın sahibkarlığın inkişafı tələblərinə uyğun təkmilləşdirilməsi işgüzar mühitin əlverişliliyini şərtləndirən başlıca amillərdən sayılır. Son illər sahibkarların vergi yükünün azaldılması, daxili investisiyaların stimullaşdırılması istiqamətində görülmüş tədbirlər daxili mənbələrin genişlənməsinə gətirib çıxarmışdır. 
Son illər ərzində sahibkarlığın inkişafına hərtərəfli dövlət yardımının göstərilməsi iqisadi siyasətin prioritet istiqamətlərindən biri olaraq qalır. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramları çərçivəsində ölkə iqtisadiyyatının tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi təkmilləşdirilib. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılıb, sahibkarlara zəruri texniki yardımlar – məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar formalaşmışdır. Sahibkarlıq fəaliyyətinə yüksək diqqət və qayğı qayğı sayəsində bu sektorda mühüm inkişaf müşahidə olunub, təsərrüfat subyektlərinin fəaliyyətinə nəzarətedici və yoxlayıcı orqanlar tərəfindən əsassız müdaxilənin aradan qaldırılması, lisenziyalaşdırılan fəaliyyət növlərinin azalması, iqtisadiyyatın liberallaşmasının dərinləşməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. 
Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi məsələləri hələ Azərbaycan Respublikası Prezidentinin 2003-cü il noyabrın 24-də imzaladığı «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərmanda əksini tapmışdı. Fərmanda sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və iş adamları ilə müvafiq danışıqların aparılması vacibliyi vurğulanırdı. Bu da sahibkarlığa maliyyə təminatının reallaşması mənbələrindən istifadə mexanizmlərinin müəyyənləşdirilməsində mühüm addım olub. 
Sahibkarlığın inkişafı sahəsində qarşıda duran əsas vəzifələrdən biri də yoxsulluğun azaldılmasından və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsindən ibarətdir. Bu məqsədə nail olmaq üçün nəzərdə tutulmuş tədbirlər hələ «2003-2005-cı illər üçün Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı»nda, «Kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı»nda və digər sahəvi proqramlarda əksini tapmışdı. 2004-2007-ci illər üçün «Azərbaycan Respublikasının Dovlət İnvestisiya Proqramı» isə iqtisadiyyatın dinamik və tarazlı inkişafına, əhalinin maddi rifahının yüksəldilməsinə və sosial ehtiyaclarının daha dolğun ödənilməsinə yönəlmiş dövlət əhəmiyyətli investisiya layihələrinin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə hazırlanmışdır. Bu proqram ölkədə investisiya proseslərinin daha da genişlənməsi yolu ilə yeni iş yerlərinin yaradılmasına, neft sektoru ilə bərabər, qeyri-neft sektorunda ixrac potensialının gücləndirilməsinə, sosial-iqtisadi infrastruktur şəbəkəsinin müasir tələblər səviyyəsinə çatdırılmasına, ölkə daxilində regionlararası, eləcə də qonşu ölkələrlə əlaqələrin genişləndirilməsinə yönəlib. 
Həyata keçirilən ardıcıl islahatlar nəticəsində sahibkarlara dövlət maliyyə köməyi sistemi inkişaf etdirilmiş, investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi təkmilləşdirilib. Sahibkarlığa Milli Kömək Fondunun vəsaitlərinin səmərəli istifadə edilməsi məqsədilə müvəkkil bankların seçilməsi ilə bağlı müsabiqə komissiyasının əsasnaməsi hazırlanaraq dövlət qeydiyyatına alınıb. İqtisadi İnkişaf Nazirliyinin, Maliyyə Nazirliyinin və Milli Bankın nümayəndələrindən ibarət müsabiqə komissiyası tərəfindən 14 müvəkkil bank seçilib. 
Sahibkarlığa Kömək Milli Fondunun məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara maliyyə dəstəyi verməkdən ibarətdir. Fondun vəzifələri sırasına isə Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə təminatı yaratmaq üçün tədbirlər görmək; sahibkarlığın inkişafına kömək məqsədi ilə maliyyə ehtiyatlarının cəlb olunması və səmərəli istifadəsi əsasında dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə kömək etmək; sahibkarlığın inkişafına yönəldilmiş proqramları maliyyələşdirmək; iqtisadiyyatın öncül inkişaf istiqamətləri ilə bağlı investisiya layihələrinin və proqramlarının həyata keçirilməsinə maliyyə köməyi göstərmək; sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək kimi mühüm məsələlər daxildir.
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2002-ci, 2004-cü, 2005-ci, 2006-cı, 2008-ci və 2010-cu il tarixli fərmanları ilə Fondun statusu və vəsaitlərinin istifadə edilməsi qaydaları təkmilləşdirilmiş, güzəştli kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradılıb. 

S.Mustafayev 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi  İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub