Əlaqə Arxiv
news Image
2020.01.14
22:55
| A A A
Üç ordunun azərbaycanlı generalı: nadir şəxsiyyətin həyat yolu - FOTO

Bəzən hər gün eyni küçə adını eşidirik, deyirik, hətta yazırıq.

Amma fərqinə varmırıq.

Kimdi bu adam?

Adına küçə verilibsə, demək, xidmətləri var.

Yaddaşlarda yaşamağa layiq olub.

Adı əbədiləşib, düzdü.

Xatirəsi əbədiləşibmi amma...

Tanıyırıqmı onu?

Tərlan Əliyarbəyov küçəsi Fəvvarələr meydanından başlayaq Neftçilər prospektində başa çatır.

Bəs Tərlan Əliyarbəyov kimdir?

Əslində, o, nadir şəxsiyyətlərdəndir.

Üç ordunun zabiti olmaq şərəfi kimə nəsib olur ki?

Ya da İki Dünya Müharibəsində iştirak etmək bu dünyada neçə adamın qismətinə yazılıb ki...

Hekayəmizə əvvəldən başlayaq.

O zaman Şamaxıya tabe olan Ağsu kəndində doğulan Tərlan Əliyarbəyov 1914-cü ildə Tiflisdə hərbi məktəb bitirəndən sonra çar ordusunun zabiti kimi I Dünya müharibəsinə yollanır.

Bu müharibə təkcə hərbi yox eləcə də siyasi iflasla nəticələndi, çarizm süqut etdi.

Tərlan Əliyarbəyov isə Azərbaydan Demokratik Respublikasının ordu quruculuğuna qoşulur, bu illərdə alay komandiri, Bakı şəhərinin hərbi rəisi vəzifəsini icra edir.

Sovet illərində müxtəlif hərbi məktəblərdə dərs deyir, Frunze adına hərbi akademiyanı bitirir.

Əlyarbəyov Böyük Vətən müharibəsi (1941-45) illərində 416 atıcı diviziyanın komandiri (Taqanroq diviziyası), 402 atıcı diviziyanın komandiri, 58-ci korpusun komandir müavini olur.

Müharibənin gedişatında - 1944-cü ildə general-mayor hərbi rütbəsi alır.

1948-ci ildə Azərbaycan SSR müdafiə nazirinin müavini vəzifəsindən istefaya çıxır.

Bəli, o küçə bəşəriyyəti faşizm girdabından xilas edənlərin ön sıralarında olan bir generalın küçəsidir.

1944-cü il fevralının doqquzunda polkovnik Tərlan bəy Əliyarbəyov döyüş xidmətlərinə görə general-mayor rütbəsi ilə təltif edilib.

Hərb tariximizin tədqiqatçısı Şəmistan Nəzirlinin yazdığına görə, keçmiş zamanlarda belə hesab edirmişlər ki, zabit ömrü cəmi iki müharibə əzablarından keçə bilər. Biri onun gəncliyinə, o biri isə yaşlı vaxtına təsadüf edər. Lakin general Tərlan bəy Əliyarbəyov altmış dörd illik ömür yolunda üç müharibənin iştirakçısı olub. O, Birinci Dünya müharibəsində, 1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunda və Böyük Vətən müharibəsi cəbhələrində vuruşub.

Tərlan bəy 1908-ci ildə Şamaxıdakı altı illik şəhər məktəbini bitirmişdi. 1911-ci ildə üçüncü Qafqaz alayının əlaçı əsgəri olan Tərlan bəy Əliyarbəyovu Tiflisdəki Mixaylovsk hərbi piyada məktəbinə oxumağa göndərdilər. Dörd il kursdan-kursa müvəffəqiyyətlə keçən Tərlan bəy hərbi məktəbi birinci dərəcəli diplomla bitirdi. Podporuçik Əliyarbəyov Şamaxıdakı 205-ci piyada alayında xidmətə başladı. 

