Əlaqə Arxiv
news Image
2013.04.05
16:56
| A A A
Teatr qastrolları ilə bağlı ziddiyyətli fikirlər meydana çıxdı
Əliqismət Lalayev: « Rayonlardakı qastrollar çox böyük maliyyə vəsaiti tələb edir» Naibə Allahverdiyeva: «Biz aktyorlar elə qastrol arzusundayıq»

Rəhim Rəhimov: "Kukla Teatrı il ərzində 4-5 dəfə qastrollara gedir"


Bu gün nostalgiya hissi ilə xatırlanan məqamlardan biri də teatr qastrolları ilə bağlıdır. Hazırda belə qastrolların sayı sovetlər dönəmi ilə müqayisədə çox azdır və bu amil də tamaşaçıların teatrlardan uzaq düşməsində az rol oynamır. Məsələyə münasibət bildirən Azərbaycan Musiqili Komediya Teatrının rəhbəri Əliqismət Lalayev Mövqe.az-a açıqlamasında qeyd edir: "Qastrolların təşkili indi teatrlar tərəfindən həyata keçirilir. Amma əvvəllər, yəni sovetlər dövründə bu işi sistemləşdirilmiş şəkildə ayrıca qruplar həyata keçirirdi. Mədəniyyər Nazirliyinin teatr şöbəsində qastrol təşkili ilə bağlı olan bölmə ölkə daxilindəki qastrolları təşkil edirdi. Yəni, iki teatr eyni zamanda bir rayona gedə bilmirdi. Qastrollar elə təşkil olunurdu ki, hər rayonda yalnız bir teatr öz yaradıcılığını sərgiləyə bilirdi. Əsasən qastrollar yay mövsümündə təşkil edilirdi. Bu gün isə qastrolların təşkili teart rəhbərliyi və teatrın öz daxili imkanları hesabına həyata keçirilir".

"Nəyə görə bugün rayonlara qastrollar baş tutmur" sualına teatrın rəhbəri belə cavab verdi: "Ona görə ki, rayonlardakı qastrollar çox böyük maliyyə vəsaiti tələb edir. Bizim teatr yaxın rayonlara gedir və tamaşalarla çıxış edir. Amma gedib 3-4 gün qalmaq maliyyə cəhətdən imkansız olur. Azərbaycan Musiqili Komediya Teatrının truppasının qastrola getməsi üçün ən azı 60-70 nəfərin xərcləri qarşılanmalıdır. Onların gedib orada otellərdə qalması, gündəlik xərcləri çox baha başa gəlir. Tamaşanın özü isə o qədər gəlir qazandırmır. Əgər 300 yerlik tamaşa salonu varsa, biletlərin də qiyməti 10 manat olursa, bu xərcləri ödəmir. Bu səbəblərdən təbii ki, qastrolların keçirilməsi teatr rəhbərliyi üçün çətinlik yaradır. Amma müəyyən rayonlar var ki, onlar bizi öz hesabına dəvət edirlər. Bunlara misal olaraq Salyan, Xaçmaz, Gəncə, İsmayıllı rayonlarını qeyd edə bilərəm və onlara öz təşəkkürümü bildirirəm. Qastrol tamaşaları mütləq lazımdır. Çünki bu tamaşalar əhalini teatr və aktyorlarımızın yaradıcılığı ilə yaxından tanış edir".

"İl ərzində sizin teatr neçə qastrol təşkil edə bilir" sualına Ə. Lalayev belə cavab verdi:

"O baxır teatrın imkanlarına, konkret rəqəmlər yoxdur. Onu qeyd edə bilərəm ki, keçən il biz İsmayıllıda, Xaçmazda qastrol təşkil etmişik. Həmin qastrolllarımız da çox uğurla keçibdir".

Əməkdar artist Naibə Allahverdiyeva isə bildirir ki, qastrollar əvvəlki kimi təşkil olunmur: "Heç nə əvvəlki kimi deyil. Ona görə teatrın dadı-ləzzəti itib. Mən özüm Mədəniyyət Nazirliyinin köməkliyi ilə qastrollara ayrı-ayrı müğənnilərlə, aktyorlarla gedirəm. Amma teatrla yox. Teatrla qastrol səfərinə sonuncu dəfə 3 il bundan öncə getmişik. Biz aktyorlar elə qastrol arzusundayıq. Aktyorlar arasında söhbət edəndə qastrola getməyimizi xoş xatirələr kimi xatırlayıb deyirik ki, əvvəllər qastrollar olardı, gedərdik. Bu bizim adımızla bağlıdır. Heç indi də gedəndə deyim sizə ki, əvvəlki dadı-ləzzəti ala bilmirik".

Kukla teatrının aktyoru Rəhim Rəhimov isə bu gün də qastrol səfərlərinin çox uğurla təşkil olunduğunu qeyd edir: " Sonuncu dəfə keçən il oktyabr ayında getdik, bu ayın 22-də isə Ankaraya Eski şəhərinə qastrola gedəcəyik. Mən sonuncu dəfə tetrla birlikdə qastrolda Həştərxanda olmuşam. Maliyyə xərclərimizi nazirlik ödəyir. Mən deməzdim ki, bu gün qastrollar az təşkil olunur. Əksinə, tez-tez qastrollara gedən teatrlar çoxdur. Səhv etmirəmsə, Şri-Lankada festivala Gənc Tamaşaçılar Teatrından Şövqü Hüseynov, Mübariz Həmidov gediblər. Dəvətnamə gəlib. Bizimkilər Kazana gedəcəklər. Kifayət qədər festivallara dəvətnamələr gəlir. Sadəcə nazirlik özü paylaşdırılır"

Gənc aktyor indiki qastrolları bəyənməyən həmkarlarına da cavab verib: "Deyirlər, indi qastrollar əvvəlki effekti vermir vermir. Guya əvvəlki effekt nə idi ki, indi o effekt alınmasın. Festivallar həmişə qardaşlıq, dostluq zəminində keçirilib, müəyyən yerlər olub. Bir də görürsən yerlər olmur, sadəcə festival keçirilir. Bizim teatr keçən il "Xeyr və Şər" tamaşası ilə Mərakeşə getmişdi. 10 ölkə iştirak edirdi. Bizim tamaşa ən yaxşı tamaşa hesab olundu və pul mükafatı verildi".

Onun sözlərinə görə, Kukla Teatrı il ərzində 4-5 dəfə qastrollara gedir: "Əslində dəvətlər 9-10 ölkəyə olur. Sadəcə vaxt olmur. 2012 ci ildə biz 9 tamaşa təhvil vermişik və 3 ölkədə də qastrolda olmuşuq".


Sizin Reklam Yeriniz