news Image
2013.03.19
14:03
| A A A
Ninzalar haqqında bilmədiklərimiz

Dünyanı hələ də ninzaların obrazı narahat etməkdədir. Onlar necə olublar, nəyə görə sifətlərini bağlayaraq sanki kabusa çevriliblər, bu kimi məsələlər ətrafında tədqiqatlar aparılsa da, ninzaların müharibələri haqqında çox az məlumat var. Deyilənə görə, döyüş ustalarının əksəriyyəti savadsız idilər və bu səbəbdən özlərindən sonra yazılı nə isə saxlamırdılar. Ancaq bütün müəmmalara Böyük Britaniya yazıçısı və tarixçisi Con Men özünün yeni kitabında aydınlıq gətirməyə, ninzaların tipik obrazını yaratmağa çalışır.


Alim bildirir ki, ninzaların "qızıl dövrü" 1500-cü illərə təsadüf edir. Yazdığına görə, o illərdə Yaponiyada daxili müharibələr geniş vüsət almışdı və ninzaların yaşadıqları rayonlar ətraf aləmdən daha çox təcrid olunmuşdular. Həmin vaxt nin-cyuçuların vətəni sayılan İqa və Koqa dairələri öz qayda-qanunlarını qoyur və bunun nəticəsində XVI əsrə doğru Yaponiya ninzaları tanıyırdı. Mövcud mərhələdə görkəmli sərkərdə Oda Nobunaqa Yaponiyanı vahid mərkəzdə birləşdirmək istiqamətindəki fəaliyyətə başlayanda ninzalar bu mənzərəyə heç cür uyğunlaşa bilmirdilər. İqa və Koqa klanları bir neçə dəfə birləşmiş ərazilərə hücumlar həyata keçirmişdilər. Lakin XVI əsrin sonlarına doğru onlar tam məğlubiyyətə uğradılar. Nəticədə təxminən iki əsr müddətindəki üstünlüklərini əldən verdilər.


Hazırda İqa və Koqa muzeylərinin elmi işçiləri bildirirlər ki, "kölgə döyüşçüləri" düşünüldüyü kimi, qara konstyum deyil, tünd göy rəngli paltarlar geyinirdilər. 1600-cü ildən sonra isə özlərinin əvvəlki nüfuzlarını itirmiş ninzaların təxminən 200-300 nəfəri gizli polisdə xidmətə başlayıb. O dönəm işləri o qədər də çox olmadığından qədim sənət sahibləri elmi biliklərə yiyələnə, heç olmasa, bacarıqlarını yazıya köçürməyə vaxt tapırdılar. Ancaq savadları istənilən səviyyədə deyildi, yazdıqları çox qısa və informasiya tutumu baxımından zəif təsir bağışlayırdı.


Ninzaları əlbəyaxa döyüş növü ustalarının xüsusi tipi sayırdılar. Ancaq əvvəlcə onlar gizli casuslar idilər. Demək olar, yalnız gecələr fəaliyyət göstərir, əsasən ölümləri icra edirdilər. Maraqlıdır ki, ninza sözü heç də yapon yox, Çin mənşəlidir. Mənası "gizlələn adam" deməkdir. Yaponlar ninzanı "sinobi" adlandırırlar. Bu sözün hərfi tərcüməsi "dözən adam" mənasını verir.


Qeyd edək ki, ninzaların vətəni sayılan İqo və Koqi rayonları Kiotodan bir saat uzaqlıqda, ölkənin mərkəzi hissəsində yerləşir. Bu rayonlar vaxtilə hərbi sərkərdələrdən azad edilmişdi və sakinlər onları öz ərazilərinə buraxmaq niyyətində olmamışdılar. Nəticədə hər iki bölgə kiçik kommunalara çevrildi və özlərini müdafiə kontekstində ninzaların bacarıqları əvəzsiz vasitəyə çevrildi.


Bir qayda olaraq ninzaları samuraylara qarşı qoyurlar. Deyilənə görə, samuraylar üzdə olan həyat tərzi keçirən, tez-tez ölümlə oynamağı sevən parlaq şəxsiyyətlər olublar. Ninzalar isə onlardan fərqli olaraq özlərinə diqqət çəkməyi xoşlamırlarmış. Əgər samuraylar gizli qalmağı xoşlamırdılarsa, ninzalar üçün gizlilik həyat amalı idi. Maraqlıdır ki, gecənin düşməsilə ninzalara çevrilən samuraylara da rast gəlinib.


Samuraylarla ninzalar arasındakı başlıca fərq isə birincilərin tanınmış ailələrdən olması idi. İkincilər üçün ideologiya heç də din deyildi. Onlar düzgün düşüncəni əsas tuturdular. Hesab edirdilər ki, öz dairələni, müəllimlərini qorumaq üçün düşünmək qabiliyyəti vacib göstəricidir. Ancaq ninzaların syuqendo adlı təriqətə qulluq etdikləri də önə çəkilir. Bildirildiyinə görə, bu təriqət ona inanlar qarşısında əsl döyüşçü olmaq üçün dağlara çəkilməyi və sənətin incəliklərinə bələdçiliyi tələb edir.


Əgər ninzaların ailəsində yeni uşaq doğulurdusa, onun da ninza olacağı şübhəsiz idi. Çünki ailəyə və torpağa sədaqət hər bir dəyərdən üstün sayılırdı. Onlar müdafiəyə də hazır idilər. Hücum zamanı qorunmaq üçün fort adlandırılan daldalanacaqları vardı. Hazırda arxeoloqlar həmin yerlərin ərazi quruluşunu öyrənməklə məşğuldurlar.