1914-cü ilin yayında Birinci Dünya müharibəsi başlandı. Kayzer Almaniyası Rusiyaya müharibə elan etmişdi. Əliyarbəyovun xidmət etdiyi 205-ci alay da Qərb cəbhəsinə göndərdilər. Od-alov yağan səngərlərdə gənc zabitin çətin sınaq günləri başlandı. Komandirin verdiyi tapşırıqları yerinə yetirən, hər döyüşdən qələbə ilə çıxan Tərlan bəy əsgərlərin də sevimlisi oldu. Ona görə də rota komandiri olan Əliyarbəyovu batalyon komandiri kimi məsul vəzifəyə təyin etdilər.

Öz batalyonunu qələbədən-qələbəyə aparan ştabs-kapitan Əliyarbəyovun igidliyi bütün Qərb cəbhəsinə yayılmışdı. 1916-cı ilin mayında onun sinəsini üçüncü dərəcəli "Müqəddəs Stanislav" (qılıncla və bantla birgə) və üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli "Müqəddəs Anna" ordenləri bəzəyirdi.

Bir dəfə Verden şəhəri ətrafında gedən vuruşmaların qızğın çağında ona 10-cu ordunun komandanı general Əli ağa Şıxlinski ilə görüşmək nəsib olub.

General hərbçi qaydası ilə onu başdan-ayağa süzüb: "Səsini-sorağını eşitmişəm, eloğlu, əsl igid kimi vuruşursan", - deyib. Əlini onun çiyninə qoyub - "Böyük şair Puşkin vaxtilə Şamaxı gözəlini vəsf eləyib, indi yeni bir Puşkin lazımdır ki, sənin - Şamaxı Tərlanının qəhrəmanlığını qələmə alsın".

Sonra maraq dolu baxışlarını Tərlan bəyə zilləyib:

- Bir de görüm, hansı hərbi məktəbi bitirmisən, oğul?

- Tiflisdəki hərbi gimnaziyanı...

General Əli ağa Şıxlinski sevinclə:

- Hə, demək ikimiz də bir yuvadan pərvazlanmışıq. Çox şadam. Bu qürbət diyarda sevindirdin məni, oğul. Onsuz da, bir neçə gündür ki, sevincimdən ürəyim köksümə sığmır. Xəbərin varmı, bu günlərdə bir eloğlumuz qeyri-adi igidlik göstərdiyinə görə "Müqəddəs Georgi" ordeni ilə təltif olunub.

- Xeyr, eşitməmişəm. Düzü, cəbhəyə gələndən heç bir azərbaycanlıya rast gəlməmişəm, cənab general. İcazənizlə soruşum, kimdi belə yüksək təltifata layiq görülən?

- Nijeqorod-draqun alayının rotmistri Teymur bəy Novruzovun igidliyi haqqında qəzetlər bar-bar bağırır. Sən isə burdan-buraya eşitməmisən.

Eloğlumuz Teymur bəy özünün eskadronu ilə bir ay əvvəl düşmənin süvarilərinə hücum edərək onların hamısını qılıncdan keçirib. Hələ üstəlik də, iki ağır topunu qənimət götürüb. Cəmisi iki ay yarımlıq döyüşdən sonra həmyerlimiz Teymur bəy Novruzov "Müqəddəs Georgi" xaç ordeni ilə təltif olunub. Bu, çox böyük fəxrdir. O, artıq Georgi kavalerləri sırasındadır.

Tərlan bəy bu şöhrətli generalla görüşünü uzun müddət unuda bilmədi. Onlar bir də on səkkizinci ildə Bakıda görüşdülər.

1916-cı ilin yayında süvari generalı Aleksey Brusilovun ordusu Pripyat çayından Rummiya sərhədinə kimi uzanan dörd kilometrik cəbhə boyunca hücuma keçib düşmənin müdafiə xəttini yardı. Ağır şəraitdə vuruşan qoşunlar güclü düşməni xeyli geriyə qovdu. Tərlan bəy Əliyarbəyov bu döyüşlərdə sinəsindən ağır yaralandı. Bu, müharibə başlanandan Tərlan bəyin aldığı dördüncü yara idi. Ştabs-kapitan bir müddət Brest şəhərindəki hospitalda müalicə olunduqdan sonra Bakıya göndərildi.

