Əlaqə Arxiv
news Image
2018.02.28
09:00
| A A A
Milli dəyərlərimiz kimlərin hədəfindədir?
Milliliyin kosmopolitizmə qurban edilməsi mədəni irsin məhvi deməkdir

“Bu gün milli dəyərlərimizə sel kimi basqı var”. Bu sözləri AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib.  Alim bildirib: “Cümhuriyyət dövründə ölkənin böyük ziyalıları - Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim və Üzeyir bəy Hacıbəyli “Azərbaycan” qəzetinin baş redaktorları olublar: "Azərbaycan" qəzeti 1918-20-ci illər ərzindəki saylarında Azərbaycanın dövlət, ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirib. Qəzetdə erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, vəhşiliklər, Ermənistan Respublikası ərazisində yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlumatlar dərc edilmişdi”.

Bəli, milli-mədəni irsin qorunması və inkişafı cəmiyyətin ziyalı təbəqəsinin fəaliyyətindən asılıdır və onun inkişaf istiqaməti də həmin təbəqənin yaradıcılığı ilə müəyyən olunur. Hər bir dövrün inkişafı ilə bağlı cəmiyyətə texniki təsir formaları olub və bu vasitələr insan təfəkkürünün formalaşmasına güclü inikas edib. Əgər Üzeyir bəyin dövründə çap məhsulları dominantlıq edirdisə, hazırda internet resursları bu rolu uğurla yerinə yetirir və onun miqyası hədsizdir. Amma hər bir dövrün müsbəti ilə mənfisi də olub. Müasir kommunikasiya vasitələri indiyədək toplanmış milli irsin məhvinə səbəb olan xarici təsirləri artırıb. 
Qloballaşma dövründə müxtəlifliyin, yəni ayrı-ayrı mədəniyyətlərin qovuşması prosesi qaçılmazdır. Ancaq bu prosesdə iki təmayül var. Birincisi, təbii qovuşmadır ki, bu evolyusion yolla tədricən baş verir və məqsədli təsirlərdən uzaq olur. İkincisi isə siyasiləşdirilmiş qovuşmadır ki, bu istiqamətdə məqsədli şəkildə təbliğat aparılaraq bir milli irsin digərini üstələməsi baş verir. Məhz, bu yol zərərlidir və bəşəriyyətin sərvəti olan bir sıra milli irslərin məhvinə aparıb çıxarır. Təbii ki, ikinci yol vəsait tələb edir ki, buna da varlı ölkələrin imkanı çatır. Amma hər bir halda düzgün yol deyil, çünki mədəniyyətin anneksiyası baş verir.
Bu gün biz musiqimizin, ədəbiyyatımızın, jurnalistikamızın, mədəniyyətin tərkib hissəsi olan davranış qaydalarımızın inkişafını təhlil etsək, cəmiyyətimizə yönəlmiş mənəvi basqıları və bu yolda aparılan mübarizənin, habelə qazanılan uğurların mənzərəsini təsvir edə bilərik. Məsələn, musiqimizin inkişaf yoluna qısa və konkret nəzər salaq. XX əsrin əvvəlində dahi Üzeyir bəyin istedadı sayəsində müğamımız, folklorumuz nota salındı, milli musiqimizin nəzəri əsasları yaradıldı. Əgər həmin vaxta kimi muğamlarımız daha çox dindən qaynaqlanan mərsiyələr avazı üstündə oxunurdusa, Hacıbəyli məktəbinin yaratdığı musiqiçilər nəsli daha çox milli avaza istinad etdi və bu təmayül musiqimizdə milli çalarları gücləndirdi. İndiki dövr sürət və dinamika əsridir. İndi muğamlarımız, xalq və bəstəkar mahnılarımız daha canlı və dinamik avaza, ritmə malikdir. Diqqət etsək görərik ki, tarzən Ramiz Quliyevin muğam ifası daha sürətlidir, xanəndə Alim Qasımovun zamanın tələbinə cavab verən özünəməxsus muğam ifası var, Mənsum İbrahimov və ardıcılları dinləyicinin sürətli düşüncəsini təmin edən daha dinamik avazla oxuyurlar. Məhz bu cür zamanla ayaqlaşan inkişaf yolu imkan verib ki, musiqi mədəniyyətimiz beynəlxalq aləmə ayaq açsın və dünya xalqları tərəfindən qəbul edilib mənimsənilsin. Təbii ki, dövlətin qayğısı və hamiliyi belə uğurun açarı rolunu oynayır. Xüsusilə, Birinci vitse-prezident Mehriban Əliyeva səviyyəsində milli-mədəni irsə hərarətli münasibətin olması musiqiçiərimizin və sənətsevərlərin yaradıcılığını və məsuliyyətini artırmaqla əlavə stimullar yaradıb.
Lakin bu və digər sahədə qazanılan uğurları kölgədə qoymaq üçün daim xaricdən gözügötürməyən qüvvələr tərəfindən Azərbaycana milliliyə, ümumiyyətlə incəsənətə aidiyyəti  olmayan və cımiyyətin mənəvi zövqünü korlayan nümunələr ixrac olunur. Təbii ki, daim yenilik arzusunda olan gənc nəsil arasında bu cərəyanların təsirinə düşənlər tapılır və millilik adı altında etbəcərlik yaranmağa başlayır. Əsl həqiqətlər təhrif olunur, Azərbaycan xalqı adına mədəni irsə yaraşmayan, sığmayan nümunələr yaradılır. 
Mətbuatda tez-tez ermənilər tərəfindən Azərbaycana aid mədəni irsin oğurlanaraq öz adlarına çıxılması barədə informasiyalar yayılır. Lakin bu müvəqqəti sürən haldır. Çünki, hər bir xalqın yaratdıqları onun özünə məxsusdur və kənardan edilən müdaxilələr axıradək bu yolu getməyə qabil deyil. Milli irsi yalnız həmin irsi yaradan millətin nümayəndələri yarada və yaşada bilərlər. İndi ermənilər siyasi məqsədlə Azərbaycan xalqının sərvətini öz adlarına çıxıb guya bizim bu yerlərə gəlmə olduğumuz təsəvvürlərini yaratmağa çalışırlar. Amma axı tarix elmi də milli irsin bir qoludur və bu gün azərbaycanlı tarixçilər bizim kökümüzün bu torpağa bağlı olduğunu elmi tapıntılar, araşdırmalarla sübut ediblər. Bu mənada Azərbaycanı bu torpaqdan, milli irsi Azərbaycandan ayırmaq mümkün deyil. 
N.NOVRUZ     
    

 

Sizin Reklam Yeriniz