Əlaqə Arxiv
news Image
2017.08.31
09:30
| A A A
Dünyanın Azərbaycan təcrübəsinə ehtiyacı artır
Multikultural dəyərlər sülhə doğru gedən yolun mayakıdır

Bu gün dünya ölkələrində dini-etnik millətçilik ideyalarının vüsət alması fonunda Azərbaycanda multikulturalizm və tolerantlıq ideyalarının inkişaf etməsi hamıya örnəkdir. Bu mənada Azərbaycan təcrübəsinin öyrənilməsinə bütün ölkələrdə ehtiyac duyulur. Bu tələbatın ödənilməsi üçün Azərbaycanda III Beynəlxalq Multikulturalizm Məktəbi fəaliyyət göstərir. Məktəb  vasitəsilə Çin, İndoneziya, Almaniya, Polşa, Litva, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Gürcüstan, Yəmən və bir çox digər ölkələrin tələbələri tanış olduqları Azərbaycan multikulturalizmini öz gözləri ilə görmək imkanı əldə ediblər. Multikulturalizm dəyərləri Azərbaycanı çox böyük coğrafi arealda hamının dostuna çevirib və bu dəyərlərin kökləri getdikcə daha çox yayılır və dərinə işləyir.

Azərbaycan tolerant mühitinə görə dünyaya örnəkdir. Bu, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə aydın əks olunur. Tolerantizm həyat tərzinin ali keyfiyyətidir, insanların fərqliliyi və zənginliyidir. Tolerantlıq bu gün Azərbaycanda elə səviyyəyə qalxıb ki, artıq xalqın xarakterinə, özünüifadə formasına çevrilib. 
Bəşər cəmiyyəti yaranandan müxtəliflik onun mahiyyətində əks olunub. Müxtəlif rəngli dəriyə, ayrı-ayrı dillərə və dinlərə, fərqli mədəniyyətə malik toplumlar birləşib bir dövlət qurublar. Amma bu müxtəlifliyin eyni məqsədə qulluq etməsi, yaxud eyni məqsədlə birləşib ümumi həyat tərzini yaratması asan başa gəlməyib. Hətta bəzən buna nail olunsa da uzun sürməyib, qısa müddətdən sonra millətlərarası nifaqa çevrilib, insanların qanı axıdılıb. Çünki, məqsəd birliyi silah gücünə, zorla, təhdidlə qurulub və şərait yetişən kimi milli-mədəni ambisiyalar özünü büruzə verib və cəmiyyətlər dağılıb, viran qalıb. 
Ayrı-ayrı dövrlərdə dövlət rəhbərləri, ictimai-siyasi xadimlər, alimlər, filosoflar, psixoloqlar və sairə tədqiqatçılar dinc-yanaşı yaşamağın ümumi formulunu tapmaq üçün müxtəlif konsepsiyalar, düsturlar irəli sürüblər. Lakin hamı üçün vahid bir formul yaratmaq heç kimə müyəssər olmayıb. Belə bir situasiyada Azərbaycanda dünyaya sivilizasiyalararası birlik mesajları göndərilir. Multikultural dəyərlərin, multikonfessial meyarların cəmiyyətin həyatında oynadığı səmərəli rolu haqda ideyalar irəli sürülür, təkliflər verilir. Bu mövzu üzrə çalışan mütəxəssislər ölkədə təşkil olunan elmi-praktiki konfranslarda, dialoqa üstünlük verilən məclislərdə iştirak edir, Azərbaycanın şəhər və kəndlərini gəzib demoqrafik, milli, dini tərkibi öyrənir, ailələrarası münasibətlərin qurulmasını araşdırırlar. Tədqiqatlar göstərir ki, Azərbaycanda dünyanın heç bir məkanında, ölkəsində, yaxud şəhərində rast gəlinməyən fenomenal formul var. Buna tolerantlıq, dözümlülük, adı verilib və müxtəlifliyin birliyi, dinc yanaşı yaşamağın prinsipləıri kimi multikultural dəyərlər kompleksi adlandırılır. Çünki, din, etiqad uğrunda tarixi savaşların insanlara gətirdiyi bəlalar yaxşı məlumdur. İndi bəşəriyyətə hamı üçün məqbul formul lazımdır ki, bu da Azərbaycanda evolyusiyon inkişaf sayəsində formalaşıb meydana çıxıb. Buna görə də hamının bu meyarlara marağı böyükdür.
Bu gün bütün dünya ölkələrində Azərbaycanın adı multikulturalizmlə yanaşı çəkilir.  
Bu ilin aprelində Azərbaycan Respublikasının Finlandiya Respublikasındakı səfirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Helsinki Universitetinin nəzdində fəaliyyət göstərən Aleksanteri İnstitutunun birgə təşkilatçılığı ilə Helsinkidə “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfrans keçirilib. Helsinki Aleksanteri İnstitutunun rəhbəri professor Markku Kivinen Azərbaycan ilə bağlı belə bir konfransın Finlandiyada ilk dəfə keçirilməsinə böyük əhəmiyyət verərək, deyib: “Multikulturalizm və birgə yaşayış ənənələri olan Azərbaycanın nailiyyətləri bu gün bütün dünyada maraq doğurur”. Finlandiyalı alim bu tədbirin keçirilməsi ilə ölkəmizin bu və digər sahələrdəki təcrübəsi ilə yaxından tanış olacağına və bu tanışlığın iki ölkə arasında daha sıx əməkdaşlığa töhfə verəcəyinə əminliyini bildirib.
Finlandiya Evangelik Lüteran kilsəsinin Lüteran kilsə camaatı ittifaqının dinlərarası dialoq və əməkdaşlıq üzrə pastoru Heidi Rautionmaa Azərbaycanın son 15 ildə çox sürətlə inkişaf etdiyini, ölkəmizin regional mərkəz rolu oynadığını qeyd edərək bildirib: “Azərbaycanın həm özü üçün, həm də region üçün vacib sayılan multikulturalizm sahəsində təşəbbüsü öz üzərinə götürüb”. Finlandiya Xarici İşlər Nazirliyinin insan hüquqları siyasəti bölməsinin direktoru Nina Nordström da maraqlı fikir deyir: “Azərbaycan və onun tolerantlıq təcrübəsi barədə çox şey öyrənmişik”.
Hazırda dünyanın sosial siması elə qarışıb  ki, bu labirintdə tolerantlıq cəhalətin, irqçiliyin, ksenofobiyanın əleyhinə çıxış edir, nəticə etibarilə cəmiyyətdə əmin-amanlığa, bəşəriyyətdə isə sülhə təminat verir. Azərbaycanda tolerantlığın tarixi ənənəsi və sosial dayağı formalaşıb. Çünki, ölkəmiz həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı ölkə olub. Burada ayrı-ayrı etiqad və inanclara malik etnik qrupların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanist dəyərlərinin rolu böyükdür.

N.NOVRUZ

Sizin Reklam Yeriniz