1918-ci noyabrında Əli ağa Şıxlinskinin yaratdığı Əlahiddə Müsəlman Korpusuna könüllü gələn Tərlan bəy Əliyarbəyov ikinci alayın komandir köməkçisi təyin edildi. Rusiyada Qızıl Ordu tərəfindən dağıdılmış ağqvardiyaçı general Anton Denikin ordusu pərən-pərən düşüb ölkənin hər yerinə səpələnmişdi. Dərbəndi tutan ağqvardiyaçılar Azərbaycana soxulmaq istəyirdilər. Qusarda yerləşən ikinci Azərbaycan alayı gecə-gündüz vuruşaraq düşməni Azərbaycana buraxmadı.

İyirminci ilin baharında rotmistr Tərlan bəy Əliyarbəyov Bakı Hərbi İdarə rəisinin müavini və alay komandiri vəzifəsinə təyin edilir. O, heç vaxt Bakını belə qaynar, belə təlatümlü görməmişdi.

Döyüşlərdə böyüyüb-bərkimiş Tərlan bəy Əliyarbəyov könüllü olaraq ordu sıralarına yazıldı.

Bir neçə qolçomaq Şuşanın yalçın qayaları arasına sığınaraq başına quldur dəstələri yığmışdı. Tez-tez kəndlərə hücum edir, kənd soveti sədrlərini, komsomolçuları öldürürdülər. Kapitan Tərlan bəy Əliyarbəyovun 1920-21-ci illərdəki böyük fəallığı ilə bu quldur dəstələri ləğv edildi. 1922-ci ildə respublika Xalq Komissarlığı qərargahında Hərbi Dəniz İşləri üzrə rəis işləyən Əliyarbəyova yeni bir tapşırıq verildi: 

"Kürdəmir və Qaraqoyunlu ərazilərində baş qaldıran daşnak dəstələrini məhv etməli". O, cəsur silah yoldaşları ilə yorğunluq və yuxusuzluq nə olduğunu bilmədən az bir vaxtda düşməni məğlub etdi.

Azərbaycan Sovet Sosialist Respublikası Hərbi Dəniz Xalq Komissarlığının 1922-ci il 9 dekabr tarixli 525 nömrəli əmrində deyilirdi: "Mənə etibar olunmuş Komissarlığın qərargah rəisi Tərlan bəy Əliyarbəyov yoldaş Azərbaycanda Sovet hakimiyyəti qurulan ilk günlərdən məsul vəzifələr daşımış, vicdanlı, səliqəli olması, ona tapşırılan vəzifələri can-başla yerinə yetirməsi və proletar hakimiyyətinə sədaqəti ilə fərqlənmişdir. Hərbi işi tam bildiyini göstərmiş və Azərbaycan SSR-də mahal hərbi komissarlıqlarının təşkili işinə böyük qüvvə və qayğı sərf etmişdir. 1920-ci ildə Bakı qəzasında və 1921-ci ildə bütün respublikada səfərbərliyi yüksək bacarıqla keçirmişdir.

Hazırda HDXK-nın qərargahı ləğv edildiyi üçün Əliyarbəyov yoldaşı Azərbaycan SSR Hərbi Komissarlığının müavini vəzifəsinə təyin etməklə inanıram ki, onun öz biliyi və Sovet hakimiyyətinə sədaqəti sayəsində Azərbaycanda səfərbərlik işi həmişə yüksək səviyyədə olacaqdır.

Təxminən üç il müddətində hərbi idarədə birgə çalışdığımız vaxtlar gənc Sovet Azərbaycanının yaradılması işinə böyük zəhmət və enerji sərf etdiyinə görə Tərlan bəy Əliyarbəyova rəhbərlik adından təşəkkür elan edir və əmr edirəm ki, şəxsi xidmət kitabçasına yazılsın.

Hərbi Dəniz Xalq Komissarı və Əlahiddə Qafqaz Ordusu Hərbi İnqilab Şurasının üzvü Əliheydər Qarayev.

Qərargah rəis əvəzi podpolkovnik Yusif bəy Məğrubov".

