Əlaqə Arxiv
news Image
2017.05.09
07:00
| A A A
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun dünya üçün əhəmiyyəti artır
Azər Həsrət: “Proses bir daha onu göstərdi ki, ölkəmizdə keçirilən Mədəniyyətlərarası Dialoq Forumunın nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib” Fəzail İbrahimli: “Keçirilən tədbir bir daha onu göstərdi ki, bu istiqamətdə Azərbaycanın təcrübəsi əhəmiyyətli dərəcədə artıb”

Bakıda mayın 4-6 arasında baş tutan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 123 ölkədən 1500 nəfərdən çox insan iştirak etdi, 200 məruzəçi çıxışlar etdi, 40 müxtəlif panellərdə, dəyirmi masalarda, təqdimatlarda və digər tədbirlərdə iştirak etdiler. İlk forumlarda isə iştirak edən dövlətlər və təmsilçilərin sayı indikindən az olub. Proses ondan xəbər verir bu günlərdə başa çatan forum həm iştirakçı ölkələrin, həm də nümayəndələrin sayı baxımından daha möhtəşəm alınıb. Bütün bunlar, yəni iştirakçı ölkələrin sayının artması Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksələn nüfuzunun göstəricisi sayıla bilərmi? 

Siyasi şərhçi Azər Həsrət birmənalı olaraq qeyd etdi ki, forumda iştirakçı sayının dəfələrlə artması tədbirə və onu təşkil edən ölkəmizə dünyada marağın əhəmiyyətli dərəcədə yüksəlməsindən xəbər verən bir amildir: “Ötən həftə İndoneziyada YUNESKO-nun 3 may Dünya Mətbuat Azadlığı gününə həsr edilmiş tədbirində işritak edirdim. Hansı ki, bu tədbir BMT səviyyəsində keçirilən bir tədbirdir. Həmin tədbirdə 1500 nəfərin iştirakı barədə məlumat verildi. Yəni təsəvvür edin ki, BMT kimi dünyanın bir nömrəli qlobal təşkilatı böyük bir tədbir təşkil edir və orada 1500 adam iştirak edir. Eyni zamanda, Azərbaycan kimi konkret bir dövlətin təşkil etdiyi tədbirdə də 1500 nəfər təmsil olunur. Həmçinin, Bakıda baş tutan forumda dünyanın 120-dən çox ölkəsindən nümayəndələr olub. Bunun özü artıq hər şey haqqında dəqiq məlumat verir. Proses bir daha onu göstərdi ki, ölkəmizdə keçirilən Mədəniyyətlərarası Dialoq Forumunın nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. 
Tədbirin yüksək səviyyədə keçirilməsi həmçinin Azərbaycanın gücünü, ona olan etimadı, ümumiyyətlə, ölkəmizin qlobal səviyyədə oynadığı rolu göstərən gözəl bir əyani faktdır. Bu baxımdan fikrimcə, Forumun əhəmiyyəti barədə əlavə və geniş şərhə ehtiyac qalmır. Son illər ərzində ölkəmizdə keçirilən bu kimi tədbirlər zamanı müşahidə edilən artan dinamika bir qayda olaraq Azərbaycana bu yöndə olan etimadın hər ötən il müsbət şəkildə, özü də çox yüksək səviyyədə artdığının təsdiqidir. Bunun özü də dövlətimizə dünyada olan inam və etimadın daha bir göstrəricisidir. Bu baxımdan düşünürəm ki, növbəti illərdə Forumun kəmiyyət və keyfiyyət göstəriciləri daha da yüksələn xətlə inkişaf edəcək”.     
Milli Məclisin deputatı Fəzail İbrahimlinin fikrincə də, Foruma qatılan nümayəndələrin sayının artması prosesə dünyada diqqətin əvvəlki illərə nisbətən daha da yüksəlməsindən xəbər verir: “Həqiqətən də Bakıda keçirilən Ümudünya Mədəniyyətlərarası Dialoq Forumu özünün möhtəşəmliyilə seçildi. Keçirilən tədbir bir daha onu göstərdi ki, bu istiqamətdə Azərbaycanın təcrübəsi əhəmiyyətli dərəcədə artıb. 
İştirakçı ölkələrlə yanaşı, tədbirə qatılan nümayəndələrin sayı da xeyli dərəcədə çoxalıb. Bu kimi tədbirlərlə Azərbaycanın tarixi, mənəviyyat və mədəniyyətilə bağlı dünyaya kifayət qədər informasiyalar çatdırılır. Tədbirdə iştirak edən hər bir nümayəndənin arxasında heç şübhəsiz müəyyən insanlar durur. Onların hər biri ailə üzvləri daxilində, habelə iş yerləri, işlədikləri struktur, idarə, müəssisə, təşkilatlarda Azərbaycan üçün böyük təbliğatçılardırlar. Ona görə yox ki, Azərbaycanı sevirlər. Onlar gördüklərindən, sevdiklərindən söhbət açır, təəccübləndikləri Bakı şəhəri barədə informasiya yayır, ölkəmizin qonaqpərvərliyindən, təçkilatçılıq bacarığı və ev sahibi olmaq təcrübəsindən danışır və bütün dünyaya bəyan edirlər erməni təbliğatının yedəyində getmək doğru yanaşma deyil. Bu müqayisə olanda Azərbaycanın haqq tərəfi və güclü olduğu bütün dünyaya elan edilir. Gələn qonaqların hamısı bütün bunları gözlərilə görür. Ən əsası isə onlar Azərbaycanın mədəniyyətilə, təşkilatçıların təşkilat gücü ilə tanış olurlar. Bütün bunlar da sonda Azərbaycan haqqında doğru rəy formalaşdırır. Hər bir addımda Azərbaycanı dünyaya çıxarmaq, onu daha dərindən tanıtmaq lazımdır. Azərbaycan mədəniyyətini dünyaya tanıtdırmaq strateji kurs kimi götürülüb, məqsəd və amaldır. Bu sahədə də dövlət və rəhbərlik səviyyəsində ciddi iş gedir və onu təşkil edənlər də işin öhdəsindən kifayət qədər uğurla gələ bilirlər”.
Rüfət NADİROĞLU    

Sizin Reklam Yeriniz