Əlaqə Arxiv
news Image
2017.11.27
11:11
| A A A
Mərkəzi Elmi Kitabxana öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası(MEK) öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib.Tədbirdə Azərbaycanda təmsil olunan türk ölkələrinin səfirlikləri, türk dünyasının iş qurumları,AMEA institutları, ali məktəblər və media qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK fondlarının türkdilli mənbələrlə zənginləşdirilməsi istiqamətində görülən işlərdən, 2016-cı ilin yanvar ayından ənənə formasını alan təqdimatların məqsədlərindən, MEK-in Azərbaycan kitabxanaları arasında ən qədim və unikal mənbələrlə, sayı 16 minə yaxınlaşan Nadir kitab fondu, ən böyük türkdilli mənbələr fondu, Qərbi Avropa, Şərq, Rus və ixtisas fondları ilə fərqləndiyindən danışıb. L.İmanova ortaq türk dəyərlərinin, elmi və mədəni irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsində kitabxanaların potensialını vurğulayaraq, MEK-in Türkdilli Ölkələrin Akademik Kitabxanaları Assosiyasının yaradılması təşəbbüsündən, türk dövlətlərinin akademik kitabxanalarında mühafizə olunan sənədlərin vahid elektron kataloqda birləşdirilməsinin vacibliyini və bu məqsədlə MEK-də mühafizə olunan sənədlərin beynəlxalq mübadilə formatında hazırlanmış elektron katoloqa daxil edildiyini də bildirib.

Türkdilli mənbələr barədə elektron və əyani təqdimatı MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Fondların formalaşdırması bölməsinin əməkdaşları – Sevil Əliyeva, Qöncə Cəlilova, Aysel İbrahimli, Xədicə Ağayeva təqdim ediblər. Qeyd olunub ki, Mərkəzi Elmi Kitabxanada ümumilikdə 1500000 min sənəd mühafizə edilərək oxucuların istifadəsinə verilib. Kitabxanın ayrı-ayrı fondlarında mühafizə olunan türkdilli mənbələrin ümumi sayı isə 2387 nüsxədir. Belə ki, Nadir kitab fondunda 100-ə yaxın, Rus ədəbiyyatı  fondunda 433, Azərbaycan ədəbiyyatı fondunda 237, Qərbi Avropa ədəbiyyatı fondunda 1400, Avtoreferatlar fondunda 95, Dissertasiyalar fondunda  20, Dövri mətbuat fondunda isə 102 nüsxə  sənəd saxlanılır. Əsas sənədlər isə MEK-in Şərq ədəbiyyatı fondunda mühafizə olunaraq oxucuların istifadəsinə verilib. Şərq ədəbiyyatı fondunda ümumilikdə 74084 (40046  kitab, 35038  jurnal və qəzet)  nüsxə sənəd mövcuddur ki, bunlardan da 16534 ədədi (10144 kitab, 6390 jurnal) türk dilindədir. Ümumi sayı 100000-dən artıq olan türkdilli mənbələr kitabxana əməkdaşları tərəfindən ənənəvi və elektron kataloqa daxil edilib, bir hissəsi rəqəmsallaşdırılıb, Azərbaycana aid sənədlər isə MEK-in strateji hədəfi və yeni təşəbbüsü olan MRY bazasına salınıb.

Mənbələrin təqdim edilməsinin ardınca Azərbaycanın əməkdar artisti Gülnaz İsmayılovanın ifasında bəstəkar Vasif Adıgözəlovun “Çanaqqala” oratoriyasından “Ananın ariyası” səslənib və Əməkdar incəsənət xadimi rejissor Ziya Şıxlinskinin “Yazılsın tarixə bir qızıl xətlə” sənədli filmi nümayiş olunub.

Qonaqlardan Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Abdul Gafur Büyükfırat Azərbaycanda kitaba, mütaliə mədəniyyətinə böyük dəyər verildiyini, elmə marağın  şahidi olduğunu vurğulayıb. A.Böyükfırat türk dünyasına aid məlumatların təbliğində fəallıq nümayiş etdirən Mərkəzi Elmi Kitabxana kollektivinin təşəbbüsünü alqışlayıb.

Çıxış edənlərdən Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil və Mədəniyyət Müşaviri Ahmet Simitçioğlu, ADMİU-nun professoru Mübariz Süleymanlı, BDU-nun professoru Sevda Süleymanova, Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Litseyinin direktoru Hüseyin Demirel, Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü Azər Həsrət, Beynəlxalq Hüquq Araşdırmaları Mərkəzinin sədri Pərviz Əsədi və digərləri  kitabxana fondlarında saxlanılan belə unikal mənbələrin dəyərindən, ortaq türk tarixinin  yazılmasında və canlanmasında bu mənbələrin təbliğinin və əlçatan olmasının vacibliyindən söhbət açıblar.

Tədbirin sonunda qonaqlar MEK-in Akademiklərin zalında mühafizə olunan Diplomatik fonda baxış keçirib və fondun zənginləşdirilməsi imkanlarını müzakirə ediblər.

Sizin Reklam Yeriniz