Komandanlıq Tərlan bəy Əliyarbəyovu hansı sahəyə göndərirdisə, namuslu bir zabit kimi çalışır, verilən tapşırığı ləyaqətlə yerinə yetirirdi. 1927-ci ildə M.V.Frunze adına Hərbi Akademiyada Ali komanda heyəti kursunu bitirdikdən sonra Bakıya qayıdan Əliyarbəyov hərbi istedadını milli hərbi kadrların yetişdirilməsinə sərf edib.

Ali komanda heyəti kursunu müvəffəqiyyətlə bitirən mayor Tərlan bəy Əliyarbəyov Azərbaycan Dağ-Atıcı diviziyasında xidmətini davam etdirir. Əsgərlərin döyüş və siyasi hazırlıqlı yetişməsində var qüvvəsi ilə çalışırdı. Azərbaycan diviziyasının o vaxtkı şöhrətli komandiri Cəmşid xan Naxçıvanski və hərbi komissar Hüseyn Rəhmanov ona verdikləri növbəti attestasiyada yazırdılar: "Ali komanda heyəti kursunu bitirən Tərlan bəy Əliyarbəyov biliyi və bacarığı ilə diviziyanın hərbi-məşq və manevrlərində yüksək komandirlik məharəti ilə iştirak edir".

Sonralar - 1932-ci ildə onun Azərbaycan Neft İnstitutdakı hərbi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan diviziyasının komandiri, general Qambay Vəzirov yazırdı: "Tələbələrin qazandığı əla praktiki atış nəticələrinə görə istedadlı komandir Tərlan bəy Əliyarbəyova təşəkkürümü bildirirəm. Səksən səkkiz tələbədən səksən yeddisi kiçik komandir rütbəsi almaq üçün müvəffəqiyyətlə imtahan vermişlər. Onların iyirmi ikisi vzvod komandirinin müavini, beş nəfəri isə starşina rütbəsinə layiq görülmüşdür. Atış təlimdə və təcrübədə Tərlan bəy Əliyarbəyov tərəfindən yaxşı hazırlanmış bilikli tələbə-zabitlər üçüncü atıcı alayın sıralarına daxil ediliblər.

Onu da qeyd etmək lazımdır ki, Tərlan bəy Əliyarbəyov diviziyanın və ayrı-ayrı hərbi hissələrin praktiki məşğələlərində həmişə fəallıqla iştirak edir. T.Əliyarbəyov hərbi sahədə həmişə nizam-intizamlı, bacarıqlı və nümunəvi komandirdir".

1934-cü ildə Zaqafqaziya Hərbi dairəsindən ali məktəblərdə hərbi dərslərin səviyyəsini yoxlamağa gələn polkovnik Slujekov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hərbi rəhbəri Tərlan bəy Əliyarbəyova verdiyi xarakteristikada yazırdı: "Ali məktəblər üçün çox qiymətli hərbi pedaqoqdur. Yaxşı təşkilatçıdır. Rus və Azərbaycan dillərində aydın, səlis danışıq qabiliyyətinə malikdir. T.Əlyarbəyov məhz ali məktəblər üçün istedadlı mütəxəssisdir". 

O, ikinci dəfə (1941-ci il) M.V.Frunze adına Ali Hərbi Akademiyanı bitirəndə Böyük Vətən Müharibəsi başlandı. Cəbhəyə səfərbər olunan polkovnik Tərlan bəy Əliyarbəyov 1942-ci il oktyabrın 15-də azərbaycanlılardan ibarət 416-cı diviziyanın komandir müavini, üç ay sonra isə komandiri təyin edilib.

Diviziya 1942-ci il noyabrın otuzunda səhər Terek çayı sahilində düşmənlə ilk dəfə döyüşə girib. İki günlük döyüşdən sonra İşşorski rayonunda faşistlərin müdafiə xəttini yarıb, Novo-Lednev və Kapustino yaşayış məntəqələri azad edilib.

Xalqımızın igid oğullarından ibarət olan diviziya dekabrın altısında inamla vuruşaraq düşmənin möhkəmləndirilmiş daha bir atəş nöqtəsini məhv edib. Hücumu müvəffəqiyyətlə genişləndirən polkovnik Tərlan bəy Əliyarbəyov həmişə ön cəbhədə olub, döyüşçülərdə qələbəyə sarsılmaz inam yaradıb. Qırx dördüncü ordunun tərkibində olan bu diviziya 1942-ci ilin qışında Şimali Qafqazda üç yüz əlli kilometrlik döyüş yolu keçərək, onlarla şəhər və kəndi düşməndən azad edib. Dəfələrlə ordu komandanlığının təşəkkürünə layiq görülüb.

