Əlaqə Arxiv
news Image
2014.06.18
17:29
| A A A
Qulliver və onun müəllifi

"Qulliverin səyahətləri" dünya ədəbiyyatının ən populyar əsərlərindən biridir. Bununla belə, bu kitabın ərsəyə gəlməsi barədə təfərrüatlar çox az adama məlumdur. Eyni zamanda əsərin müəllifi irlandiyalı Conatan Sviftin müəmmalı şəxsiyyəti də maraq doğurur.

"Qulliver" əlyazması (tam adı- "Dörd bölgədə dünyanın bəzi uzaq ölkələrinə səyahətlər: Bir neçə gəmidə əvvəl cərrah, sonralar kapitan olmuş Lemuel Qulliverin səyahəti") əsəri hansısa Simpson tərəfindən yazılmış qoşma məktubla birlikdə London nəşriyyat evlərinin  birinin artırmasında atılmış vəziyyətdə olub. Məktubda deyilirdi: "Ser! Əmioğlum cənab Qulliver öz "Səyahətlər"inin surətini müəyyən vaxta mənə etibar edib. Bütün ehtimallara görə, onlar sizin üçün çox  sərfəli olacaq. Mən dostum və əmioğlumun işlər vəkili kimi güman edirəm ki, siz lazımi qiyməti verəcəksiniz..."

Müqəddimənin müəllifi elə həmin müəmmalı Simpson olub.  Bir neçə ildən sonra "Səyahətlər"in təkrar nəşrində, guya, Qulliverin özü tərəfindən xəyali dostu Simpsona yazdığı məktub da yer alıb. Və yalnız sonralar müəllifin əsl adı məlum olub: Conatan Svift.

Svift 1667-ci ildə Dublində protestant ailəsində dünyaya göz açıb. Conatan adlı atası- kiçik məhkəmə məmuru isə hələ o doğulmamışdan əvvəl ölüb. Ailə - dul qalmış ana və iki uşaq, faktiki olaraq, yaşamaq üçün vəsaitsiz qaldığı üçün Conatan dayısı Qodvinin himayəsinə verilib.

Gənc Svift orta məktəbi bitirərək Dublin Univeriteti yanında Triniti-kollecə daxil olub və orada bakalavr dərəcəsi alıb. 1686-cı ildə İrlandiyada Vətəndaş müharibəsi səbəbindən İngiltərəyə getməyə məcbur olub və orada ya tanışı, ya da anasının uzaq qohumu olan istefadakı diplomat Uilyam Templin yanında katib işinə düzəlib. O, Templin malikanəsində səkkiz yaşlı yetim Ester Consonla tanış olub və ona himayədarlıq edib.  

1690-cı ildə Svift İrlandiyaya qayıdaraq ədəbi yaradıcılıqla məşğul olmağa başlayıb. 1692-ci ildə o, Oksfordda magistr dərəcəsi alıb, 1694-cü il ildə ruhani rütbəsinə layiq görülüb. Buna baxmayaraq, İrlandiyanın Kilrut qəsəbəsində uzun sürməyən ruhani xdmətindən sonra  Svift Templin yanına qayıdıb.

1699-cu ildə Templin ölümündən sonra Svift özünə yeni iş yeri axtarmalı olub. 1700-cü ildə onu Dublində Müqəddəs Patrik məbədinin xidmətçisi təyin ediblər. 1702-ci ildə o, Triniti-kollecdə ilahiyyat doktoru dərəcəsi alıb və o vaxt  müxalifətdə olan viqlər partiyasının tərəfini tutaraq siyasətlə məşğul olub. Eyni zamanda o, dövlət, kilsə və müxtəlif ictimai təşkilatları  ələ salan satirik pamfletlər dərc etdirib. 

Svift 1703-cü ilə Beşinci Patrik məbədinin dekanı təyin edilib. Yazıçı məqalələrini və pamfletlərini dərc etdirərək və sosial ədalətsizliyə qarşı mübarizə apararaq ictimai və siyasi həyatda fəal iştirakını davam etdirib. 

Sviftin   yazışmalarından məlum olur ki, "Qulliverin səyahətləri"ni yazmaq ideyası onda 1720-ci ildə yaranıb. O, tetralogiya (ideya cəhətdən vəhdət təşkil edən dörd əsər) üzərində 1721-ci ildən işləməyə başlayıb. 1723-cü ilin yanvarında yazıçı məktubunda məlumat verirdi: "Mən Atlar Ölkəsini tərk etmişəm və uçan adadayam... mənim iki son səyahətim tezliklə başa çatacaq".

"Səyhətlər" ilk dəfə 1726-1727-ci illərdə Londonda nəşr edilib. Sonralar tetralogiya dəfələrlə həm tam, həm də qısaldılmış variantlarda  bir çox ölkələrdə yenidən nəşr edilib. Senzuraya baxmayaraq, əsər böyük sayda oxucuların  marağına səbəb olub. 

Yazıçı bu cür konspirasiyaya təsdüfən riayət etməyib. Axı onun qəhrəmanı Qulliverin düşdüyü Liliputistan öz polis rejimi, korrupsiyası, işğalçılıq müharibələri... ilə İngiltərəyə çox bənzəyir. Və burada tarixi şəxslərin adları başqa adlarla verilsə də, hamı söhbətin kimdən getdiyini anlayıb. Ingiltərə qanunları və adətlərinin  ələ salınması müəllif üçün, heç də, sonda zarafatla nəticələnə bilməzdi. Buna görə də o, hiylə işlətmək qərarına gəlib. 

Əvvəlcə, Sviftin çox yaxın olduğu Vanessanın, sonra isə Stellanın ölümündən sonra onda ruhi pozğunluqlar əmələ gəlib. 1742-ci ildə Svift insulta tutulub və nəticədə o, danışıq qabiliyyətini itirib. Yeri gəlmişkən, başqa bir versiya da vardır: guya, yazıçı hansısa məxfi çəmiyyətin üzvü olub və uzun illər  ərzində susacağına  söz verib. Buna görə də onu, nəhayət, ruhi xəstə kimi qəbul edib və iş qabiliyyəti olmayan adam hesab ediblər. Məşhur yazıçı 1745-ci oktyabrın 19-da vəfat edib. 


Sizin Reklam Yeriniz