Əlaqə Arxiv
news Image
2014.10.15
08:46
| A A A
Bal arıları necə danışır?

Hələ Aristotel güman edirdi ki, arı-kəşfiyyatçılar öz pətək yoldaşlarına şirin nektarların harada olduğu barədə məlumat verə bilir. Amma alimlər arıların danışığını yalnız ötən əsrin 20-ci illərində "dinləyə" biliblər. Bunu avstriyalı zooloq Karl fon Friş kəşf edib. Arı dilini kəşf etdiyinə görə o, Nobel mükafatına (yarım əsrdən sonra) da layiq görülüb. Friş arı ailəsini xüsusi hazırlanmış şüşə pətəyə yerləşdirib, bu zaman şüşə divarlardan arıların bütün həyatını görmək mümkün olub. Pətəkdən kənarda içərisində şirə olan nəlbəkini aşkar edən arı-kəşfiyyatçının necə evə qayıtdığını və çoxsaylı mürəkkəb hərəkətlərlə qəribə "rəqslər" etdiyini müşahidə etmək mümkün olub. İşçi arıların hamısı onun "çıxışına" baxmağa yığışıb. Və tezliklə işçi arılar nəlbəkiyə tərəf uçmağa başlayıb. Rəqsin dili arıların bir-birilə ünsiyyət saxladığı dildir. Hər arı rəqs addımının öz mənası vardır. Birincisi, kəşfiyyatçı arı pətəkdəki arılara "hamı dinləsin" siqnalını verir. Bunun üçün o, qanad çalır və alimlərin "cəlbetmə" feromonu adlandırdıqları xüsusi maddə ifraz edir. Sonra rəqsə, yəni danışmağa başlayır. Hər şeydən asanı arılara gülün yaxınlıqda olduğunu xəbər verməkdir: kəşfiyyatçı arıya, sadəcə olaraq, bu və ya digər istiqamətdə qaçmaq lazımdır. Əgər hədəf kifayət qədər uzaq yerdədirsə, rəqs çətinləşir: arı gah bir tərəfdən digər tərəfə dövrə vurur, gah qarnını hərəkət etdirərək birbaşa arı şanına tərəf, gah da diaqonal üzrə qaçır. Onun rəqsinin trayektoriyası səkkiz rəqəmini xatırladır: arı sanki yarımdairə çəkərək və onun iki nöqtəsini birləşdirərək birbaşa hərəkət edir, sonra isə artıq əks istiqamətdə ikinci yarımdairəni çəkir. Əgər arı birbaşa aşağıdan yuxarıya qaçırsa, demək, nektar arxasınca Günəşə tərəf və əgər yuxarıdan aşağıya tərəf qaçırsa, Günəşdən əks istiqamətə uçmaq lazımdır. Qəribə də olsa, arının rəqsdə xəyali üfüqi oxdan yayındığı küncün də əhəmiyyəti vardır: kəşfiyyatçı arı işçi arılara Günəş və çiçək istiqamətləri arasındakı küncü göstərir.

Qeyd edək ki, bir çox alimlər bu yaxınalara qədər arıların bu cür mürəkkəb və çeşidli dildən istifadə etdiklərinə inanmayıb. Yalnız ötən əsrin 90-cı illərində danimarkalı alimlər tərəfindən hazırlanmış robot-arı sayəsində bu şübhələrə son qoyulub. Bu miniatür mexanizm Friş tərəfindən təsvir edilmiş bütün rəqs hərəkətlərini tam dəqiqliyi ilə təkrar edib və arılar robotun göstərdiyi istiqamətə uçublar.

Sizin Reklam Yeriniz