Əlaqə Arxiv
news Image
2017.05.17
08:00
| A A A
Azərbaycan İslam mədəniyyətini daha zəngin hala gətirir
Elman Nəsirov: “Digər müsəlman dövlətləri də Azərbaycan nümunəsinə müraciət edəcəklər”

Azərbaycan İslam mədəniyyətinin inkişafına bu gün mühüm yeniliklər gətirməkdədir. 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə onun məntiqi davamı kimi “İslam Həmrəyliyi ili” elan edilməsi buna əyani sübutdur. Bundan başqa müsəlman dünyası yaxın keçmişə kimi indiki qədər bir arada olmamışdı. Hansı ki, bu birlik İslam Həmrəyliyi Oyunlarında müşahidə edilir. Ölkəmiz tərəfindən oxşar tədbirlərin davam etdiriləcəyi də istisna deyil.  Siyasilərin fikrincə, bütün bunlar dünyada İslamın mövqeyinə təsirsiz ötüşməyəcək. 

Millət vəkili Elman Nəsirov təəssüflə bildirdi ki, hazırda İslam dünyasında birlik və həmrəylik yoxdur: “Bu reallıqda da islamafob və ksenofob qüvvələr olduqca fəallaşıblar. Onlar İslam birliyinin daha da pozulmasına çalışırlar ki, bununla da İslam ölkələri beynəlxalq ictimaiyyətdə həmişə mənfi obrazda qəbul edilsin. 
Eyni zamanda, bəzi müsəlman ölkələrinin digərilərinə qarşı ərazi, resurs iddialarının olması, liderlik düşüncəsi ilə yaşaması, İslam dünyasında Fələstin-İsrail münaqişəsinə fərqli yanaşmaların olması və bu kimi digər obyektiv və subtektiv amillərə görə, bu gün İslam dünyasında arzuedilən birik yoxdur. Bu reallıq fonunda Azərbaycan Prezidenti cənab İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili də “İslam Həmrəyliyi ili” elan etdi. Bu gün də ölkəmiz İslam Həmrəyliyi Oyunları keçirilir. Bütün bunların hamısı müsəlman dünyasında birliyin əldə edilməsi, İslam dəyərlərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərir. 
İslam Həmrəyliyi Oyunları keçirilməklə bütün müsəlman dünyası Azərbaycan paytaxtında bir araya gəldi. Yarışların ən böyük mahiyyəti də məhz bundan ibarətdir. Azərbaycan paytaxtında 54 müsəlman dövlətinin idmançıları bir-birinin əlini sıxırlar. Bunun böyük mənası var. O da ondan ibarətdir ki, müsəlman dövlətlərinin idmançıları bir-birinin əlini sıxırsa, müsəlman liderləri də bunu edə bilərlər. Lakin təəssüf ki, bəzi müsəlman dövlətləri işğalçı Ermənistan dövləti ilə sıx münasibətlər qurub. Halbuki, həmin işğalçı dövlətə görə, Azərbaycada 1 milyon yarımdan çox müsəlman məcburi köçkün və qaçqın yaranıb. Bunun da səbəbkarı Ermənistanın işğalçılıq siyasətidir. Belə bir işağlçı dövlətlə heç bir müsəlman dövləti əlaqələri inkişaf etdirməməlidir. Məhz “İslam Həmrəyliyi ili”nin elan edilməsi, İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin ən böyük hədəflərindən biri də müsəlman dövlətinin birliyinə nail olmaqdır. Bunlar bizi güclü edən amillərdir. Azərbaycan paytaxtında bu mesajlar bütün müsəlman dünyasına göndərilməkdədir. 
Azərbaycan hədəfləri olan dövlətdir. Həmin hədəflərin həlli yolunda da addımlar atırıq. Azərbaycanda bundan sonra da digər tədbirlərin keçiriləcəyi istisna deyil. Bu, bizim strateji məqsədlərimizdən irəli gəlir. Azərbaycan dünya miqyasında elə böyük dövlət olmasa da, sözünün mənası və çəkisi böyükdür. Azərbaycan bütün bu davranışları ilə özünün əhəmiyyətli ölkə olduğunu növbəti dəfə təsdiqləyir. Bütün bunlar həmçinin İslam dünyasına yeni nəfəs, yeni çalarlar verir. Digər müsəlman dövlətləri də Azərbaycan nümunəsinə müraciət edəcəklər. Azərbaycanın reallaşdırdığı sözügedən tədbirlər məhz müsəlman dünyasında birliyin, həmrəyliyin təmin edilməsinə böyük yardımçı olacaq”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz