Əlaqə Arxiv
news Image
2014.09.19
08:56
| A A A
Virtual reallıqdakı həyat uzaqda deyil

Bu gün virtual reallıq dedikdə əsasən kompüter oyunları və ya alimlərin öz tədqiqatları zamanı hazırladığı modellər başa düşülür. Amma gün gələcək ki, virtual reallıq həyatımızın ayrılmaz hissəsinə çevriləcək. Eyni zamanda əsl reallığaı modelləşdirilmiş kompüter reallğından fərqləndirmək çətin olacaq. Bunlardan bəzilərini artıq 2015-ci ildə görmək mümkündür.

Ötən əsrin 90-cı illərində tədqiqatçı Caron Lanye proqnoz verirdi ki, yaxın gələcəkdə biz virtual reallıqda təkcə oyun oynamayacağıq, həmçinin orada işləyəcəyik. Amma o dövrdəki texnologiyalar bu cür fikirləri yalnız fantastika sahəsinə aid etməyə imkan verirdi. Bu gün isə situasiyaya başqa cür baxmaq olar.

İndi eyni vaxtda bir neçə şirkət xüsusi qarniturlar vasitəsilə virtual məkana "çıxışı" nəzərdə tutan sistemin hazırlanması ilə məşğul olur. Bu, kompüterlə adi işdən xeyli fərqlənir.

Sensorlarla təchiz edilmiş bu cür qarniturlar real fəaliyyət və hissiyyatın tam illüziyasını verir. Belə ki, onlar təkcə virtual dünyanı görməyə yox, həmçinin orada qaçmağa, tullanmağa, gizlicə yaxınlaşmağa, sürüşməyə və s. imkan yaradır.

Ötən il Böyük Britaniyanın nDreams şirkəti diqqətini adi monitor və manipulyatorlardan, qarniturları isə virtual reallıqdan istifadə edilən yeni nəsl oyunların hazırlanmasına yönəldib. Şirkətin baş direktoru Patrik O' Luanay hesab edir ki, 2015-ci ilin sonuna kimi tam "iştirak effekti" yaradan üçölçülü virtual oyunlar o qədər geniş yayılacaq ki, onlar, heç də, qeyri-adi görünməyəcək.

Bəs əgər oyun və əyləncələrdən ayrılaraq daha ciddi işlərlə məşğul olmaq lazım gələrsə, necə olacaq? Cənubi Kaliforniya Universitetindəki tibbi virtual reallıq müəssisəsinin direktoru Albert Risso və onun həmkarları indi psixologiya və psixoterapiya sahələrində virtual reallıqdan istifadə imkanlarını nəzərdən keçirir. Məsələn, o hesab edir ki, bu, diqqət çatışmazlığı sindromu olan uşaqlara və travmasonrası sindromdan əziyyət çəkən müharibə veteranlarına kömək edəcək.

Sonuncu halda yaşadıqları hadisələrdən sonra normal həyata qayıda bilməyən keçmiş döyüş əməliyyatları iştirakçısını virtual olaraq hazırlanmış bu cür travmatik situasiyaya salmaq olar. Beləliklə, o, eyni durumu yenidən "yaşayır" və onun aradan qaldırılması üçün müxtəlif variantlar hazırlayır ki, bu da psixoloji stressin səviyyəsini aşağı salmağa imkan verir.

Qeyd edək ki, hərbi strukturlar bu cür texnologiyalara yüksək maraq göstərir. Belə ki, Böyük Britaniya Müdafiə Nazirliyi yanında Müdafiə Elmi-Texniki Laboratoriyası ordunun üstünlüyünü təmin etmək üçün virtual texnologiyalardan istifadə üsullarını tapmağa çalışır.

Tədqiqatların rəhbəri Endrü Poulter güman edir ki, bu, hər şeydən əvvəl hərbi təlim sahəsində üstünlük verə bilər.

Məsələn, əsgərlərin pusqu yerlərini və ya partlayıcı qurğuları aşkar etməyə öyrədildiyi təlimlər xeyli vaxt və resursların itkisinə səbəb olur. "Simulyasiyada siz, sadəcə olaraq, əvvələ qayıda və onu yenidən sınaqdan keçirə bilərsiniz"- Poulter vurğulayıb.

Hələ 2008-ci ildə Böyük Britaniya, ABŞ və Kanadadan olan əsgərlərin (əgər döyüşdən əvvəl virtual simulyatorlarda təlim keçiblərsə) real döyüş zamanı daha yaxşı nəticələr əldə etdiyini göstərən tədqiqatın nəticələri dərc olunub. Düzdür, Poulter qeyd edir ki, bu metodun çatışmaz cəhətləri də vardır. Belə ki, virtual təlim qarniturdan istifadəni nəzərdə tutur, bu isə, əsgərin fəaliyyətini məhdudlaşdırır, məsələn, o, qeydlər apara və ya radiostansiyadan istifadə edə bilmir. Bundan başqa, virtual displeylərdə rəqəmli monitorlarda olduğu kimi daha böyük imkanlar yoxdur. Eyni zamanda virtual reallığa düşmək ürək bulanması kimi xoşagəlməz effektlərə səbəb ola bilər. Oculus Rift qarniturunun istifadəçiləri bu cür hallara görə dəfələrlə narahatlıqlarını bildiriblər.

Virtual reallığın daha bir sahəsi təbabətdir. Belə ki, bu yaxınlarda İspaniya klinikalarından birində yerli keyitmə ilə keçirilən əməliyyatın gedişində pasientə stressi uğurla götürməkdə kömək edən Oculus Rift qarnituru geyindiriblər. Həmin vaxt əməliyyat aparan həkim Google Glass eynəyi taxıb və onun sayəsində tələbələr proseduru video ilə görə biliblər.

Birmingemdəki Kraliça Yelizaveta hospitalında isə reanimasiyadan çıxdıqdan sonra bərpa olunan pasientlərin çarpayılarına kənd peyzajlarını translyasiya edən HD-monitorlar quraşdırıblar. Layihə müəlliflərinin fikrincə, onların bu səhnəyə tamaşa etməsi tezliklə sağalmağa gətirib çıxarmalıdır...

Buna baxmayaraq, gələcək virtual reallıqdan alınacaq eyforiyanı, heç də, bütün ekspertlər bölüşmürlər. Belə ki, Birmingem Universitetindən olan professor Robert Stoun güman edir ki, bu texnologiyaların təbabətə və ya psixiatriyaya tətbiqi uğursuzluğa düçar ola bilər, çünki onlar, faktiki olaraq, pasienti həkim-mütəxəssislərdən uzaqda saxlayır və bununla da müalicənin effektivliyini şübhə altına alır.

Sizin Reklam Yeriniz