Əlaqə Arxiv
news Image
2017.09.21
13:56
| A A A
"Leyli və Məcnun" operası Moskvada ilk dəfə nümayiş olunacaq-Təqdimat-FOTOLAR

İndiyədək neçə ölkə, neçə diyar gəzib dolaşsa da, ilk dəfədir ki, Rusiyaya, opera sevənlərin görüşünə yola düşəcək. Bunu eşidəndə elə özüm də təəccübləndim. Necə ola bilər ki, dünyanın bir çox ölkələrində səhnəyə qoyulan Şərqin ilk operası "Leyli və Məcnun" indiyədək Rusiyada nümayiş etdirilməyib? Axı, Şərqin 110 illik tarixə malik ilk operasının səsini bizə qonşu olan Rusiyadan da uzaq diyarlardan eşitmişik... Elə Azərbaycan Milli Konservatoriyasına toplaşan qonaqların da çoxu bir-birinə bu sualı verərək, “Leyli və Məcnun” operasının Moskvada səhnəyə qoyulmasının tarixi hadisə olduğunu söyləyirdilər. 

Bir azdan isə hər birimiz bu tarixi hadisə ilə bağlı, “Leyli və Məcnun” operasının Moskvada nümayişinə həsr olunmuş mətbuat konfransına şahidlik edəcəkdik. Hələ mətbuat konfransı başlamamış səhnədə Mənsum İbrahimovun, Arzu Əliyevanın, dirijor Yalçın Adıgözəlovun, rejisor Hafiz Quliyevin görünməsi, “Leyli və Məcnun” operasının  Moskvada nümayişinin peşəkarlara həvalə olunduğundan xəbər verirdi. Yanılmamışdıq, “Leyli və Məcnun”un Moskvada səhnələşdirilməsi üçün opera sənətinin qaymaqları seçilmişdi. Başqa cür də ola bilməzdi. Dahi Üzeyir Hacıbəylinin “Leyli Məcnun” operasını səhnələşdirən heyət, Moskvada nə az, nə çox altı minlik seyrici zalı olan  “Crocus City Hall”da çıxış edəcək axı. 
Mətbuat konfransında da məlumat verildi ki, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası oktyabrın 16-da ilk dəfə Rusiyada nümayiş etdiriləcək. Operada Məcnun obrazında xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə beynəlxalq müsabiqələr laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək. Mətbuat konfransına toplaşanları salamlayan konservatoriyanın rektoru, xalq artisti, professor Siyavuş Kərimi bildirdi ki, Şərqin 110 illik tarixə malik ilk operası “Leyli və Məcnun” Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə nümayiş olunacaq. Operanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, simfonik orkestrin dirijoru xalq artisti Yalçın Adıgözəlovdur. S.Kərimi bildirdi ki, “Leyli və Məcnun”la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni dövr açılıb, eyni zamanda, müsəlman Şərqində opera janrının əsası qoyulub: “Opera Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında hazırlanıb.  “Leyli və Məcnun”un Rusiyada nümayişini Azərbaycan mədəniyyətində olduqca mühüm hadisə hesab edirəm. Bu layihə bizə ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliği üçün yeni imkanlar açır. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Bu operanın dünyanın bir sıra ölkələrində səhnəyə qoyulduğunu söyləyən S.Kərimi bildirib ki, əsərin Rusiyada nümayişinə də xüsusi önəm verilir: “Nümayiş zamanı tamaşaçıda “Leyli və Məcnun” operası haqqında təsəvvür yaratmaq və onların bu sənət incisinin mahiyyətini başa düşmələri üçün rus dilində hazırlanacaq mətinlərdən də istifadə ediləcək. Məqsəd tamaşaçıda opera ilə bağlı aydın təsəvvür yaratmaqdır. Biz bütün bunları düşünürük və çalışacağıq ki, dinindən, dilindən, irqindən asılı olmayaraq “Crocus City Hall”a təşrif buyuracaq hər kəs səhnə əsərinə baxarkən zövq alsın, onda Azərbaycan mədəniyyəti, incəsənəti haqqında dolğun təsəvvür formalaşsın. Musiqi tariximizdə belə hadisələr bir neçə dəfə olub. Məsələn, 1938-ci ildə Moskvada Azərbaycan dekadasının keçirilməsini deyə bilərəm. Sevinirəm ki, musiqi tariximiz üçün böyük hadisə olan bu tarixi premyerada Milli Konservatoriyanın da payı, rolu oldu”.
