Əlaqə Arxiv
news Image
2013.04.01
11:49
| A A A
Qubada 31 Mart soyqırımı qurbanları anılıb

Martın 31-də Quba rayon Alekseyevka kənd kitabxanasında soyqırım qurbanlarının anım tədbiri keçirilib. Soyqırım qurbanlarının və ümumilikdə Vətən uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sukutla yad edilib, "Erməni terroru" adlı videoçarx nümayiş olunub.

Sonra "Azad Könüllülər Klubu" İB-nin sədri Mehman Məmmədov çıxış edərək erməni terroru və onun günahsız qurbanlarından danışıb və qeyd edib ki, XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı, Şamaxı Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. O qeyd edib ki, 1918-ci ilin ilk 5 ayı ərzində təkcə Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmiş, 122 kənd və 26 məscid yandırılmışdır. 

Alekseyevka kənd kitabxanasının müdiri Sevda Hüseynova soyqırım zamanı ermənilərin dinc sakinlərə verdiyi amansız işgəncələrdən danışıb, bildirib ki, hazırda torpaqlarımızı işğal altında saxlayan mənfur qonşularımız tezliklə məğlub olaraq geri çəkiləcəklər. Bu sülh yolu ilə mümkün olmasa hərb gücünə buna nail olacağıq. Çünki günü-gündən qüvvətlənən ordumuz belə deməyə əsas verir. 

Rayon Gənclər və idman idarəsinin məsul işçisi Aycamal Yaqubova və kitabxanaçı Afət Əlimərdanova son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, məşəqqətlərə məruz qalmasından danışıblar. 

Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər. Sonda iştirakçılar kitabxanada 31 Mart soyqırım güşəsinə baxıblar.

Qeyd edək ki, tədbir "Azad Könüllülər Klubu" İB-nin və Quba rayon MKS-nin Alekseyevka kənd kitabxana filialının birgə təşkilatçılığı ilə keçirilib.


Sizin Reklam Yeriniz