Əlaqə Arxiv
news Image
2015.04.02
21:00
| A A A
Marsın kolonizasiyası: missiya alınmır

2018-ci ildə start götürməli olan səs-küylü Mars One layihəsinin həyata keçirilmə müddəti iki il təxirə salınıb. Onun təşəbbüskarı, hollandiyalı sahibkar Bas Lansdorpun sözlərinə görə, ləngiməyə səbəb maliyyələşdirmə və sənədlərin hazırlanması ilə bağlı problemlərdir. Və buna müvafiq olaraq, adamların Qırmızı planetə ilk enişi 2027-ci ildən tez baş verməyəcək.


Kosmik realiti-şousu

Mars One özəl şirkəti dörd il əvvəl Marsda insan koloniyaları salmaq üçün Bas Lansdorp tərəfindən təsis edilib. Bu missiya uğur əldə etdiyi təqdirdə şirkət real vaxt rejimində Marsdakı məskunlaşma yerindən daimi translyasiya aparmağa hazırlaşır.

Ilkin olaraq planlaşdırılmışdı ki, 2018-ci ildə nümayiş uçuşu təşkil olunacaq və onun gedişində Marsa həyat təminatını yoxlamaq üçün enmə modulu çatdırılacaq. 2024-2025-ci illərdə oraya koloniyanın əsasını qoyan dörd astronavt göndəriləcək. Onlar bir daha Yerə qayıtmayacaqlar.

Gözlənilməyən problemlər


Amma Mars One missiyası ilə bağlı təşəbbüskarlıq tədricən azalmağa başlayıb. Bu yaxınlarda Lansdorp bildirib ki, layihə üzrə sərmayədarların cəlb edilməsi və sənədlərin rəsmiləşdirilməsi prosesi nəzərdə tutulduğundan daha çox vaxt aparıb.

Beləliklə, modulun hazırlanmasına 400 min dollar tələb olunsa da, lazımi vaxta qədər bu vəsaiti tapmaq mümkün olmayıb. Nəticədə nümayiş uçuşu 2020-ci ildən tez baş verməyəcək. Müvafiq olaraq, proqramın digər mərhələlərini həyata keçirməyə başlamağın da vaxtı geri çəkilir. Məsələn, əgər əvvəllər bəşəriyyətin ilk nümayəndələrinin Qırmızı planetinin səthinə enməsi 2025-ci ildə baş tutmalı olsa da, indi bu, 2027-ci ilə keçirilib və bu məsələ də sual altındadır...

Amma bu da hələ hamısı deyildir. Lap bu yaxınlarda Mars One layihəsinin finala çıxmış 100 iştirakçısından biri, Dublindəki Triniti-kollecdən olan astrofizika professoru Cozef Roş Medium.com saytına qalmaqallı müsahibə verərək bildirib ki, layihəni, çətin ki, həyata keçirmək mümkün olsun. Xüsusilə o, hesab edir ki, missiyyanın təşəbbüskarları uçuş üçün namizədlərin seçim proseduruna qeyri-ciddi yanaşıblar.

Şəxsən onun üçün Skayp üzrə layihənin baş tibb mütəxəssisi ilə keçirilən "imtahan" 10 dəqiqəlik müraciətdən ibarət olub.

"Həvəskar video, başdansovdu doldurulmuş sifariş blankı, Skayp üzrə qısa müsahibə- onların topladıqları bütün informasiya bundan ibarətdir"- Roş hiddətlə bildirib. Heç bir psixi və ya psixometrik test keçirilməyib, hətta mənasız tibbi müayinədən belə söhbət getməyib. Amma bunlar, heç də, təəccüblü deyil: çünki, Roşun sözlərinə görə, seçimin başlıca meyarı puldur. Layihə təşkilatçılarının siyasəti layihəyə vəsaiti namizədlərin özündən də almaq olub. Kim daha çox pul ödəyərsə, onun gələcək ekipaj qrupuna düşmək şansları daha yüksəkdir.

"Seçim prosedurunu keçərək siz xallar alırsınız, lakin onları toplamağın yeganə üsulu Mars One markası altında olan malları almaq və ya fonda pul ianəsi köçürməkdir. Fevralda finalçılar məsləhətlər siyahısı və mətbuatla ünsiyyət üzrə tövsiyyələr alıblar. Orada deyilir: "Əgər sizə müsahibəyə görə qonorar təklif etsələr, xahiş edirik ki, onun 75 faizini Mars One layihəsinə verəsiniz"- astrofizik bəyan edib.

Düzdür, tezliklə Medium.com saytında təkzib verilib. Orada deyilib ki, namizədləri NASA-nın sabiq əməkdaşı, astronavtlarla iş üzrə təcrübəli mütəxəssis Norbert Kraft aparıb, həmçinin kosmik ekipaja daxil olacaq daha 24 namizədi seçmək lazımdır və onlar üçün müxtəlif testlər, eləcə də intensiv məşqlər nəzərdə tutulub.


Missiyanı həyata keçirmək mümkün deyildir

Missiyya barədə skeptik mövqe təkcə Roşda deyildir. Belə ki, sabiq kanadalı astronavt xanım Jüli Peyett Mülki Aviasiya Beynəlxalq Təşkilatı və BMT-nin Kosmik Fəza Məsələləri üzrə İdarəsi tərəfindən Monrealda keçirilən konfransda vurğulayıb: "Malik olduğumuz bütün biliklərə baxmayaraq, indi Marsa üçmaq üçün bizdə texnologiyalar yoxdur. Ona görə də düşünmürəm ki, kommersiya şirkəti və realit-şou üslubunda keçirilən seçim kimisə harayasa göndərə bilsin".

Öz növbəsində, Corc Vaşinqton Universitetinin kosmik siyasət üzrə mütəxəssisi Con Losdon National Public Radio-ya verdiyi müsahibəsində danışıb ki, Mars One layihəsini "etibarlı təklif" hesab etmir və həyata keçirilməsi 2030-cu illərdə planlaşdırılan və Lansdorp layihəsindən fərqli olaraq, astronavtların geri qayıtmasını nəzərdə tutan NASA missiyasına daha çox ümid edir. Yeri gəlmişkən, bu missiya üçün inşa edilmiş "Orion" gəmi-kapsulu artıq ötən ilin dekabrında uğurla testdən keçib.

"Bəlkə, Mars One üçün məhz bu ideyanın mümkün olmadığını etiraf etmək vaxtı çatıb. Onlar öz səylərini başqa mövcud və daha real kosmik layihələrin dəstəklənməsinə yönəldə bilərdilər"- Cozef Roş fikrini bildirib.

Sizin Reklam Yeriniz