Daha sonra çıxış edən xalq artisti Yalçın Adıgözəlov Üzeyir Hacıbəylinin adı ilə bağlı hər bir layihənin böyük əhəmiyyət daşıdığını söyləyib: “Leyli və Məcnun» harada səslənməsindən, səhnəyə qoyulmasından asılı olmayaraq, dahi bəstəkarımızın bu bənzərsiz irsi xalqımızın tanınmasına xidmət edir. Qeyd edim ki, Moskvada 6 min tamaşaçı tutumu olan bir zalda nümayiş olunacaq bu səhnə əsərində aparıcı qüvvə Azərbaycan sənətçiləri olacaq. Düzdür, bizim üçün bu iş elə də asan olmayacaq. Çünki, biz “Crocus City Hall”a tamaşanın nümayiş olunacağı gün daxil olacağıq. Ona görə də, bizi çox böyük və gərgin iş gözləyir. Gərək elə işləyək ki, hər bir şey Üzeyir bəyin adına layiq olsun. Çalışacağıq ki, rusiyalı tamaşaçılara və Moskvada yaşayan xaricilərə bu operanı yüksək səviyyədə çatdıraq. Bu layihənin uğurlu alınmasından çox şey asılıdır. Ona görə ki, bu, bir başlanğıcdır, uğurlu alınarsa, başqa bu qəbildən olan yeni layihələrin reallaşdırılması da mümkün olacaq”. 
Səhnəmizin Məcnunu adını daşıyan, xalq artisti Mənsum İbrahimov isə həyəcanının olduğunu gizlətmədi. Deyir ki, əgər bir sənətkar səhnəyə çıxdıqda həyəcan keçirtmirsə, bu sənətin bitməsi deməkdir: “Həyəcan həmişə var. Bu sənətə olan sevgidən, məsuliyyətdən irəli gəlir. Səhnədə 140 dəfə Məcnun obrazını canlandırmağıma baxmayaraq, bu dəfə məni  böyük bir sınaq gözləyir. Amma deyərdim ki, hər şey qaydasındadır. Biletlərimizin çoxu artıq satılıb. Tamaşaya çox böyük maraq var. Biz də ciddi hazırlaşırıq”.
M. İbrahimov Rusiyada “Leyli və Məcnun”un nümayişi ilə bağlı ona təklif gəldikdə, böyük böyük həvəslə razılaşdığını söylədi: "Bu, bizim mədəniyyətimizin bir parçası olmaqla yanaşı, həm də iki dahi sənətkarın bənzərsiz sənət incisidir. Biz gərək elə təqdim edək ki, bu, mədəniyyət tariximizdə əbədiyaşarlıq qazana bilsin. Sözün qısası tarixə düşsün. Ona görə də, təbii ki, operanın təqdimatına yüksək səviyyədə hazırlaşırıq. Hazırda ciddi məşqlər aparırıq”.
Xalqın sevimli sənətkarı, xanəndəsi Mənsum İbrahimovun səhnədə tərəf müqabili isə elə öz tələbəsi olacaq. Leyli obrazının ifaçısı, beynəlxalq müsabiqələr laureatı Arzu Əliyeva isə çox böyük məsuliyyətli bir işin onlara həvalə olunduğunu söylədi. Deyir ki, tamaşaçının milliyətinin onun üçün heç bir fərqi yoxdur: “Səhnədə məni kimin izləməsindən asılı olmayaraq, mən sırf Leyli oluram. Öz roluma köklənirəm. Əlbəttə, o tamaşanı Rusiyada böyük sənətkarlar da izləyəcək. Bu, ikiqat məsuliyyətdir. Amma həyəcana qalib gəlmək laızmdır. Çünki, mən səhnəyə çıxanda Leyli oluram. Qarşıma Leyli rolunu tamaşaçıya çatdırmaq məqsədini qoyuram”.
Leyli obrazını canlandıracaq Arzu Əliyeva elə ustadının da ona məsləhətinin sırf bu yöndə olduğunu söyləyir: “Mənsum müəllim də mənə səhnədə həyəcanlanmağı tövsiyə edir. Operanın Moskvadakı təqdimatında iştirak etmək gənc xanəndə kimi mənə olduqca qürurvericidir. Ona görə də, çalışmalıyam ki, ustadımın sözünə əməl edərək səhnədə o ab-havanı yarada, əsl Leyli ola bilim. Bu, mənim ilk rolum deyil. Mən dəfələrlə səhnədə Leyli obrazında tamaşaçı qarşısına çıxmışam. Hər dəfə də çalışıram ki, öz rolumu Leyli kimi sevərək oynayım”.
Tədbirdə Rusiyadakı Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının PR direktoru Aytac Həsənova ilə həmsöhbət olub operanın premyerası üçün görülən işlər barədə məlumat almağa çalışdıq. “Leyli və Məcnun”un Moskvada nümayişini tarixi hadisə kimi qiymətləndiririksə, bu  böyük layihənin “təbliğat maşını”n təkərləri də yüyrək olmalıdır.
Bu fikrimizlə razılaşan Aytac  Həsənova deyir ki, artıq 4 aydır bu işin təbliğinə başlayıblar. A.Həsənova operanın yeni həyat yaşayacağına, Moskvada 6 min insanın Azərbaycan sənətkarlarını ayaq üstə alqışlayacağına inandığını söyləyir. Onun sözlərinə görə, rus mediasının da “Leyli və Məcnun”un Moskvada nümayişinə marağı az deyil.
Bu dəfə “Leyli və Məcnun”un nümayişi ilə bağlı maraq doğuracaq digər məsələ isə, səhnənin tam yeni tərtibatda qurulması, eləcə də operanın iki akt və dörd səhnədən ibarət olmasıdır. Üzeyir bəyin əsərini 10-dan çox ölkədə səhnəyə qoyduğunu söyləyən operanın quruluşçu rejissoru Hafiz Quliyev deyir ki, Moskvada səhnəyə uyğun dəyişikliklər aparılacaq: “İnanıram ki, bu dəfə də opera böyük maraqla qarşılanacaq. Ona görə ki, heyət çox böyük həvəslə çalışır. Biz bütün çətinliklərin öhdəsindən gələcəyik. Hətta operanın təqdimat günü Moskvada səhnə ilə ilk tanışlıq da bizi qorxutmur. Üzeyir bəyin şah əsərini və Şərqin ilk operasını Moskvada milyonlara sevdirməyi bacaracağıq”.
Quruluşçu rejissor dinamikliyin təmin olunması naminə opera üzərində bir çox dəyşikliklərin edildiyini də diqqətə çatdırıb. Daha sonra səhnəyə Məcnun kimi gələn Arif Babayev bu layihənin əhəmiyyətindən danışaraq Moskvaya yola düşəcək heyətə öz xeyir-duasını verdi.
Milli Konservatoriyaya gəlib musiqi dinləməmiş bu gözəl məkanından ayrılan çox az adam olar. Odur ki, biz də mətbuat konfransının sonunda musiqi payımımızı almamış geri dönmədik. Tədbir Mənsum İbrahimovun və Arzu Əliyevanin ifasında "Leyli və Məcnun" operasından kiçik bir parça ilə başa çatdı. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz