Əlaqə Arxiv
news Image
2017.04.18
19:00
| A A A
Kiçik ağ şara bənzəyən zəncirotu çiçəkləri

Yaşıl yarpaq dilimləri arasından boy göstərən qızılı-sarı çiçəkli zəncirotu el arasında bəzən acıqovuq, bəzən də üfürcəkotu kimi tanınır. Kənd uşaqları zəncirotunun içi boş çiçək oxlarını qoparandan sonra uc-uca bağlayıb həlqə formasına salır və onları bir-birinin içərisinə keçirərək "boyunbağı" düzəldirlər. Cığırların, yolların kənarında bitən zəncirotunun yarpaq və boruşəkilli oxların istənilən hissəsini qoparanda süd kimi ağappaq maye axmağa başlayır. Zəncirotu çiçəkləri yetkinlik vaxtı kürə şəklini alır və kiçik ağ şara bənzəyir. Külək əsəndə onun tükcükləri qoparaq havaya yayılır.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, çoxillik ot bitkisi olan zəncirotu aprel-may aylarında çiçəkləyir, bəzən payızın əvvəllərində də çiçəkləmə müşahidə edilir. Zəncirotunun preparatları iştahartırıcı və həzmi yaxşılaşdırıcı təsir göstərir, maddələr mübadiləsini normallaşdırır, qanda xolesterinin miqdarını azaldır, orqanizmin ümumi vəziyyətini və anemiyada qanın tərkibini yaxşılaşdırır.

Qədim Yunanıstanda məşhur həkim Teofast dəridəki çillərin və sarılıq ləkələrinin təmizlənməsi üçün onu bir vasitə kimi məsləhət görürdü. Rus xalq təbabətində o "həyat eliksiri" hesab edilir və həzm prosesini, öd hasilatını yaxşılaşdıran, sakitləşdirici təsir göstərən, sarılıq, yuxusuzluq və digər xəstəliklərdə faydalı vasitə kimi istifadə olunur. Onu XVI əsrdə Almaniyada yuxugətirici və sakitləşdirici xüsusiyyətinə görə, Orta Asiyada isə kökünün şirəsi ziyillər əleyhinə vasitə kimi tətbiq olunub.

Zəncirotu orqanizmdə yağlar mübadiləsini nizamlayan, qurd əleyhinə təsir göstərən vasitə kimi, həmçinin meteorizm və qəbizlikdə də istifadə edilir. Onun preparatları mədə-bağırsağın sekresiya və motorika fəallığını yaxşılaşdırır, öddaşı xəstəliyi və xroniki qəbizlik, kökünün xammalı mədə və bağırsaq xoraları, babasil, xolesistit, hepatit, revmatizm, diatez, ağızın selikli qişası və dərinin iltihabı xəstəlikləri əleyhinə işlədilən ödqovucu və işlədici dərman yığıntılarının tərkibinə daxildir.

Sizin Reklam Yeriniz