Əlaqə Arxiv
news Image
2012.08.08
18:28
| A A A
"Azərbaycan və Ermənistan musiqiçiləri Aland adalarında birgə konsert verəcək"
Şahin Rzayev: “Məqsədimiz xalq musiqilərimizi və milli alətlərimizi təbliğ etməkdir” Emin Əfrasiyab: “Əvvəlcə dəvətdən imtina etsəm də, sonradan ermənilərin orada tarı öz alətləri kimi təqdim edəcəklərini eşidib getməyə razılaşdım” Ermənistan kütləvi informasiya vasitələri Aland adalarında Azərbaycan və Ermənistan musiqiçilərinin birgə konsert proqramı ilə çıxış edəcəyi barədə məlumat yayıblar. APA-nın məlumatına görə, "Aykakan jamanak" qəzeti Azərbaycan, Ermənistan və Aland adalarından olan 13 gənc musiqiçinin Marienxamnda təcrübə mübadiləsi apardığını, master-klasslar təşkil etdiyini, müzakirələr apardığını yazıb. Tədbir Aland münaqişəsinin qurbanlarının xatirəsini yad etmək məqsədi daşıyır. Sülh İnstitutunun təşkilatçılığı ilə keçirilən konsertlə "Dünyanın adaları" festivalına start verilmiş olacaq. Qəzet Azərbaycan və Ermənistandan olan musiqiçilərin eyni səhnəni bölüşdürəcəyini iddia edib və Azərbaycan tərəfdən bu tədbirə fortepiano ifaçısı, cazmen Emin Əfrasiyabın, İsgəndər Ələsgərovun (tryumor), Pərviz Məmmədovun (bas-gitara), Malik Mansurovun (tar, saz), Şirzad Fətəliyevin (balaban) və Nazim Kərimovun iştirak etdiyini yazıb. 
APA-nın araşdırmaları nəticəsində məlum olub ki, konsertin təşkilatçısı olan Aland adalarındakı Musiqi İnstitutudur. Konsertdə Azərbaycan musiqiçilərinin iştirakını təmin etmək üçün həmin institut tərəfindən Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şahin Rzayevə dəvət göndərilib. Şahin Rzayev isə konsertdə iştirak təklifi ilə cazmen Emin Əfrasiyaba müraciət edib. 
Ş. Rzayev APA-ya açıqlamasında bildirib ki, Aland adalarındakı Musiqi İnstitutu hər il Xirosimanın bombardman edildiyi gün konsert təşkil edir. Konsertə dünyanın münaqişəli vəziyyətdə olan ölkələrindən müxtəlif peşə sahibləri dəvət edilir: "Hər il ya jurnalistləri, ya da musiqiçiləri dəvət edirlər. Bu il isə konsertə İsveç, Azərbaycan və Ermənistandan musiqiçilər dəvət ediblər. Konsertin keçirilməsində məqsəd hər bir xalqın öz mədəniyyətini təbliğ etməsidir. Bizim tərəfdən isə Emin Əfrasiyab başda olmaqla 5 nəfər musiqiçi dəvət edilib və onlar Azərbaycan musiqisini və mədəniyyətini təbliğ edəcəklər. Ən mühümü odur ki, burada Azərbaycanın milli musiqi alətləri, balaban, zurna, ud, tar ifa ediləcək. Məqsədimiz odur ki, "Sarı gəlin", "Gözəlim sənsən", "Evləri var xana-xana" kimi xalq musiqilərimizi təbliğ edək, həmçinin onları caz tərtibatında, avropalıların başa düşdüyü dilə təbliğ edək". 
Şahin Rzayev deyib ki, bu, ermənilərlə birgə konsert deyil: "Ermənilər yazır ki, biz onlarla birgə konsert verəcəyik, bu belə deyil, bizim ayrı proqramımız var. Ayın 10-da baş tutacaq konsertdə əvvəl erməni, isveçli və fin musiqiçilər, sonra isə Azərbaycan musiqiçiləri çıxış edəcək. Konsertdə belədir ki, əvvəl zəif ifaçılar, sonda güclülər çıxış edir. Bizim musiqiçilərin səviyyəsi ermənilərinkindən qat-qat yüksək olduğuna görə, təşkilatçılar bizi sonda təqdim edib səhnəyə çağıracaq".
Cazmen Emin Əfrasiyab isə APA-ya bildirib ki, əvvəlcə bu dəvətdən imtina edib: "Amma sonra öyrəndim ki, Ermənistan tərəfi konsertdə öz qədim alətləri ilə çıxış edəcəklərini bəyan ediblər və bu alətin tar olduğunu bildiriblər. Mən buna dözə bilmədim və fikirləşdim ki, onların cavablarını vermək, tarın Azərbaycan aid olduğunu göstərmək lazımdır. Mən tar ifaçısı Malik Mansurov, balaban ifaçısı Şirzad Fətəliyev və digər musiqiçilərlə bura gəldim ki konsertdə iştirak edək və bu alətlərin kimə məxsus olduğunu sübut edək". 
Emil Əfrasiyab deyib ki, konsert avqustun 10-da baş tutacaq. Azərbaycan musiqiçiləri konsertdə "Sarı gəlin": "Gözəlim sənsən", "Evləri var xana-xana" mahnılarını ifa edəcək, tarda "Segah" və digər muğamları səsləndirəcəklər. 
Cazmen bildirib ki, konsertdən əvvəl orada keçirilən forumda Azərbaycanın musiqi alətləri haqqında təbliğat aparılıb: "Balaban, tar, zurna, tütək və udu nümayiş etdirdik və onların Azərbaycan xalqına məxsus olduğunu bəyan etdik. Konsertə hələ bir-iki gün qalıb. Hansısa səbəbdən erməni tarzənin əli sınıb və o konsertdə ifa edə bilməyəcək".
Sizin Reklam Yeriniz