1943-cü ildən sonra yetmiş doqquzuncu, səksən səkkizinci alaylara, 402-ci atıcı diviziyaya başçılıq edən və əlli səkkizinci korpusun komandan müavini kimi məsul vəzifələrdə çalışan Tərlan bəy Əliyarbəyov özünün komandirlik bacarığını parlaq şəkildə nümayiş etdirib. O, xidmət etdiyi bütün hərbi hissələrdə böyük nüfuza və hörmətə malik olub.

Müharibə illərində Tərlan bəy Əliyarbəyovun döyüş xidmətlərini yüksək qiymətləndirən komandanlıq 1944-cü il fevralın doqquzunda ona general-mayor rütbəsi vermişdi.

Əsl mənada eli, obası və doğma xalqı üçün əvəzsiz xidmətlər göstərən general Tərlan bəy Əliyarbəyovun yetişdirdiyi milli hərbi kadrlar respublikada böyük nüfuza malikdirlər.

Müharibənin ağır sınaqlarında həqiqi sərkərdə şöhrəti qazanan general Tərlan bəy Əliyarbəyovun sinəsini Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri və çoxlu medallar bəzəyirdi. 1956-cı ildə vəfat edən generalın oğlu atasının sənədlərini qayğı ilə qoruyub saxlayırdı. Nadir Əliyarbəyovun xatirələrindən:

- Atamın söhbətləri yaxşı yadımdadır. Danışardı ki, 1908-çi ildə Şamaxıdakı altı illik şəhər məktəbini bitirəndən sonra Vladiqafqaza gedib kadet korpusuna daxil olmaq istəyirdim. Lakin babam Abdullanın qəfil ölümü onun hərbi məktəbə getməsinə mane olur. Atam yalnız 1910-cu ildə Tiflisə gedib Mixaylovsk hərbi piyada məktəbinə daxil olur. Atam özü haqqında çox az danışardı. Evdə də az olardı. O, daim əsgərlərin yanında olar, onların ailə həyatı ilə, güzəranı ilə maraqlanardı. Yadımdadır, atamın ölümündən sonra bizə bir jurnalist gəlmişdi. Atam haqqında yazmaq istəyirdi. Anam Lətifə xanımdan atam haqında danışmağı xahiş etdi.

Anamsa, nə deyim, nə danışım, ay oğul, - dedi, - bir doyunca üzünü gördüm ki... Qonaq kimi gəlib-gedərdi. Anam - "Tərlan bizə gələndə belə oldu, Tərlan belə dedi", - deyə danışanda qonşular gülərdilər.

Atamı tanıyanlar - döyüş yoldaşları, dostları həmişə deyərdilər ki, Tərlan özü üçün yaşamadı, eli, obası üçün yaşadı. O, məzuniyyət, istirahət nə olduğunu bilməzdi. Onun xidmətləri Lenin ordeni, Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif olundu. Doğma Şamaxıda adına abad küçə qoyuldu.

Şahidi olduğum bir xatirəni heç vaxt unuda bilmirəm. Atam hərbi qulluqda idi. Anamla mən bir dəfə onun yanına getmişdik. Bizim gəlişimiz günorta vaxtına düşmüşdü. Aşpaz üç qabda yemək gətirdi. Atamın bərk acığı tutdu. Aşpazı geri çağırıb dedi:

- Bunlar buraya yeməyə gəlməyiblər ki?.. Sən niyə əsgərin payından kəsib bunlara gətirirsən. Bu saat qaytar... Sonra anama "niyə nahar vaxtı gəlmisiniz?" - dedi.

1956-cı il fevralın on beşində vəfat edən general-mayor Tərlan bəy Əliyarbəyovun adına dünyaya gəldiyi Şamaxıda və Bakıda abad küçələr qoyulub, Fəxri Xiyabanda dəfn olunub.

Sizin Reklam Yeriniz