Əlaqə Arxiv
news Image
2017.06.19
13:55
| A A A
İtaliyada birinci Azərbaycan kinofestivalı keçiriləcək

İyunun 22-24–də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı keçiriləcək.

Azərbaycanın İtaliyadakı səfirliyindən Movqe.az-a  verilən məlumata görə, festival Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı səfirliyinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), “Casa del Cinema” kino evinin, İtaliya-Azərbaycan Ticarət Palatasının, “AGI” informasiya agentliyinin, “Azerbaijannews” xəbər portalının təşkilati və informasiya dəstəyi ilə təşkil olunacaq.

Festivalın keçirilməsində məqsəd Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin zəngin kino mədəniyyətini İtaliyada təbliğ və təşviq etmək, həmçinin İtaliya ictimaiyyətini Azərbaycan kinosu vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə tanış etməkdir.

Festivala iyunun 22-də “Əli və Nino” filminin nümayişi ilə start veriləcək. Açılışda filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları nəzərdə tutulur. Sonrakı iki gün ərzində əlavə olaraq altı bədii (“Hökmdarın taleyi”, “Nabat”, “İçərişəhər”, “Pərdə”, “Yarımçıq xatirələr”, “Həddən artıq uyğunluq”) və 2 sənədli (“Bir günəş altında”, “Əbədi ezamiyyət”) film italyan dilində alt yazılarla nümayiş olunacaq.

Festival çərçivəsində, həmçinin “Bir günəş altında” və “Əbədi ezamiyyət” sənədli filmlərinin nümayişinin, müvafiq olaraq Azərbaycanda multikulturalizm, dinc yanaşı yaşama mədəniyyəti, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti haqqında akademik tədbirlər kimi təqdim olunacağı və bu tədbirlərdə müvafiq tədqiqatçıların çıxışı da nəzərdə tutulur.

İtaliya mətbuatının diqqət mərkəzində olan festival barədə yerli KİV-lərdə çoxsaylı yazılar və elanlar dərc olunub.

Sizin Reklam Yeriniz