news Image
2017.10.10
14:27
| A A A
Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb - FOTO

Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi bu gün II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.

Bakı Dövlət Universitetinin (BDU) ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev Aida İmanquliyevanın Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri olduğunu qeyd edib.

V.Məmmədəliyev deyib ki, Aida İmanquliyeva fundamental tədqiqatları ilə yalnız Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirib və inkişaf etdirib.

Alim əlavə edib ki, Aida İmanquliyeva qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin elmi irs qoyub.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva 10 oktyabrın İnstitutun kollektivi üçün çox önəmli gün olduğunu xatırladıb: "Artıq 26 ildir ki, biz Aida xanımın doğum gününü onsuz qeyd edirik. Aida xanımın vaxtsız həyatdan getməsi bizim hər birimiz, bütün kollektivimiz, eyni zamanda onun həmkarları üçün həqiqətən də çox böyük itki oldu. Aida xanımın həyatdan getməsi ilə bizim institutda yaranmış boşluq hələ də dolmur. Biz hamımız o boşluğu hiss edirik. Hamımızın həyatı - onunla işləyənlər bunu çox gözəl bilirlər - Aida xanımın adı, varlığı ilə sıx bağlı idı. Məsələn, mən o vaxt nə yazırdımsa, düşünürdüm ki, Aida xanım bunu oxuyub, nə deyəcək? Mən onun xeyir-duası ilə elmə qədəm qoydum və elmi işlərimi davam etdirdim. Həmişə danışanda deyirəm ki, mənim Ələsgər müəllim, Ziya Bünyadov, Aida xanım kimi gözəl müəllimlərim olub. Biz həqiqətən də xoşbəxtik ki, o cür insanlarla ünsiyyətdə olmuşuq, onların rəhbərliyi altında çalışmışıq, onlardan çox şey öyrənmişik".

G.Baxşəliyeva bildirib ki, Aida İmanquliyevanın yazdığı əsərlər bu gün şərqşünaslıq elmində xüsusi yer tutub, o əsərlər ərəb ədəbiyyatşünaslığında böyük rol oynayır: "Aida İmanquliyeva çox böyük ruhla məhcər - ərəb ədəbiyyatını araşdırırdı. Bu araşdırmanı aparmaq çətin idi. Onu etmək üçün bir necə dil bilmək lazım idi. Adətən, ərəbşünaslar elə tədqiqat mövzuları götürürlər ki, onlara ərəb dili lazım olur. Amma Aida xanımın tədqiqatlarını aparmaq üçün ərəb dili ilə yanaşı, Qərb dillərini də bilmək lazım idi. Aida xanım bu işlərin öhdəsindən çox uğurla gəldi".

G.Baxşəliyeva qeyd edib ki, Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini beynəlxalq miqyasda çox ləyaqətlə təmsil edirdi: "Mən rusiyalı alimlərin onun haqqında necə yüksək fikirdə olmasının şahidi olmuşam. Çox heyf ki, Aida xanım dünyasını çox tez dəyişdi. O, bununla onu tanıyanların qəlbinə sağalmaz bir yara vurdu. Biz onun yoxluğunun ağrı-acısını bu günə qədər hiss edirik. Həmin dövr onun həyatının, yaradıçılığının çiçəklənən dövrü idi. Çox təəssüf ki, ömür vəfa etmədi, o, dünyasını dəyişdi. Amma təsəllimiz odur ki, onun yaratdığı ərəb ədəbiyyatşünaslığı məktəbi bu gün yaşayır və bu sahədə yeni-yeni əsərlər yaranır".

Alim qeyd edib ki, bu gün Aida İmanquliyevanın yaradıcılığı tədqiqat obyektinə çevrilib. Onun haqqında olan, eyni zamanda, alimin öz əsərləri bu gün bir çox dillərə tərcümə olunaraq işıq üzü görüb.

Bu istiqamətdə aparılan işlərin indi də davam etdiyini deyən G.Baxşəliyeva qeyd edib ki, bu yaxınlarda akademik Səlahəddin Xəlilovun Aida xanımın yaradıçılığı haqqında yeni kitabı çap olunub.

Aida İmanquliyevanı gözəl insan kimi də xarakterizə edən G.Baxşələliyeva onun hamıya örnək ola bilən azərbaycanlı xanım olduğunu da vurğulayıb: "Aida xanım çox zəhmətkeş insan idi. O, həm də örnək ola bilən bir azərbaycanlı xanım idi. O, durmadan çalışırdı. Aida xanımın demək olar ki, bir dəqiqəsi də boş keçmirdi, gecə-gündüz çalışırdı. Bir elmi rəhbər kimi çox tələbkar insan idi. Eyni zamanda, çox xeyirxah insan idi. Aida xanım elm təşkilatçısı kimi institutumuzda böyük işlər gördü. O, bir necə il direktor müavini vəzifəsində çalışdı, daha sonra direktor oldu".

Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutunda uzun müddət rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsinin hazırki müdiri professor Vilayət Cəfərov bu gözəl alimlə bərabər işlədiyini söyləyib.

O qeyd edib ki, Ərəb filologiyası şöbəsi Aida xanımın rəhbərliyi altında 1978-ci ildə fəaliyyətə başlayıb. Bu şöbə onun rəhbərliyi ilə çox böyük uğurlar qazanıb: " Aida İmanquliyeva Qərb və Şərqin mənəvi dəyərlərini özündə birləşdirib. O, müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açıb. Aida xanımın vaxtsız vəfatı həm rus, həm də Azərbaycan şərqşünasları üçün ağır bir itki idi".

V.Cəfərov qeyd edib ki, Azərbaycan şərqşünaslığında yeni dövrün ərəb ədəbiyyatı araşdırıcısı və ərəb dili üzrə ilk elmlər doktoru olan Аida хаnım İmanquliyeva müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açaraq məktəbin əsasını qoydu. Onun fundamental tədqiqatları Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirib.

Aida İmanquliyevanın elmi fəaliyyətlə məşğul olmaqla yanaşı, şərqşünaslıq sahəsi üzrə kadrların hazırlanmasında iştirak etdiyini, aspirantlar yetişdirdiyini qeyd edən V.Cəfərov bildirib ki, ərəb filologiyası şöbəsi Aida xanımın xatirəsini yad etmək üçün son illərdə də bir çox əsərlər çap etdirib. Həmin əsərlərdən bəziləri sırf şərqşünas alimin parlaq xatirəsinə həsr edilib: "İlk qadın şərqşünasın tədqiqat işləri və tərcümələri Azərbaycan ədəbiyyatının sərvətidir. AMEA Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi illərdə o, elmin bu sahəsinin inkişaf etdirilməsi üçün çox böyük işlər görüb. O zaman biz türk filologiyasının tərkibində qrup kimi fəaliyyət göstərirdik. Aida xanımın hesabına İnstitutda ərəb filologiyası şöbəsi yaradıldı. Aida xanım çox vaxtsız dünyadan köçdü. Amma onun təsis və rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsinin, o cümlədən Şərqşünaslıq İnstitutunun əməkdaşları bu müddət ərzində onu heç zaman unutmayıb və xatirəsini həmişə yad ediblər".

V.Cəfərov əlavə edib ki, dünyanın bir sıra ölkələrində, o cümlədən ərəb aləmində yaxşı tanınan, əsərlərinə tez-tez istinad edilən Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs