Əlaqə Arxiv
news Image
2017.04.29
11:30
| A A A
"Onu bağışlamaq olarmı" və yaxud keçmiş sevgiliyə niyə qayıdırıq?

Heç vaxt “heç vaxt!” demə! Çünki həyat gözlənilməz anlarla, hadisələrlə doludur. Bu gün başına gələn hər hansı hadisədən təsirlənib, verdiyin qəti qərarın sabah sənin xeyrinə dəyişdiyini görə bilərsən. Ona görə də insan həyatın istənilən pis və ya yaxşı sürprizlərinə hər zaman hazır olmalıdır. Bu, həmçinin sevgi məsələlərinə də aiddir.

Məsələn, keçmiş sevgiliniz sizə qayıdıb. Ona şans vermək istəyirsiniz, amma bir çoxları sizə məsləhət verə bilər ki, keçmiş keçmişdir və o elə orada da qalmalıdır. Lakin müxtəlif insanların yaşamları bir daha göstərir ki, həyat öz sözünü deyir. Bir müddət əvvəl vidalaşan sevgililər bəzən yenidən münasibətlərini bərpa edirlər və xoşbəxt olurlar.
Ya da ki, elə münasibətlər var ki, acı sonluqla nəticələnib. Sevdiyiniz kişi və ya qadın sizi yarı yolda qoyub. Amma uzun illərdən sonra geri dönüb, peşman olub. Barışmaq, ömrününün sonuna kimi yanınızda olmaq istəyir. Zənnimizcə, ona bir şans vermək olar. Təbii ki, hansı səbəblərə görə ayrılmağınız da şərtdir. Çünki bəzən sevgililər ciddi səbəblərə görə də yollarını ayırırlar. Gələk daha bir məqama. İnsan tək qalandan sonra həsrətlə keçmiş günləri xatırlayır və nəyə görə münasibətlərə son qoyulduğunu yadından çıxarır. Sevgilinizdən ayrıldıqdan sonra onun sizə qarşı pis davranışlarını unudacaq, ancaq xoş xatirələrini xatırlayacaqsınız. Çünki siz onu hələ də sevirsiniz. Amma yenə də ümid var. Əsas odur ki, yeni münasibətə başlayanda bəzi məqamları nəzərə alasınız. Keçmişdə olan xoşagəlməz davranışları təkrarlamayasınız.

Sizi onunla yenidən münasibətə başlamağa nə vadar edir?

Bəs yaxşı, yeni hisləri keçmiş xatirələrdən necə fərqləndirmək olar? Bunun üçün özünüzlə səmimi olmağınız kifayət edər. Keçmiş sevgilinizlə yeni münasibətlərə başlayarkən ilk olaraq bir suala cavab vermək lazımdır – sizi onunla yenidən münasibətə başlamağa nə vadar edir? Əgər sevgilinizlə münasibətləri bitirməyinizdən müəyyən vaxt keçibsə, hər iki tərəf etdiyi səhvlər barədə düşünməyə vaxt tapıbsa, bu münasbətə mütləq ikinci şans verilməlidir. Əsas odur ki, keçmiş sevgili ilə münasibətləri qısqanclığa görə və ya əvəz çıxmaq istəyinə ya da özünü təsdiqləmək üçün bərpa etməyəsiniz.

Bu halda mütləq “Ən yaxın dostumun toyu” (“My Best Friends Wedding”) filmini xatırlayın. Culiya Robertsin baş rolu canlandırdığı filmdə onun qəhrəman Culian Potter illər keçdikdən sonra birdən anlayır ki, onun əsl sevgisi Maykl Onildir (aktyor Dermot Malruni). Keçmiş sevgilisinin toyunu pozmağa çalışır. Siz də Culiya Robertsin qəhrəmanının yerində olmaq, eyni vəziyyətə düşmək istəmirsinizsə, münasibətləri bərpa etməzdən öncə özünüz üçün bir məqamı dəqiqləşdirin. Görün, əsl hissləri romantik xatirələrlə qarışdırmırsınız?!

Münasibətlərə ağ vərəqdən başlamağa hazır olun

Keçmiş sevgilinizlə yenidən münasibətləri bərpa etməyə çalışarkən nəzərə alın ki, hər şey yenidən başlayacaq. Yəni keçmişdə yaşanan romanın davamı deyil, sanki hər şeyə şeyə ağ kağızdan başlayacaqsınız. Əgər keçmişdə münasibətlərinizə son qoyan amilləri, davranışları geridə qoymasanız, əks halda münasibətlər yenə korlanacaq. Yəni keçmişdə arada yaşanan incikliklərdən nəticə çıxarıb, yeni həyata başlamaq lazımdır. Artıq keçmişi, keçmişdə qoymaq lazımdır. “Böyük şəhərdə seks” (“Sex and the City”) filmində Miranda və Stivin etdiyi kimi addım atmaq lazımdır. Onlar ürək ağrıdan vidalaşma yaşayırlar, artıq boşanmağa hazırlaşırlar. Amma son anda həyatlarında yaşadıqları ağır məhəllələrin arasında olan körpüdə yenidən görüşürlər, barışırlar. Həyatlarına olduğu yerdən, amma ağ vərəqdən başlayırlar. Miranda Stivin xəyanətini unudur. Stiv də bir daha həyat yoldaşına xəyanət etmək haqqında niyyətlərini yadından çıxarır.


İntuisiyanıza inanın, çünki o heç vaxt yanıltmır

Bir şeyə hazır olun: keçmiş sevgilinizlə münasibətlərin bərpası yaxınlarınızın əsas müzakirə mövzusu olacaq. Güman ki, rəfiqələrinizdən çoxlu sayda “insan dəyişmir”, “bir dəfə batdığın palçığa ikinci dəfə batmaq olmaz” - kimi müxtəlif tövsiyyə və iradlar eşidəcəksiniz. Sakit və hövsələli olun. Yaddan çıxarmayın ki, kənardan hansı qiymətin verilməyindən asılı olmayaraq, iki insanın arasında həqiqətən də nə baş verdiyini yalnız həmin iki adam özü bilir. İnsanların bir-birindən ayrıldıqdan, birinin başqa biri ilə evləndikdən sonra yenidən rəsmi boşanaraq keçmiş sevgilisinə qayıdaraq xoşbəxt olmaqlarını göstərən çoxlu sayda nümunələr var. Hərdən lazımi nəticələr çıxarmaq, öz həyatında və beynində müəyyən mərhələni məhz bu yolla keçən çox sayda insanlar var. Bu o adamlardır ki, həyatın çətinliklərinə, ciddi münasibət yükünə tab gətirmir, həyatın sərt axınına tabe olur. Və... yanlış qərarlar verib, səhv addımlar atır.

Onunla yenidən münasibətə başlamağın üstünlükləri

Keçmiş sevgili ilə münasibətlərə yenidən başlamağın ən əsas üstünlüyü odur ki, siz artıq bir-birinizi çox yaxşı tanıyırsınız və xarakterinizi, pis və ya yaxşı vərdişlərinizi bilirsiniz. Yəni sizə bu mərhələni yenidən keçib, bir-birinizi yenidən tanımağa ehtiyac yoxdur. Əgər siz düşünürsünüz ki, münasibətlərinizdə romantika yoxdur, tələsməyin. İmkan verin ki, partnyorunuz yenidən sizi fəth etməyə çalışsın. Bunun üçün səbr lazımdır. İnanın, münasibətləri bərpa etmək fikriniz ciddidirsə, sizin səyləriniz mütləq nəticə verəcək.

Səmimi söhbət edin

Və sonda... Ola bilər ki, siz sevgilinizlə münasibətləri elə də mədəni formada bitirməmisiniz. Yəni arada ciddi səbəblər olub, möhkəm dalaşmısınız. Necə deyərlər, bütün körpülər yanıb. Əgər bu belədirsə, yenidən ciddi söhbət etmək vacibdir. Hər şeyin yenidən pis olmaması üçün keçmiş sevgilinizlə görüşün və onunla səmimi söhbət edin. Nə bilmək olar, bəlkə də sizə artıq yeni münasibətlər yox, sadəcə, bütün köhnə söhbətlərə nöqtə qoyub, birdəfəlik sağollaşmaq lazımdır. Belə bir söhbətdən sonra siz bütün incik məqamlara aydınlıq gətirib, bir-birinizə acıqlı deyil, normal formada vidalaşa da bilərsiniz.

big.az

Sizin Reklam Yeriniz