news Image
2019.07.20
21:00
| A A A
Qarpızdan zəhərlənməmək üçün bunlara DİQQƏT!

Qarpız hamının xoşladığı məhsul olsa da, bəzən onun fəsadları ilə üzləşməli oluruq. Qarpız zəhərlənməsi yayda ən çox rast gəlinən qida zəhərlənmələrindən sayılır.

Bəs bundan qorunmaq mümkündürmü? Zəhərlənmədən necə qorunmaq olar? Mütəxəssislər hesab edir ki, qarpız zəhərlənməsi daha çox onun tərkibində azotun  miqdarının çox olmasından qaynaqlanır. Qarpızın qabığının sarı olması, onun tərkibində azot miqdarının çox olmasına dəlalət edir. Qarpızı kəsəndə qabığın rənginə diqqət etmək lazımdır. Eyni zamanda qarpızın lətli hissəsi ağ rəngdə olmamalıdır. Bu da azotun çox olmasının göstəricisidir.  Bundan başqa, qarpızın lətli hissəsində dəliklər varsa, həmin qarpızı yemək məsləhət görülmür.

Movqe.az e-tibb.az-a istinadən bildirir ki, çox böyük ölçülü, eyni zamanda içində böyük boşluq olan qarpızı da yemək düzgün sayılmır. Bildirilir ki, çox böyük qarpız böyümə hormonları, çoxlu kimyəvi maddələr, gübrələr sayəsində bu hala gəlir. Ona görə də qarpız alanda nisbətən kiçik ölçülü olanları seçmək lazımdır. Qarpızı yoxlamaq üçün  yeməzdən əvvəl bir hissə kəsib suya qoymaqla yoxlamaq olar. Su parlaq və çəhrayı rəng alsa, bu, qarpızda nitratın çoxluğuna və təhlükəli olduğuna işarədir.

Gözəl görünən qarpızlar aldadıcı ola bilər. Qarpız seçərkən onun yüngül, yoxsa ağır olması da nəzərə alınmalıdır. Ələ alanda daha ağır gələn qarpızları seçmək lazımdır.

Saplağı yaşıl yox, quru olan qarpızlar daha keyfiyyətli sayılır. Saplağı olmayan qarpızları isə almaq məsləhət görülmür. Bundan başqa, kəsilmiş qarpızı almaq düzgün hesab olunmur.

Qarpız zəhərlənməsinin olduğunu necə bilmək olar?

Mütəxəssislərə görə, qarpız zəhərlənməsinin gizli dövrü 2-4 saat çəkir. Qarpız zəhərlənməsi varsa, bulantı, köp, ishal, baş ağrısı, baş gicəllənməsi, titrətmə, qızdırma, çox tərləmə, ürək ritminin pozulması, ümumi halsızlıq kimi əlamətlər yaranır. Bu əlamətlər varsa, mütləq həkimə müraciət etmək lazımdır. Həkimə qədər isə zəhərləmənin qarşısını almaq üçün çoxlu su, sodalı su içmək tövsiyə olunur.